03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Aşura ibrətləri Aşura dərslərindən daha mühümdür
09.11.2018

İslam ümməti düşünməlidir ki, nə üçün müsəlmanlar Kufə və Kərbəlada Peyğəmbərin (s) ciyərparəsini elə faciəli şəkildə qana boyadıla.

İslam İnqilabının rəhbəri, ali lider Ayətullah seyid Əli Xamneinin ofisi məhərrəm ayının bəzi əməllərilə əlaqədar ünvanlanan suallara aydınlıq gətirib. Ali Liderin müvafiq fətvalarına əsasən, əzadarlıq məqsədilə məhərrəm ayında baş yarmaq və bədənə ciddi xəsarət vurmaq haramdır. Bu cür əməllər hətta, göz önündə olmasa belə icazəli deyil.

Maide.az xəbər verir ki, "əzadarlıq mərasimləri zamanı atılıb-düşmək kimi əməllərdən də çəkinmək lazımdır", - deyən Ayətullah Xamnei bəzi dindarların Əhli-beytə (ə) məhəbbət ifadəsi kimi özləri haqqında təhqiramiz sözlər işlətməsinə də münasibət bildirib. Onun fikrincə, müsəlman öz vüqar və izzətini qorumalıdır, belə sözlərin işlədilməsi doğru deyil. O bildirib ki, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə yas saxlamaq ilahi şüarların qorunması və dini vəzifədir, lakin əzadarlıq zamanı insanların daha çox maarifləndirilməsinə önəm vermək lazımdır: "Quranda aydın bir məqam bizi düşündürür. Quran bizə deyir ki, baxın və tarixdən dərs alın. Bəziləri fəlsəfəbazlıq edə bilər ki, keçmiş bu gün üçün nümunə ola bilməz. Belə sözlər danışırlar və öz xəyallarına əsasən, məsələlərə fəlsəfi üslublarla yanaşmaq istəyirlər. Amma sadiq və doğruçu Quran bizi tarixdən ibrət almağa dəvət edir. Tarixdə elə şey var ki, ondan ibrət almaq istəsək, nigaran olmalıyıq. Bu nigarançılıq gələcəyə aiddir. Nə üçün və nədən ötrü nigaranıq? Məgər nə baş verib?

Baş verən hadisə erkən İslam çağına aiddir. İslam ümməti düşünməlidir ki, nə üçün Peyğəmbərin (s) vəfatından 50 il sonra İslam ölkəsinin müsəlman xalqı - vəzirləri, əmirləri, sərkərdələri, alimləri, qaziləri, qiraətçiləri, oğru və quldurları Kufə və Kərbəlada Peyğəmbərin (s) ciyərparəsini elə faciəli şəkildə qana boyadılar. Bəli, insan düşünməlidir ki, nə üçün belə oldu. Bu məsələni mən iki-üç il öncə "Aşura ibrətləri" adlı bir-iki çıxışda izah etdim. Əlbəttə, Aşura dərsləri - şücaət və digər bu kimi dərslər ayrıdır. Aşura ibrətləri Aşura dərslərindən daha mühümdür. Bunu qabaqca demişəm. İş elə bir yerə çatdı ki, xalqın gözü qarşısında Peyğəmbərin (s) ailəsini küçə-bazara çıxarıb onları xaricilikdə (separatçılıqda) ittiham etdilər.

Xarici sözünün mənası bu deyil ki, onlar xarici ölkədən gəliblər. O zaman xarici sözü bugünkü mənada işlədilmirdi. Xarici, yəni xəvaricdən olan, yəni xüruc və qiyam edən. İslamda diqqətəlayiq bir mədəniyyət var. O da budur ki, əgər kimsə adil imamın əleyhinə qiyam etsə, Allahın, Peyğəmbərin (s), möminlərin və imanlı qüvvələrin lənətinə məruz qalar. Deməli, xarici, ədalətli imam əleyhinə qiyam edən şəxsdir. Buna görə o zaman bütün müsəlman xalq xaricilərə, yəni xüruc edənlərə mənfi münasibətdə idi.

Hədisdə göstərilir ki, İslamda adil imamın əleyhinə qiyam edən şəxsin qanı halaldır. İnsanların qanına bu qədər dəyər verən İslam burada belə bir rəftar edir. İmam Hüseynin (ə) qiyamı zamanı Peyğəmbərin (s) oğlunu, Fatimeyi-Zəhranın (s.ə) oğlunu və Əmirəlmömininin (ə) oğlunu ədalətli imam əleyhinə qiyam edən şəxs kimi tanıtdıranlar vardı. Ədalətli imam kimdir? Yezid ibn Müaviyə?

Sözü gedən qrup İmam Hüseyni (ə) qiyamçı kimi tanıtdırmaqda uğur qazandı. Zalım hökumətin ürəyi nə istəyir deyir. Bəs xalq nə üçün inanmalıdır, xalq nə üçün sakit qalmalıdır? Məni nigaran edən məsələ hadisənin bu yeridir. Deyirəm necə oldu ki, vəziyyət bu həddə çatdı? Necə oldu ki, İslam hökmlərinin və Quran ayələrinin xırdalığına varan İslam ümməti belə bir aydın hadisədə bu formada qəflətə və səhlənkarlığa düçar oldu, birdən-birə belə bir faciə baş verdi? Belə hadisələr insanı nigaran edir. Məgər biz Peyğəmbər (s) və Əmirəlmöminin (ə) dövrünün cəmiyyətindən daha möhkəmik? Belə olmamaq üçün nə etməliyik? Dediyimiz “belə olmasına səbəb nə idi?” sualına kimsə hərtərəfli cavab verməmişdir. Bəzi məsələlər irəli sürülüb, amma yetərli deyil. Bu səbəbdən bu gün qısa və konkret şəkildə hadisənin özü barəsində bir qədər söhbət etmək istəyirəm. Sonra məsələnin ipucunu sizin öhdənizə buraxacağam ki, özünüz bu barədə fikirləşəsiziniz. Araşdırma və düşüncə adamı olanlar bunun ardınca tədqiqat aparsınlar, mütaliə etsinlər. İş və əməl adamı olanlar düşünsünlər ki, belə hadisələrin təkrar olunmasının qarşısını almaq üçün hansı hazırlıqlar lazımdır.

Əgər bu gün mən və siz hadisənin qarşısını almasaq, 50 ildən, 10 ildən, yaxud 5 ildən sonra bizim İslam cəmiyyətimizin İmam Hüseynin (ə) dövründəki vəziyyətə düşməsi mümkündür. Lakin iti gözlər dərinlikləri görsə, etimadlı keşikçi yolu göstərsə, düşüncə sahibi olan xalq işi yoluna yönəltsə və möhkəm iradələr bu hərəkətin dayağı olsalar, o zaman möhkəm səngər və möhkəm qala yaranacaq, heç kəs ona təsir göstərə bilməyəcək. Amma əgər özbaşına buraxsaq, yenə həmin vəziyyət təkrarlanacaq, bütün qanlar hədər gedəcək.

O zaman vəziyyət elə bir yerə çatdı ki, Bədr döyüşündə Əmirəlmömininin, Həmzənin və digər İslam sərdarlarının əli ilə öldürülüb cəhənnəmə vasil edilənlərin nəvəsi Peyğəmbərin (s) yerində oturdu, həmin Peyğəmbərin (s) ciyərparəsinin başını qarşısına qoydu, bambuk çubuğu ilə dodağına və dişinə vurub dedi: "Bədr döyüşündə bizim öldürülənlərimiz qalxıb onların qatillərinə nə etdiyimizi görsünlər". Məsələ budur. Burada Quran deyir ki, ibrət alın, burada deyir ki, tarix məmləkətinə səyahət edin, hansı hadisənin baş verdiyini görün, sonra özünüzdən ehtiyatlı olun.”

Ayətullah Xamenei