21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynə (ə) ağlamaq, mərsiyə demək və sinə vurmaq dini baxımdan düzdürmü?
11.12.2017

İslam nəzərində mərsiyə deməyə, ağlamağa və sinə vurmağa heç bir qadağa yoxdur. Əksinə, deyə bilərik ki, bir çox rəvayətlərimizə əsasən bu məsələlərə təkid olunmuşdur. Məsələn qeyd edə bilərik ki, əzadarlıq məclislərində ağlamağa təkid olunub. Hətta hədislərdə İmam Hüseyn (ə) üçün ağlamağa müxtəlif böyük savabların olduğu qeyd olunub. Həzrət Peyğəmbərin özünün ağlamasına işarə etmək istərdim ki, Həzrət öz oğlu İbrahim dünyasını dəyişdiyi zaman ağladı, göz yaşı tökdü. Bəzi səhabələr dedilər "ya Rəsulallah sən özün bizə demisən ağlamayın, amma özün ağlayırsan". Həzrət buyurdu ki, bu rəhmət üzündən olan ağlamaqdır. Bir insanın yaxınını itirdiyi zaman onun gözündən yaş gəlməsi normal haldır. Təbii ki, insanın qəlbi daş deyil. Məxsusən peyğəmbər kimi bir insanın qəlbi rəhmətlə, mərhəmətlə dolu bir qəlbdir.

Peyğəmbərin əzadarlıqda qadağan etdikləri isə bir hədisdə ümmətə xitabən belə qeyd olunub: "Sizə bir müsibət üz verdiyi zaman siz Allahın ünvanına nalayiq sözlər deməyəsiniz, yanlış ifadələri dilinizə gətirməyəsiz, halınızdan gileylənməyəsiniz". Həmçinin Peyğəmbərin əmisi Seyyidiş-şühəda Həmzə Ühüd müharibəsində şəhid olduqdan sonra, peyğəmbər gördü Mədinə xanımları o evlərdə ki şəhid verilmişdi o evlərdə yığışıb şəhidlərə ağlayırdılar. Bu zaman peyğəmbər narahat oldu və dedi əmim "Həmzənin ağlayanı yoxdur", xanımlar məsələdən xəbərdar oldular və getdilər həzrət Həmzənin evində onun üçün yas saxladılar.

Həzrət Peyğəmbərin bu işi və xanımların o işi bizə bunu göstərir ki, dünyasın dəyişən bir insan üçün ağlamaq heç də problemli məsələ deyil, hətta caizdir. Ağlamaq barədə İmam Hüseynin (ə) bu məsələsində də çox göstərişlər olub.

İmam Rza (ə) deyir: "Atam Musa ibn Cəfəri (ə) Məhərrəm ayı girən gündən Aşura gününə qədər kimsə gülər görməzdi. Narahat idi, daim İmam Hüseyn (ə) üçün ağlayardı".

İmam Rzanın (ə) Rəyyan ibn Şəbibə bəzi sözləri var, Şəbibin oğlu özü deyir: "Mən Məhərrəm ayının 1-ci günü idi həzrətin hüzuruna getmişdim. Həzrət mənə üzünü tutub dedi: Şəbibin oğlu İmam Hüseynə (ə) hər kim ağlayarsa və gözünün yaşı onun üzünə axarsa Allah onun böyük və kiçik günahlarını bağışlayar".

İbn Qoləvi mötəbər sənədə əsaslanaraq bir hadisəni bizim diqqətimizə çatdırır. Əbu Haruni Məkrub adında bir kişi var idi. Deyir İmam Sadiqin (ə) hüzurunda idim. İmam mənə dedi ki, cəddim Hüseyn (ə) barədə mərsiyə de. Deyir mən bir mərsiyə dedim. İmam dedi yox, belə demə, öz ürfünüzdə, öz aranızda necə mərsiyə deyirsinizsə mənim üçün də elə mərsiyə de. Deyir mən də öz ürfümüzdə dediyimiz mərsiyələrdən dedim. İmam Sadiq (ə) ağladı, deyir elə ki İmam ağladı, mən şeir bitməsə də saxladım mərsiyəni. Amma sonra İmam dedi "davam elə", yenə mərsiyə dedim və şeirim bitdi həzrət yenə ağlayırdı ondan sonra imam mənə dedi, başqa mərsiyə de. Mən bir başqa mərsiyə də dedim həzrət ağladı. Orda olan xanımlar da ağladılar. İmam Sadiq (ə) üzünü mənə tutub dedi: "Əbu Harun hər kim mərsiyə deyə, qəsidə deyə, şeir deyə və bir nəfəri ağlada behişt ona vacib olar".

Beləliklə biz bu hadisədən anlayırıq ki, mərsiyə demək də caizdir, mərsiyə deməyə də qadağa yoxdur.

Sinə vurmaq barədə danışmaq istəsək deyə bilərik ki, hər bir şey əzadarlıqda insanın bədəninə ciddi şəkildə ciddi dərəcədə zərər vurursa və ya Əhli-Beyt məktəbinə, şiəliyə xələl gətirirsə bu şeylər təbii ki, əzadarlıqda icazəli deyil. Amma biz sinə vurmağa baxdığımız zaman görürük ki, sinə vurmaq nə ciddi şəkildə bədənə zərər vurmaq sayılır, nə Əhli-Beyt məkətibə, nə də şiəliyə bir xələl gətirir. Buna xatir sinə vurmağın heç bir problemi yoxdur. Beləliklə yekun olaraq İslam nəzərində sinə vurmaq, əzadarlıqda ağlamaq və mərsiyə demək kimi məsələlərə heç bir qadağa yoxdur və icazəlidir.