21 Noyabr 2024 - 21
Məhərrəmlik, Aşura xüsusilə fədakarlıqlar, qəhrəmanlıqlar məktəbidir. İmam Hüseynin (ə) Aşuradakı şəhadəti sadəcə olaraq bir faciə deyil. İmam Hüseynin Aşura günü bizim üçün elə bir məktəb qoyub getdi ki, o məktəb dərslərlə doludur.
Bu qiyamın böyük iştirakçılarından olan, Aşuraya həyat verən, şəhidlərin mesajlarını çatdıranlardan olan, qiyamın əbədiləşməsində böyük rola malik həzrət xanım Zeynəbin baxışı bu idi ki, Aşura səhnəsində gözəllikdən başqa bir şey görmədim. Yəni bu məktəb gözəllik dərsi ilə doludur.
Aşuradan, İmam Hüseyn qiyamından öyrənə biləcəyimiz ən önəmli dərslərdən biri İmamın həmin gün din uğrunda etdiyi fədakarlıqlardır. Bu, Aşuranın inanclı, əqidəli möminlərə daimi və əbədi bir mesajıdır ki, din uğrunda fədakarlığa hər zaman hazır olmaq lazımdır. Əgər din bir gün təhlükəyə düşərsə, nə etməli? Hədislərdə var ki, əgər canınız təhlükəyə düşərsə, malınızı qurban verin, əgər görsəniz ki, dininiz təhlükəyə düşür, o zaman canınızı qurban verin.
İmam Hüseyn Aşura günü bəşəriyyətə, insaniyyətə bunu öyrətdi ki, insan inancı, əqidəsi və dini uğrunda hər bir şeyini qurban verməyə hazır olmalıdır. İmam Hüseynin verdiyi qurbanların hamısında şüarı Allahın razılığını qazanmaq idi.
Əlihüseyn Nuriyev