20 May 2024 - 20

20 May 2024 - 20

Aşura təhriflərinin müqəssirləri
08.12.2017

MÜQƏSSİR KİMDİR?

Görəsən, indiyə kimi edilmiş təhriflərin müqəssirləri kimdir: alimlər, yoxsa dini savadı olmayan avam camaat?

Adətən, bu cür mübahisəli məsələlərdə alimlər günahı camaatın üstünə yıxmaq istəyirlər, camaat isə alimləri müqəssir bilir.

Deyirlər ki, bir gün ruhani alimlərdən biri minbərə qalxıb dayaz mənalı, aşağı səviyyəli moizə söyləyir. Dinləyicilərdən biri qalxıb ona etiraz edir ki, bu qədər insanın başını mə"nasız sözlərlə niyə aldadırsan? Həmin alim isə cavab verir ki, bu gün mənə qulaq asan bu insanlar mə"nalı söz eşitməyə layiq və hazır deyillər.

Xalq isə həmişə alimləri təqsirli bilib, "balıq başından iylənər" misalına arxalanır. əlbəttə, təhrifçilikdə alimlərin günahı inkaredilməzdir, amma bu işdə camaat da onlarla şərikdir.

Hədislərin birində (Təbrisinin "Ehticac" kitabında) buyurulur ki, bir nəfər İmam Sadiqdən (ə) soruşur: "Quranda savadsız yəhudilər barəsində deyilir: "Onlardan (yəhudilərdən) bə"ziləri də avam və bisavaddırlar, "Tövrat"ı bilməzlər, yalnız xəyallara, boş arzulara uyar, zənnə qapılarlar" ("Bəqərə" surəsi, ayə 78). Niyə Allah avam insanları tənbeh edib günahlandırır. Axı savadsız adamlar həqiqətdən bixəbər olduqlarına görə üzrlüdürlər!" İmam həmin adama cavab verərək buyurur ki, bəzi məsələlərdə həqiqətən, savadsızlar cavabdeh deyillər. Məsələn, dəqiq bir elmi məsələ barəsində hər adam düzgün mülahizə yürüdə bilməz, bu yalnız alimlərin işidir. Amma elə məsələlər də var ki, onları başa düşmək üçün dərin elm və savad tələb olunmur. İnsanın fitrətində olan ağıl və şüur qüvvəsi ilə həmin məsələləri həll etmək mümkündür. Sonra İmam belə bir misal çəkir: Fərz edək ki, bir alim özü günahkar və bədəxlaq olduğu halda, camaata iman və əxlaq öyrədir. Özü günahdan əl çəkmədiyi halda, başqaları üçün tövbədən dəm vurur. Məgər insan belə bir alimə qarşı öz münasibətini müəyyən etmək üçün mütləq savadlı olmalıdırmı? Elementar ağıl və məntiqə malik savadsız adam da başa düşər ki, belə ikiüzlü alimə etibar etmək, şəriət hökmlərində ondan məsləhət almaq olmaz. Savadsız yəhudilər də öz böyüklərinin günah və səhvlərini görə-görə onlara tabe oldular, onlar üçün şərait yaratdılar, ona görə də tənbeh və məzəmmətə layiq görüldülər.

Bəzi kitablarda yazılıb ki, bir quldur səhrada karvanları soymaqla məşğul olurmuş. Bir gün eşidir ki, Kərbəlaya ziyarətə gedən bir karvan səhradan keçəcək. Quldur tez gedib yol üstündə pusquda oturur ki, karvan keçəndə hücum edib ziyarətçiləri soysun. Təsadüfən pusquda oturub gözlədiyi vaxt onu yuxu aparır. Karvan gəlib keçir, amma quldur yuxuda olduğu üçün xəbər tutmur. Quldur yuxuda görür ki, guya qiyamət günüdür və etdiyi cinayətlərə görə onu cəhənnəmə atırlar. Amma cəhənnəm qulduru qəbul etməyib geri qaytarır. Səbəbi isə budur ki, guya ziyarətçilər karvanı yoldan keçərkən, qalxan toz-duman pusquda yatmış quldurun bədəninə və geyiminə qonubmuş. Üstündə Kərbəla karvanının tozu olan adamı isə cəhənnəm alovu yandırmaz.

Bu rəvayətin yalan olduğunu başa düşmək üçün savad və elm lazımdırmı? Axı hamı bilir ki, Allah hər kəsin niyyətinə əsasən əməllərini qiymətləndirər. əgər quldur karvanı soymaq qəsdi ilə oturub özü də bilmədən yuxuya gedibsə, ona necə haqq qazandırmaq olar? Məgər tövbə etmədən günah bağışlanarmı? Şübhəsiz, ağıl və sağlam məntiq belə xurafatı rədd edir.

TƏHRİFİN ZİYANLARI

Haqqında danışılmalı növbəti məsələ bundan ibarətdir ki, görəsən, təhrifin nə ziyanı vardır? Təhrifin zərəri çox böyükdür. Təhrif elə dolayı zərbədir ki, birbaşa zərbədən qat-qat güclüdür. Əgər hidayət məqsədilə yazılmış kitabda təhrif olsa, zəlalət kitabına çevrilər. əgər insanları xoşbəxtiliyə çatdırmaq məqsədilə yazılmış kitab təhrifə uğrasa, bədbəxtliyə xidmət edər.

Tarix boyu bəzi şəxsiyyətlər nadan adamların əliylə təhrif edilib tamamilə əks şəkildə camaata tanıtdırılıblar. Məsələn, İmam Hüseynin (ə) oğlu İmam Zeynülabidinə (ə) "bimar" (xəstə) ləqəbini veriblər. Halbuki İmam Zeynəlabidinin (ə) əsil (ərəb dilindəki) ləqəbləri arasında nə "bimar" adı, nə də onunla səsləşən başqa ad yoxdur. Məlumdur ki, İmam Zeynülabidin (ə) yalnız Aşura faciəsi zamanı xəstə olub. (Bu da Allahın məsləhəti idi ki, İmam döyüş meydanına çıxıb şəhid olmasın və imamət zənciri qırılmasın). Heç bir tarix kitabında yazılmayıb ki, İmam Zeynəlabidin (ə) ömrü boyu xəstə olub və və bu xəstəliyinə görə ona ləqəb veriblər. Amma bu "bimar" ləqəbinin gətirdiyi təhrif üzündəndir ki, əksər insanlar İmam Zeynülabidinin (ə) həmişə xəstə, qızdırmalı, beli bükülmüş, əlində çəlik tutmuş, ahu-vayla gün keçirən bir adam kimi təsvir edirlər. Halbuki, Kərbəla faciəsindən sonra o həzrət tam sağlam halda 30 ildən artıq yaşamışdır.

ALİMLƏRİN VƏZİFƏSİ

Təhriflər qarşısında ilahiyyat alimlərinin, ruhanilərin vəzifəsi və borcu budur ki, həqiqəti gizlətmədən xalqa çatdırsınlar (hətta həqiqəti eşitmək çoxlarının xoşuna gəlməsə də). Alimlərin vəzifəsi təhrifləri rədd etmək, təhrifçilərin ağzını yummaqdır. Alimlərin vəzifəsi budur ki, bir rəvayətin düzgün olub-olmadığını diqqətlə araşdırmadan danışmasınlar, qeyri-mötəbər kitablara, yalançı müəlliflərə müraciət etməsinlər. Kitab müəlliflərinin şöhrəti gərək insanı çaşdırmasın. Bəzən böyük şöhrətə malik savadlı alimlərin kitablarında da təhrifçilik müşahidə olunur (Hüseyn Vaiz Kaşifinin "Rövzətüş-şühəda" və Fazil Dərbəndinin "Əsrarüş-şəhadət" kitabları kimi).

Çox vaxt məscidlərdə, yaxud evlərdə qurulan təziyə məclislərində əsas məqsəd - bacardıqca çox adamı məclisə dəvət etmək olur. Təziyə məclisi təşkil edən şəxsin məramı izdiham toplamaq olmamalıdır. Məgər təziyə məclisi küçə yürüşü, nümayişdirmi ki, orada izdihamın olması şərt sayılsın? Məclis sahibi moizə edən alimin qarşısında tələb qoymamalıdır ki, çox adam toplasın və mərsiyə vasitəsilə camaatı qızışdırıb "cuşa gətirsin". Əks təqdirdə məclisi aparan şəxs camaatın diqqətini cəlb etmək, onları riqqətə gətirib ağlatmaq, zəncir və sinə səslərini daha da ucaltmaq üçün təhriflərə əl atmağa məcbur olacaq, həqiqətə uyğun olmayan nağıl və əfsanə şəkilli xurafat danışacaq ki, camaat daha şiddətlə ağlasın, başqa sözlə desək, "məclis camaatı tutsun". Aşura qiyamından danışan və yazan adamların ilkin vəzifəsi - həqiqəti çatdırmaq olmalıdır. Onu dinləyicilərin hıçqırığı, nərəsi, qışqırığı düşündürməməlidir. Zahiri effektlərin köməyi ilə hönkürüb ağlamaqdansa, aşura faciəsinin fəlsəfəsini dərindən duyub səssizcə bir damcı göz yaşı axıtmaq daha üstündür. Təziyənin əsil missiyası "çox ağlatmaq" deyil, "çox anlatmaq"dır.

Şəhid Mürtəza Mütəhhərinin yazıları əsasında

İslam.az - Natiq Rəhimov