21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əza mərasimləri, Aşura hadisələrinin şərh edilməsi olduqca lazımlı işlərdir
27.10.2018

Məhərrəm ayında aparılan təbliğatla bağlı mən bir şeyi qeyd etmək istəyirəm. Bəziləri deyə bilər ki, siz İmam Hüseynin (ə) hərəkatını bəyan etmək istəyirsinizsə, lap yaxşı, edin. Daha mərsiyə demək, göz yaşı axıdıb ah-nalə etmək nə üçündür?! Oturub söhbət edin, “Həzrət Hüseyn (ə) bu işi gördü, bu addımı atdı, məqsədi də bu idi” – deyə izah edin. Bu, olduqca səhv bir fikirdir, yanlış bir baxış aspektidir.


Tanrı övliyalarına, dini rəhbərlərə qarşı bu səmimi məhəbbət, bu qəlbən bağlılıq onlarla ideoloji və əməli bağlılıq üçün son dərəcə dəyərli bir qarantdır. Belə bir münasib zəmin olmadan bu yolda irəliləmək çox çətin olar. Sevgi telləri ilə möhkəmlənən bu bağlılıq isə olduqca mühümdür. Məhz buna görə də mərhum İmam Xomeyni (ə) ənənəvi formada əzadarlıq barədə təkidlə qeyd edir. Bu, adəti üzrə deyilən bir söz deyil; bu, olduqca dərin məna daşıyan, uzaqgörənliklə deyilmiş bir fikirdir. Baxın, Quranda dini rəhbərlik məsələsi üç cür ifadə olunub. Bunlardan biri “vilayət” məsələsidir:

انّما وليّكم اللَّه و رسوله و الّذين امنوا الّذين يقيمون الصّلوة و يؤتون الزّكوة و هم راكعون

“Həqiqətən, sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir”. (“Maidə” surəsi, ayə 55)

Aydındır ki, bağlılıq, əlaqə, maarifləndirmə və dini bilgilərin əldə olunması da “vilayət”in kontekstinə daxildir. Başqa bir yerdə isə “itaət” məsələsi qeyd olunur:

اطيعوا اللَّه و اطيعوا الرّسول و اولى الامر منكم

“Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” surəsi, ayə 59)

“Peyğəmbərə (s) və əmr sahiblərinə itaət” dedikdə məhz “əməldə itaət” nəzərdə tutulur. Şübhəsiz ki, əməl meydanında layiqli surətdə itaət və ardıcıllıq etmək çox vacibdir.

Üçüncü bir məsələ də var ki, bu “məvəddət” məsələsidir.

قل لا اسئلكم عليه اجرا الّا المودّة فى القربى

“De: “Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm”. (“Şura” surəsi, ayə 23)

Bəs “məvəddət” nə deməkdir? “Onları özünüzə rəhbər bilin”, “Onlara itaət edin” – deyə buyurulduğu halda “məvəddət” nə üçündür?! Əslində, “məvəddət” bir qarantdır; zəmanətdir. “Məvəddət” olmasa, İslamın ilk dövrlərində “məvəddət”dən uzaqlaşmış, nəticədə isə tədricən itaət və vilayəti də bir kənara qoymuş bir qrup insanın başına gəlmiş bəlalar İslam ümmətinin başına gələ bilər.

“Məvəddət” məsələsi olduqca mühümdür və bunu yalnız sevgi və qəlbən bağlılıq sayəsində əldə etmək mümkündür. Kərbəla şəhidlərinin çəkdiyi müsibətləri şərh etmək onlara qarşı sevgi hisslərinin və səmimi-qəlbdən bağlılığın bir cür, onların xidmətləri və fəzilətləri barədə danışmaq isə bir ayrı cür əlamətidir.

Elə bu səbəbdən də təşkil olunan əza mərasimləri, göz yaşının axıdılması, Aşura günü baş verən hadisələrin şərh edilməsi – bütün bunlar olduqca lazımlı şeylərdir. Bəzi adamlar məsələyə guya ziyalılıq nöqteyi-nəzərindən yanaşaraq - “Bütün bunlara ehtiyac yoxdur” – deyirlər. Xeyr, bütün bunlar – camaatın əza mərasimlərində gördüyü işlərin hamısı lazımdır və sona qədər də öz zəruriliyini qoruyub saxlayacaq.

Əlbəttə, biz bundan əvvəl də qeyd etmişik ki, əzadarlıqda başyarma kimi bəzi neqativ formalara da rast gəlinir. Dəfələrlə qeyd etmişik ki, bu iş şəriətlə qadağan olunur və bu kimi hallara yol verilməməlidir. Bu, Əhli-beyt dostlarının əleyhinə düşmənlərin dilini uzun edən bir işdir. Lakin ənənəvi əzadarlıq formaları – dəstə-dəstə düzülüb sinə vurmaq, ələm qaldırmaq, sevgi hislərini nümayiş etdirmək, şüarlar səsləndirmək, göz yaşı tökmək emosional bağlılığı günü-gündən daha da artırır. Bunlar çox müsbət hallardır.

Ayətullah Xamenei