03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Əzadarlığın ədəb qaydaları
28.11.2018

Məsumlarımız bizim üçün həmişə örnək və nümunə olduqları üçün əzadarlıq sahəsində də ədəb və qaydaları onlardan öryənməliyik. Məsumlar İmam Hüseyn (ə) əzadarlığında bu ədəb qaydalarına həmişə riayət ediblər:

1. Qara libas geyinmək. Hələ qədim zamandan bəri qara rəngli paltar əza və matəm əlamətini daşımışdır. Peyğəmbərimiz (s) və onun əziz Əhli-Beyti də müsibət və əza zamanı qara libas geyinərdilər. Başqalarını da bu işə təşviq edərdilər.

2. Əza məclislərinin təşkil edilməsi. Məsumlar həmişə öz xütbə və bəyanlarında İmam Hüseyn üçün əza məclislərinin təşkil edilməsini tövsiyə edər və xüsusilə məhərrəm və səfər aylarında bu məclislərin keçirilməsinə xüsusi təkid edərdilər. Əlqəmə ibni Məhəmməd nəql edir: “İmam Baqir İmam Hüseyn üçün ağlayar və ailəsində olanlara da göstəriş verərdi ki, Hüseyn üçün ağlasınlar. Həzrət evində İmam Hüseyn üçün əza məclisi təşkil edərdi və bir-birinə İmam Hüseyn müsibəti ilə bağlı başsağlığı verərdilər”.

3. Mərsiyə oxumaq. Məsumlar Aşura qiyamının xatirəsini canlı saxlamaq üçün mərsiyə qoşmağa və oxumağa təşviq edərdilər. Əbu Əmarə nəql edir: “İmam Sadiqin hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Əbu Əmarə! Hüseyn müsibəti haqqında şeir söylə”.
Mərsiyəni başlayan zaman həzrət ağlamağa başladı. Allaha and olsun, o qədər ağladı ki, bütün ev əhli ona qoşuldu və mən evin ağlamaq səslərini də eşitdim”.

4. Zinəti tərk etmək. Məsumlar əza saxlayan zaman zinətlərini tərk edərdilər. İmam Sadiq Bəni-Haşim qadınlarının barəsində buyurur: “Seyyidi-şühədanın əzasında heç bir Haşimi qadını gözünə sürmə çəkmədi, başına xına yaxmadı o zamana qədər ki, Übeydullah ibni Ziyad qətlə yetirilsin”.

5. Aşura günü ruzi dalınca getməzdilər. İmam Baqir Aşura günü barəsində buyurur: “Əgər ehtiyacının ardınca getməməyi bacarsan, getmə. Çünki Aşura günü uğursuz gündür və hacətlər həmin gün yerinə yetməz. Əgər yerinə yetsə belə, bərəkəti olmaz. Həmçinin bu gün evin üçün alış-veriş etmə. Çünki kim həmin gün evi üçün alış-veriş etsə, həmin şeydə bərəkət olmaz. Ailəsi üçün də bərəkət gətirməz”.

Deyerler.org