21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn və ziyalı cəmiyyət
29.10.2018

Hər bir tarixi hadisənin nə qədər möhkəm əsasları olarsa, bu o hadisənin davamlılığına və əbədiyaşar olmasına səbəb olan ən əsas amillərdəndir. Bunu da qeyd etmək lazımdır ki, ümumbəşəri olan bir hadisəyə təhriflər, bu hadisə ilə yaxından və uzaqdan əlaqəsi olmayan məsələlər üz gətirsə, möhkəm dayaqlı və əsaslı olmağına rəğmən öz hədəfindən uzaqlaşacaqdır. Hətta təhriflərin qurbanı olmuş bir hadisə öz mahiyyətini o qədər itirə bilər ki, tədricən əsl hədəfinin ziddi hesab edilən mərhələyə yetişər. Və nəhayətdə böyük bir hadisənin bəşəriyyətə doğru yönəlmiş mesajları tam əksinə cəmiyyətə ötürülə bilər.

Tarixin möhkəm əsaslı və özünəməxsus zəruriliyi ilə seçilən, bütün bəşərin ibrət mənbəyi hesab olunan hadisələrindən biri də Kərbəla vaqiəsidir. Bu hadisə özündə bir çox ibrətləri, dərsləri ehtiva edərək tarix boyu cəmiyyətlərin tərəqqi və azadlıq simvoluna çevrilmişdir. Əsrlərlə yaşayan, nəsilbənəsil ötürülən bu misilsiz hadisənin dərslərindən, ibrətlərindən doğru və düzgün faydalanmaqdan ötrü ən başlıca görüləcək iş təhrif və yalanların rəvac tapmasının qarşısını almaqdır. Hətta Kərbəla vaqiəsinin baş verməsinin əsas səbəblərindən biri də Allah Rəsulunun gətirdiyi dinə peyğəmbərdən sonra cəmi yarım əsr keçməsinə baxmayaraq bidətlərin və təhriflərin hücum çəkməsi və Peyğəmbəri-əkrəmin gətirdiyi dini bu çirkinliklərdən xilas etmək olmuşdur. Diqqət olunası məqam budur ki, müqəddəs dinin təhriflərdən amanda qalması o qədər zəruri məsələdir ki, bu yolda Allah Hüseyn (ə) kimi əziz İmamından keçməyi tərcih etmişdir.

Biz bilirik ki, Kərbəla hadisəsi özündə zülmü ifşa etməyi, zalımların müqabilində durmağı, məzlumları müdafiə etməyi, ümumiyyətlə bəşərə azad yaradıldığını çatdırmağı ehtiva edən misilsiz məktəbdir. Biz bu məktəbin dərslərini yaxşı öyrənə bilsək, o zaman "Hər gün Aşura, hər yer Kərbəla" şüarının mahiyyətini çox asan şəkildə anlaya bilərik. Bu şüar əslində İmam Hüseynin Qiyamətə qədər bəşəriyyətə öyrətdiyi dərsləri hər gün həyatımızda tətbiq edərək əsl insan kimi yaşamağımıza səbəb olan ən ümdə amillərdəndir.

Həzrət Hüseynin qiyamı şəxsi və fərdi yox, əksinə İlahi sünnə hesab olunan mühüm cərəyanlardandır. İlahi sünnə adlanan hər bir nəsnə təbiidir ki, özündə bir çox ibrətləri əhatə etmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, İmam Hüseyn (ə) Allahın xəlifəsi, yer üzərində olan höccəti olduğundan onun bütün sözləri, hərəkət və rəftarı, hətta bəzi məqamlarda etdiyi sükutu müsəlmanlar üçün örnək və İlahi qanun qismindən hesab olunan xəbərlərdəndir.

İndi isə belə bir sual ortaya çıxır ki, görəsən İmam Hüseynin (ə) ibrət və dərslərlə dolu olan xəbərlərinin coğrafi miqyası nə qədərdir? Görəsən İmamın Kərbəla mesajları yalnız şiə və Əhli-beyt tərəfdarlarına şamildir, yoxsa digər müsəlmanlar da bu feyzdən bəhrələnə bilərlər? Və ya sualı bir az da genişləndirərək belə deyək ki, görəsən İmamın müxatəbləri içərisinə əhli-kitabı, hətta heç bir dinə etiqadı olmayan kəsləri də daxil edə bilərikmi? Bütün bu sualları cavablandırmaqdan ötrü Kərbəla hadisəsinin mahiyyətinə və ən əsası bu vaqiənin insanlığa yönəlmiş mesajlarına nəzər salmağımız gərəkdir.

Xülasə olaraq onu deməliyik ki, verilən sualları cavablandırmaq o zaman mümkün olar ki, biz Hüseyn ibn Əlinin barəsində həqiqi bilgiyə, mərifətə sahib olmuş olaq. Əgər həzrət Hüseyni ( ə) təkcə şiələrin imamı kimi qələmə versək, əlbəttə, bu məhdud yanaşma İmamın mesajlarını yalnız şiə camiəsində dövr etdirəcək. Yox əgər İmamı yalnız İslam ümmətinin rəhbəri kimi mülahizə etsək, o zaman deyilən çərçivə müsəlman coğrafiyasını əhatə edəcək. Amma biz İmam Hüseynə ( ə) təkallahlı bir cəmiyyətin ülgü və nümunəsi prizmasından nəzər etsək, onda bu İlahi şüa yalnız əhli-kitab və Allahpərəst toplumu öz ağuşuna alacaq. Əgər biz məsələni biraz da genişləndirərək İmam Hüseynə (ə) kamil insan nöqteyi-nəzərindən yanaşsaq, bu zaman Onun Kərbəla qiyamı ilə ötürdüyü mesajların, dərslərin, ibrətlərin sahəsi qeyri-məhdud olacaq. Bütün zamanlarda nə qədər insaniyyət şüası mövcud olacaq, İmamın cavidan və əbədiyaşar inqilabı da o cəmiyyətlərdə yaşayacaq. Yəni tarix boyu insan cəmiyyəti var olduqca bəşəriyyət Kərbəla vaqiəsinin müxatəbi ünvanında qərar tutacaq.

Bu dediklərimizə şahid olaraq Allah Rəsulunundan gələn (s) bir hədisə işarə etsək, yerinə düşər. Peyğəmbər (s) buyurur :

" حسين مني و انا من حسين"

"Hüseyn məndəndir və mən də Hüseyndənəm".

İslam alimləri tərəfindən bu hədisin barəsində bir çox izahlar verilib. Bu izah və şərhlərdən biri də budur ki, müqəddəs dinin, o cümlədən Peyğəmbəri-Əkrəmin risalət və nübuvvəti həzrət Hüseynin Kərbəlası ilə diri qalmışdır və bu əbədiyaşar Hüseyn inqilabı Rəsulullahın (s) peyğəmbərliyi ilə möhkəm bağlılığa malikdir, bir-birindən ayrılmazdır. Çünki Hüseyn inqilabının gələcək nəsillərə ötürülən xəbərləri Allah Rəsulunun nübuvvət və risalətinin şüasına qədər nüfuz edə bilmişdir. Əsl həqiqətdə Kərbəla hadisəsi İlahi nübuvvətin davamı olan və Allahın İmam Hüseyn (ə) kimi bir nümayəndəsi tərəfindən icra edilən ilahi missiyanın tərkib hissəsidir.

Qeyd etdiyimiz kimi İmamın qiyamı babası Peyğəmbər kimi bəşəriyyəti zülmətdən, cəhalətdən aydınlığa doğru çıxardan parlaq bir günəş tək nur saçmaqdadır. Qurani-Kərimin Peyğəmbərə (s) "Biz səni aləmlərə rəhmət olaraq göndərdik" ayəsindəki xitabının təbirincə məsələyə baxsaq, bizə bir daha məlum olacaq ki, Allah Rəsulu nəinki təkcə İslam ümməti, əksinə bütün məxluqat, o cümlədən insanlar, heyvanlar və bitkilər üçün də rəhmət və mərhəmət mənbəyi hesab olunur. Yuxarıda dediyimiz hədis və o hədisin izahına əsasən İmam Hüseynin öz əziz babası olan Allah Rəsulunun missiyasını davam etdirməsi, Kərbəla hadisəsinin də ümumbəşəri və aləmlər üçün bir rəhmət olması tam anlaşılır. Dinindən və irqindən asılı olmayaraq bütün insanlar üçün faydalı olan Allahın həqiqi dini məhz Kərbəla hadisəsinin sayəsində öz əvvəlki halına qayıdaraq, təhrif və çirkinliklərdən təmizlənərək bəşəriyyətin kamilləşməsi, həqiqi dəyər taparaq qiymətli gövhərə çevrilməsində müstəsna rolu olmuşdur. Buna görə biz tam əminliklə həzrət Hüseynin qiyamını heç bir tərəddüd etmədən cahanşümul adlandıra bilərik.

Bir hadisənin cahanşümul və ümumbəşəri olmasının iki əsas prinsipi var:

Onlardan biri insan və fərdlər baxımından hamını əhatə etməsi. Digəri isə bu hadisənin bütün zamanlarda aktual və zəruri olmasıdır. İmamın qiyamı da bu iki prinsipi özündə cəmləşdirdiyindən həmişəyaşar və əbədiliyini qoruyaraq bütün insanları öz hidayət və rəhmət şüasının altında cəm edib və edəcəkdir.

Bəzən sual olunur ki, bəşəriyyətin islahı və aydınlığa çıxmasından ötrü üsyan və qiyam etmək vəsilə ola bilərmi? Ümumiyyətlə cəhalət girdabından xilas olmağın belə bir yolu varmı?

Çox xülasə olaraq deyə bilərik ki, bu sualların cavabını əldə etmək üçün biz Qurani-Kərimə və Peyğəmbərlərin yoluna müraciət etsək daha məqsədəuyğun olar. Öncə də qeyd edildi ki, Peyğəmbərlərin missiyasını insanların zülmətdən nura doğru çıxması təşkil edir. Bu barədə Allah-Taala "İbrahim" surəsində belə buyurur:

كِتَابٌ أَنْزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

"Bu, elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətlərdən nura - yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna - çıxartmaq üçün nazil etmişik".

Zikr olunan ayə İlahi kitab və elçilərin göndərilməsindəki hədəfin cəmiyyətlərin aydınlığa çıxaraq nuraniləşməsidir. Təbiidir ki, belə bir vəziyyətdə itki və çətinliklərin olması da labüddür. Çünki bu aləmin xüsusiyyətlərindən biri hədəfə yetişmək yolunda zamanın müəyyən əngəl və çətinlikləri ilə qarşılaşmaqdır.

Bəs görəsən cəmiyyətin aydınlığa çıxmasından ötrü hər hansı bir yol təyin edilibmi? Qurani-Kərimə nəzər saldıqda Allah-Taalanın keçmiş peyğəmbərlərin sərgüzəştlərindən söz açmasının şahidi oluruq. Əlbəttə, bunlar ibrət və çıxış yollarının bəlli edilməsindən ötrüdür. Çünki Həkim olan Allah əbəs iş görərək əvvəlki peyğəmbərlərin hadisələrindən söz açmaz. Biz Qurana nəzər saldıqda "İbrahim" surəsinin əvvələrində Allah-Taalanın həzrət Musaya "Tayfanı zülmətdən nura çıxart" buyurduğunun şahidi oluruq. Bu zaman Musanın (ə) öz xalqını dövrünün tuğyankar və özünü "ən böyük allah" adlandıran Fironun zülmündən xilas etmək üçün mübarizəyə qalxdığının şahidi oluruq. Və həzrət Musanın öz qövmünü Fironun əsarətindən xilas etməsi ilə nəticələnən qövmün nuraniləşmə prosesi İslam Peyğəmbərinə bəşəriyyətin zülmət və çirkinlikdən qurtulma yolunun necəliyini bildirməkdən ibarət idi. Bəli, istibdad və zülmün müqabilində duraraq, diktaturaya son qoyub cəmiyyətdə ali məramların hökm sürməsinə şərait yaratmaq hər bir zaman bəşəriyyətin xilası və ucalmasıdır. Deməli, ayələrə əsasən insanların öz həqiqi dəyərini tapması istibdad ruhlu fironlara və Samiri kimi buzovpərəstlərə qarşı çıxmaqdadır. Nə qədər ki, bu düşüncələr, təfəkkür tərzləri cəmiyyətlərə aşılanmayıb, heç bir nuraniyyət və ziyalılıqdan söhbət gedə bilməz. Deyilənlərdən məlum olur ki, İmam Hüseynin "Babamın yolu ilə getmək istəyirəm" şüarı ilə başladığı qiyam diktatura təfəkkürünə qarşı çıxaraq insanların azad ruha malik olmasında və rəzillikdən qurtulmasında müstəsna rolu olmuşdur. Bu prinsipin özü ümumbəşəri və cahanşümul olan əsas prinsiplərdəndir.

Öncə də deyildiyi kimi bu əzəmətli hadisə özundə bir çox ibrətləri daşımaqdadır. İmam Hüseynin (ə) "Mənim kimisi onun kimisinə beyət etməz” söyləməsi məsələnin həm şəxsi müstəvidə olmadığını, həm də insanlara rəzil xislətlərə beyət edərək alçalmamağı, daim izzətli olmağı bildirməkdədir. Həmçinin İmam öz qiyamı ilə həqiqi diri və ölü məsələsinin nədən ibarət olduğunu bizlərə aşılamışdır. Cəmiyyətdə "məruf və munkər" anlayışının həqiqətinin Kərbəla hadisəsindən sonra bir daha öz əvvəlki halına qayıtması da İmam Hüseynin mübarək vücudunun bərəkətlərindəndir. Saymaqla bitməyən dərsləri, ibrətləri xülasə olaraq dəyərləndirsək deməliyik ki, bütün bunlar insanlığın rəzillik çirkabından qurtularaq ziyalılaşması və nuraniləşərək kamillik zirvəsinə yüksəlməsinə xidmət etmişdir.

Həqiqi ziyalı və işıqlı cəmiyyət mövzusu isə bu gün bütün dünyanın əldə etməyə çalışdığı ən aktual məsələdir. Bir daha bildiririk ki, Kərbəla hadisəsinə bu aspektdən yanaşsaq, İmam Hüseynin hərəkatı xalqların və millətlərin ən doğru qurtuluş mənbəyidir.

Xanmirzə Hüseynov