21 Noyabr 2024 - 21
İmam Hüseynin verdiyi mesajlar barəsində danışmaq istəsək həqiqətdə İmam Hüseynin məktəbində, İmam Hüseynin tarixi inqilabında istər fərdi müstəvidə olsun, istər ictimai müstəvidə olsun çoxlu sayda mesajların olduğunu görürük. İctimai sahədə verdiyi mesajlara ən bariz nümunə olaraq ədalət faktorunu qeyd edə bilərik.
Amma başqa bir mesaja işarə etmək istəyirəm. O mesaj budur ki, İmam Hüseynin tarixi hərəkatında biz dinə qarşı və dini kimliyə səmimiyyət görürük. Çünki bildiyiniz kimi Quran mesajlarında biz bunu görürük ki, Allah-taala insanları, iman gətirənləri sanki iki qismə ayırır. Dinində səmimi olanlar və dinində səmimi olmayanlar. Ənkəbut surəsinin əvvəllərində buyurur ki, “Əlif, Lam, Mim. İnsanlar elə hesab edirlər ki, onlar iman gətirdik dedikdən sonra özbaşına buraxılacaqlar və imtahan olunmayacaqlar? Biz sizdən öncəkiləri də imtahan etdik, sizdən öncəkiləri də yoxladıq. Buna görə ki, doğru olanlarla yalançılar bir-birindən ayrılsınlar, dinində səmimi olanlarla, dinində səmimi olmayanlar dinə həqiqi mənada ürək verənlərlə, dinə hansısa mənfəət uğrunda gələnlər ayrılsınlar”.
Bu ayə bizə açıq aşkar göstərir ki, dinin bizdən tələbi, dinin iman əhlindən tələbi odur ki, iman gətirmiş şəxs gərək səmimi olsun. Və bu səmimiyyət dinin əsas hədəfidir və dinin bizdən istədiyi ən önəmli qayədir.
Biz İmam Hüseynin tarixi hərakatı olan Kərbəlada bu səmimiyyəti açıq şəkildə görürük. Necə görürük? Bu cür görürük ki, İmam Hüseyn din yolunda, din ayaqda qalsın deyə, din aradan getməsin deyə hər şeyini fəda verdi. Ailəsini, canını, mal-dövlətini fəda verdi. Hamımız bilirik ki, əgər İmam Hüseyn tağut rejimi ilə, Yezidin rejimi ilə razılaşsaydı onun üçün bütün imkanlar və şəraitlər təşkil olunacaqdı. İmam Hüseyn üçün heç bir sıxıntı qalmayacaqdı. Lakin İmam Hüseynin dinə olan səmimiyyətini bir daha göstərərək din ayağda qalsın deyə yeri gələndə hər şeydən şirin olan nəfsindən canından və övladlarından belə keçməyə razı oldu.
Bu İmam Hüseynin bizə verdiyi ən önəmli mesajlardan və ən önəmli dərslərdən biridir. Çünki səmimiyyət bəzən çox yüngül və asan bir iş kimi təsəvvür olunur. Amma həqiqətdə demək olar ki, ən çətin olan iş elə səmimiyyətdir. Səmimiyyət xüsusilə ağır şəraitlərdə, xüsusən imtahan zamanı, çətin məqamlarda üzə çıxır. Səmimi dindarla, qeyri-səmimi dindar məhz həmən imtahan şəraitində bəlli olur ki, kim smimidir, kim dini həqiqətən sevir, kim səmimi deyil və hansısa mənfəətlər uğrunda gəlib. Mən deyərdim ki, İmam Hüseynin həm fərdi müstəvidə, həm ictimai müstəvidə verdiyi ən önəmli mesajlardan biri də budur. Yəni ictimai ədalət faktorundan əlavə bu səmimiyyət mesajıda önəmli medajdır. Zatən o ədalət bərpası üçün səmimiyyətin olması şərtdir. Çünki biz dedik ki, İmam Hüseyn nəyə görə qiyam etdi? İmam Hüseyn ona görə qiyam etdi ki, cəddi peyğəmbərin ümməti arasında ictimai islahatı tələb etsin. Və buda təbii ki, hər zaman müəyyən təhlükələrlə insanı üz-üzə qoyur. İnsan bu təhlükələrin öhdəsindən gəlmək üçün, səmimi olmalıdır. Çünki hər adam təhlükə qarşısında möhkəm dayana bilmir. Hər adam təhlükə qarşısında öz canını, malını sevdiklərini təhlükəyə atmaq iqtidarında olmur. Hər adamda bu qüdrət olmur. Bu təbii ki, ilk növbədə səmimiyyət istəyir. Və İmam Hüseynin hərakatında biz bu səmimiyyəti ən yüksək səviyyədə görürük. Ümumiyyətlə dinin məntiqində bizlərə təqdim etdiyi yanaşmada bu səmimiyyət ən ön plandadır. Allah-taala bizdən ilk növbədə səmimiyyət istəyir ki, bizim dindarlığımız və dini kimliyimiz möhkəm olsun.
Təbriz Nəcəfi/Kerbela.info