23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

20.10.2018

Məhərrəm ayı daxil olan kimi bir qrup dar düşüncəli və islami dəyərlərin günü-gündən inkişaf etməsinin və çiçəklənməsinin əleyhinə olan qüvvələr narahat olmağa başlayırlar.

Səbəbi isə çox bəsitdir. Məhz bu ayda İslam tarixində ən böyük faciə olan Kərbəla müsibəti törədilib. Məhz bu ayda Peyğəmbər nəvəsi, Əli (ə) övladı, müsəlmanların 3-cü İmamı Hüseyn (ə) İslam dini uğrunda şəhid olub. Üzərindən 14 əsr keçməsinə baxmayaraq dünya müsəlmanları bu hadisəni hər il dərin hüzn və kədər hissi ilə xatırlayır. Milyonlarla İmam Hüseyn (ə) aşiqi məscidlərə axışaraq əzadarlıq edir, imam üçün göz yaşı tökür. Elə bu səbəbdən də Yezid xislətinə, vəhabi zehniyyətinə bulaşmış qüvvələr izdiham və coşqu ilə keçirilən Aşura mərasimlərini gözdən salmağa çalışır. Əslində isə onlar sadəcə milyonlarla insanın qəlbində yaşayan İmam Hüseyn (ə) sevgisini həzm edə bilmirlər. Bunun üçün də əllərinə azacıq fürsət düşən kimi İslam dinini gözdən salmağa cəhd edirlər.

Məsələn Binədə gəlmə əhalinin yeni saldığı və Atçılıq adlanan bir qəsəbədə yerləşən İmam Sadiq (ə) məscidində bir qrup insan Aşura günü başlarını qəmə ilə yarıblar. Hansı dinə və əqidəyə xidmət etdikləri məlum olmayan "Meydan TV" kimi media resursları da məhz bu görüntüləri Məhərrəmlik və Aşura ayini kimi böyük bir kütləyə sırımağa çalışıblar. Bununla da İslamı gözdən salmağa cəhd ediblər. Amma bu cür cılız və çirkin yollarla Allahın dinini və Aşura mərasimlərini gözdən salmağa çalışanlar unudurlar ki, İslam alimləri və ilahiyyatçıları zaman-zaman öz çıxışlarında qəmə vurmağın haram olduğunu dilə gətiriblər. Ruhani alimlərin bu mövzuda sərgilədikləri mövqe indi də eynidir.

Sözügedən mövzu ilə bağlı “İslaminSesi”nə açıqlama verən ruhanilər və ictimaiyyət nümayəndələri diqqət çəkən məqamlara toxunublar.

Qədir Məmmədov: “Bu növ əzadarlıq bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir”

İlahiyyatçı Qədir Məmmədov açıqlaması zamanı vurğulayıb ki, bu növ əzadarlığın dinimizin mətn və ədəbiyyatında heç bir yeri yoxdur. İslam düşmənlərinin dini və müsəlmanları bir köşəyə sıxışdırığı və İslamı xurafat və məntiqdən uzaq bir din olaraq dünyaya göstərməyə çalışdığı bir dönəmdə İslamın əsaslarını süst göstərən bu tip əzadarlıqlardan uzaq olmalı və Aşura hədəflərini dünyaya çatdıran daha uyğun əzadarlıq yollarından istifadə edilməlidir:

“Çünki bu növ əzadarlıq bilərəkdən və ya bilməyərəkdən düşmən dəyirmanına su tökməkdir. Məhz elə bu səbəbdən bu il yaşanan Aşura izdihamı düşmənləri hərəkət keçirmiş və Əhli-beytə olan bu sevgi nümayişinə kölgə salmaq üçün canfəşanlığa başlamışlar”.

İlahiyyatçı onu da qeyd edib ki, islam alimlərinin nəzərinə görə, qəmə vurmaq ürfdə hüzn və qəm göstəricisi hesab olunmadığı kimi, məsum imamların dövründə və ondan sonrakı dönəmlərdə də olmamışdır:

“Məsumlardan ümumi və ya xüsusi şəkildə heç bir təyidi yoxdur. İndiki dövrdə dinin bədnam olmasına səbəb olduğu üçün heç bir halda caiz deyildir”.

Adil Əhməd: “Qəmə vurmaq birmənalı olaraq islam alimləri tərəfindən qəbul edilmir. Ümumiyyətlə dinin, məzhəbin adına ləkə gətirəcək hər bir işdən çəkinmək lazımdır. Başı yarmaq dini, əqli, tibbi, gigiyenik, ictimai qınaq və s. baxımdan qəbuledilməzdir”.

İlahiyyatçı Adil Əhməd məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, şəhidlərin sərvəri İmam Hüseynə (ə) əza saxlamaq Allaha yaxınlıq vasitəsi, insanlığa olan fitri sevginin təzahürüdür. Aşura günü özünün zirvə nöqtəsinə yetişən bu əzadarlıq həzrət Məhəmmədin(s) dininin davamedicilik faktorudur: “Dinin özünü qoruma mexanizmini öz təlimatında yerləşdiyini desək, Aşuranı dinin həmişəyaşarlığına xidmət edən başlıca səbəb olaraq qeyd etməliyik“.

Dünyanın hər yerində olduğu kimi, doğma vətənimizdə də bu il Aşura mərasiminin özünəməxsus hərarətlə, izdihamlı şəkildə keçirildiyini vurğulayan ilahiyyatçı belə deyib: “Bunu uca Allahın xalqımıza bir lütfü, mərhəməti kimi qiymətləndirir, səmimi qəlblə şükr edirəm. İl boyu kütləvi şəkildə islamofobiya yönümlü aparılan təbliğatlara rəğmən, Aşura günü məscidlərə, küçələrə axışaraq əzadarlıq edilməsi olduqca mənalıdır. Təbii ki, xalqın bu mesajını, dost və düşmən yaxşı mənimsədi”.

“Yəni xalq öz seçimini etdi: İmam Hüseyn (ə)! Aşurada iştirak edən gənclər, il ərzində KİV ilə anti-islam təbliğatı ilə bombardman edilmiş, seksual məzmunlu proqramların yağış tək yağmasına tuş gəlmiş, lakin sonda İmam Hüseyn cazibəsinə düşərək, Aşuranı seçmiş gənclər idi. Bu isə İmam Hüseynin qələbəsinin, qəlbləri fəth etməsinin aydın təzahürüdür”.

Qəmə vurmaqla bağlı məsələyə də münasibət bildirən müsahib qeyd edib ki, İslamda hər bir şeyin həddi-hüdudu vardır və əzadarlıq mərasimi də bu qaydadan xaric deyil:

“Əsrlər boyu sağlam bir şəkildə, xalqın mədəniyyətinə uyğun bir tərzdə keçirilən əza məclislərini başı yarmaq kimi bəyənilməyən radikal əməllərlə qatdıqda, nəinki lazımı nəticə verməyəcək, əslində bunun böyük zərərləri də olacaq. Qəmə vurmaq birmənalı olaraq islam alimləri tərəfindən qəbul edilmir. Ümumiyyətlə dinin, məzhəbin adına ləkə gətirəcək hər bir işdən çəkinmək lazımdır. Başı yarmaq dini, əqli, tibbi, gigiyenik, ictimai qınaq və s. baxımdan qəbuledilməzdir.

Məncə, bu məsələ gün qədər aydındır. Belə olan halda, xaricdə bir qrup radikal, şübhəli cərəyanın başı yarmaq kimi anormal əməllərini Azərbaycana transfer etməyi necə başa düşmək olar?! Yaxud Azərbaycanda yekdilliklə din xadimlərinin, əhli-beytsevərlərin qəmə ilə müxalif olduğu halda, hansısa bir məsciddə bir neçə nəfərin qəmə vurmasını, niyə bütövlükdə dindarların adına çıxaraq, bunu mediyada geniş həcmdə gündəmə gətirirlər?! Məgər insaf hər bir mətbuat adamının ilkin vəzifəsi deyilmi?!

Bütün bu suallar əslində məsələnin məqsədyönlü, təxribat xarakterli olmasını, pərdə arxasında gizli əllərin olmasını gün kimi ortalığa qoyur”.

Vüsal Hətəmov: “Belə hallar, çar dövründə bəzi bölgələrimizdə olub, amma ki, onun özü də dində təhrifə yol açmaq üçün işlənmiş proqramlardan idi. . Və təhriflərin aqibəti bu oldu ki, Axundovlar yetişdi, ateist sovet ideologiyası bir çox insanlarımıza hakim kəsildi”.

Başın cismlə deyil, elmlə yarılmalı, sındırılmalı olduğunu söyləyən şərqşünas-yazar Vüsal Hətəmov bildirib ki, İslam dinində qəsdən özünə xətər yetirmək yolverilməzdir:

“Son məlum hadisədə baş yaran insanlar ya bunu İslam dininin adına ləkə gətirmək üçün, ya da ki, nadanlıqdan ediblər. Hər iki halda hüquqi məsuliyyət daşıyır. Belə hallar, çar dövründə bəzi bölgələrimizdə olub, amma ki, onun özü də dində təhrifə yol açmaq üçün işlənmiş proqramlardan idi. Və təhriflərin aqibəti bu oldu ki, Axundovlar yetişdi, ateist sovet ideologiyası bir çox insanlarımıza hakim kəsildi. Hesab edirəm ki, dindarlar, məscidlərin icmaları belə halların baş verməməsi üçün uyğun tədbirlər görməlidirlər. Əgər məsciddə oturan şəxs bir qrup şəxsin başını yarmasından xəbərsizdirsə, onun özü də məsuliyyət daşımalıdır. Bir nəfər, iki nəfər belə qeyri-qanuni iş görə bilər, daha qrup halında bu iş görülərsə, deməli, burada nəsə məkrli niyyət var. Hesab edirəm ki, bu məsələ şiddətlə qınanmalı, Allahın dini, millətimizin sağlam adət-ənənəsi tam saflığı ilə qorunmalıdır”.

Kənan Rövşənoğlu: “Bizim üçün kədərin, yasın saxlanması şəkli var. Digər tərəfdən, hansısa sektaların etdiyi kimi, kədərdən özünə zərbə vurmaq, işgəncə vermək İslam məntiqi ilə də uyğun gəlmir”.

"Yeni Müsavat" qəzetinin dini mövzular üzrə yazarı Kənan Rövşənoğlu isə açıqlaması zamanı bildirib ki, qəmə vurulan məsciddəki mənzərə çox acınacaqlı və həm də təəccüblü idi. Çünki, adətən, biz nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanın digər bölgələrində də bu hallarla rastlaşmırdıq:

“Bu il bu mənada pis sürpriz oldu. Azərbaycanda qədimdə bu cür hallar olub, hətta ötən əsrin əvvəllərində bununla bağlı foto və videoçəkilişlər də olub. Amma artıq uzun illərdir bu hallara Aşurada rast gəlinmir“.

Aşura günü başyarmanın dini baxımdan heç bir əsasının olmadığını söyləyən Kənan Rövşənoğlu bildirib ki, heç bir dini mənbədə əza saxlamaq qəsdilə başın yarılması haqda hədis və ya rəvayət yoxdur:

“Ortada heç bir nəqli və əqli dəlil yoxdur. Sadəcə bəzi mənbələrdə belə bir qeyd var ki, guya Həzrət Zeynəb (ə) Aşura günü xeymədən həzrət Hüseynin (ə) başının kəsilməsi səhnəsini görəndə dözmür, qüssədən başını çadırın dirəyin vurur və bu zaman alnı yarlanır. Bəzi mənbələrdə bu hadisənin kəcavədə olarkən həzrət Hüseynin (ə) kəsilmiş başını gördüyü zaman etdiyi qeyd olunur. Amma bu rəvayət ciddi tarixi mənbələrdə təsdiqlənmir, digər tərəfdən, hətta bu hadisənin özü (olmuş olsa belə - K.R) sünnə sayıla bilməz, hökm üçün əsas vermir. Bu Xanım Zeynəbin (ə) bir an üçün kədərdən etdiyi əməldir. Sonrakı imamlar bu barədə hər hansı ənənə yaşatmayıblar“.

Kənan Rövşənoğlunun sözlərinə görə, bu əməlin – hətta tarixdə kimlər tərəfindən edilsə belə - heç bir mənəvi, məntiqi əsası yoxdur. İnsanları bir araya gətirən Aşura günü Kərbəlada baş verənlər və onun doğurduğu qəmdir: “Bu məclislərin adı da əza məclisi adlanır. Burada milyonlarla insan toplanır və insanların İmam Hüseyni (ə) və əshabını yad etməsini başını yarması ilə yad etməsi məntiqli deyil. Bizim üçün kədərin, yasın saxlanması şəkli var. Digər tərəfdən, hansısa sektaların etdiyi kimi, kədərdən özünə zərbə vurmaq, işgəncə vermək İslam məntiqi ilə də uyğun gəlmir. Sinə vurmaq və ya zəncirdən istifadə ediməsi müəyyən mənada rituala çevrilmiş yas ənənəsidir. Hazırda şükr Allaha ki, Azərbaycan müsəlmanarı əza məclislərini həzrət Hüseyn (ə) və Peyğəmbərə (s) layiq şəkildə qeyd edir. Bu cür xırda elementlər və hansısa kənd adətləri zamanla tamamilə aradan qalxacaq. Hansısa dindarın başını yarması inandırıcı deyil, bu şəxslər daha çox təsirə düşmüş, dinin mahiyyətinə varmamış, daha çox ənənəni yaşadan, “bizdən əvvəlkilər edib, biz də edək” prinsipi ilə edirlər. Bu isə əsası olmayan işdir“.

Islaminsesi.org