21 Noyabr 2024 - 21
"Ərbəin" (qırx) və ya çillə xüsusilə şiələr və ümumilikdə müsəlmanlar üçün əlli və altmış kimi digər rəqəmlərdə olmayan dini və mənəvi məna yükü ilə dolu olan bir ədəddir. Bütün İslam dünyasında dünyasını dəyişənlər üçün vəfatlarının üçüncü, yeddinci, qırxıncı günü və birinci ili xüsusi dini mərasimlər keçirilir. Sufilikdə Peyğəmbərdən (s) nəql olunan bir hədisə görə çillə saxlamaq geniş yayılmışdır və hələ də həqiqət axtarışında olanlar ona əməl edirlər. Hədisdə deyilir: "Kim qırx günü xəlvətdə Allahı zikr etməklə keçirərsə, hikmət və mərifət onun qəlbindən dilinə süzülər". Şiə dini təqvimində İmam Hüseynin (ə) şəhid olmasının qırxıncı günü və ya "Hüseynin (ə) ərbəini" xüsusi yer tutur. Belə ki, dilimizdə "Ərbəin" dedikdə İmam Hüseynin (ə) qırx mərasimi yada düşür.
İmam Hüseynin (ə) qırx mərasimi şiələrin yaşadığı bölgələrdə xüsusi şövq və həyəcanla, qəlbdən gələn imanla və xüsusi mərasimlər keçirilərək qeyd olunur. Amma İraqda, xüsusilə də Kərbəlada bu mərasimlər özünəməxsus şəkildə keçirilir. Ərbəindən bir neçə gün öncədən yüz minlərlə mömin piyada Kərbəlaya doğru hərəkət edir ki, o gün məhbubu İmam Hüseynin (ə) hüzurunda olsun. Bu ziyarətdə – o böyük insanın atası, həqiqət axtarışı qabaqcılı həzrət Əlinin (ə) dəfn olunduğu – Nəcəf şəhərindən Kərbəlaya getmək xüsusi önəm daşıyır. Bu ziyarətdə yaşlı və gənc, qadın və kişi, sağlam və başqaları tərəfindən hərəkət etdirilən əlil arabasında oturmuş iflic insanlar bir yerə toplanmış və coşqun dəniz kimi Seyyidüş-şühədanın (ə) məzarna doğru tələsirlər. Bu ziyarət səfəri özü bir neçə günlük yaşama çevrilir. Yolda bəziləri aşpazlıq edir, bəziləri çay dəmləyir, bəziləri özünə qərq olmuş və düşünürlər, bəziləri isə yol yodaşları ilə adi söhbətlər edirlər. Onlar üçün bu günlər həyatın tərkib hissəsi yox, əksinə həyatın özüdür. Onların əksəriyyəti üçün bu həqiqət aydın olur ki, gerçək din həyatın bir hissəsi yox, həyatın özüdür. Bir cox ziyarətçilər üçün bu təcrübə ömür boyu qalır. Keçici olmayan ruhi dəyişikliklər baş verir. Hətta ata-anaları və ya digər ailə üzvləri ilə bu ziyarətdə iştirak edən uşaqların ruhunda bir toxum əkilir və onun bəhəri illər sonra onlar tərəfindən əldə olunur və dadılır.
Keçmiş zamanlarda bir çox müsəlmanlar piyada həccə gedirdilər. Çətin keçilən səhralardan, saysız təpələrdən keçməyin çətinlik təcrübəsi onların ruhunu Allah evini ziyarətin feyzini əldə etmək üçün hazırlayır. Digər müqəddəs məkanlara piyada ziyarətə getmək də geniş yayılmışdı. Belə ki hələ də bəzi müsəlman ölkələrində bu ənənə qorunur. İmam Hüseynin (ə) qırx mərasimi münasibətilə Nəcəfdən Kərbəlaya (piyada) getmək də bu qədim ənənəni müəyyən mənada qoruyub saxlamışdır və bu baxımdan da xüsusi önəm daşıyır. Bu heyrətamiz hadisənin qəribəliklərindən biri öncədən bir-birlərini tanımayan insanlar və qruplar arasında meydana gələn ahəngdarlıq və uzlaşmadır. Hamı bir-birinin hüquqlarını tapdamadan, hətta sevgi dolu bir ailə üzvləri kimi tam ahəngdar bir şəkildə məhbublarının məzarı olan hədəfə doğru hərəkət edir. Kin-küdurətlər bir kənara qoyulur, birlik, yardımlaşma və yekdillik onun yerini tutur. Demək olar ki, hətta uzaq yoldan imamın vücudunun bərəkət və feyzi onları əhatə və özünə cəlb edir. Yeni dünyada, xüsusilə Qərbdə din küçə və bazarlardan qovulmuş, kilsə və məbədlərə həbs edilmişdir. Bir halda ki ənənəvi cəmiyyətlərdə din hər yerdədir. Onun təcəllası şəhər və kəndlərin ümumi fəzalarında özünü göstərir. İslam dünyasında ən mühüm dini uğurlardan biri dinin yalnız ibadətgahlarda və ya şəxsi evlərdə yox, bütün cəmiyyətdə və ictimai məkanlarda olmasının davamiyyətidir. Ziyarətçilərin İmam Hüseynin (ə) qırx mərasimi zamanı Nəcəfdən Kərbəlaya piyada getməsi bu həqiqətin bariz nümunəsidir. Belə bir hadisə o diyarın xalqının ictimai fəzasına feyz və bərəkət bəxş edir, fərdlərin imanını gücləndirir.
Rəbbin dərgahından diləyirəm ki, İslam dünyasında bu və bənzər ayinlər hər zaman davam etsin. Həm dinin inkarı, həm də onun təhrifi İslam dininin özəyini təhdid etdiyi bu təhlükəli dönəmdə əzəmətli Ərbəin günü hər il daha möhtəşəm anılsın və İmam Hüseyn (ə) yalnız kədərlə yox, həm də qəhrəman kimi yad olunsun!
Corc Vaşinqton universitetinin İslam araşdırmaları professoru Seyid Hüseyn Nəsr