23 Noyabr 2024 - 23
Həzrət Zeynəbi-Kübranı Yezidin sarayına aparmışdılar. Xanım orada xütbə söyləyirdi. Bu əsnada Yezid dillənərək deyir ki, Zeynəb, bu sənin qardaşın Hüseynin başıdır. Sanki, bir növ tənə ilə bunu demək istəyirdi ki, nə dil-dil ötürsən, bu ki sənin qardaşının başıdır. Yəni biz zəfər çalmışıq, qələbə qazanmışıq.
Həzrət Zeynəb cavabında belə dedi: "Əgər mənim qardaşım addım atıb sənin hüzuruna gəlsə idi və sənə beyət etsə idi, bu bizim üçün zillət və rəzillik olardı. Amma o yerə ki, ayağı getmədi, əvəzində başı getdi, bu bizim üçün izzətdir. Bizim üçün Hüseynin bu vəziyyəti şərəfdir".
Xanım Zeynəb əsirlərə də müraciətlə deyirdi ki, sizdən istəyim budur ki, düşmən qarşısında ağlamayın, başınızı dik tutun, qoymayın şəhidlərimizin şanlı, iftixarlı qanı batsın.
Bu, Kərbəlanın, Aşuranın bizə öyrətdiyi dərsdir. Bu da həzrət Peyğəmbərin duasının nəticəsidir ki, Kərbəla hadisəsi, İmam Hüseynin Aşurada çəkdiyi müsibətlərin təsiri qiyamətə qədər yaşayacaq. Bu qığılcım Əhli-beyt sevərlərin qəlbində günü-gündən atəşlənəcək və qiyamətə qədər sönməyəcək.
Qədir Məmmədov