21 Noyabr 2024 - 21
İnsanlara yaxşı baxsanız, görəcəksiniz ki, onların əksəriyyətinin, hətta çirkin işlər görən pis düşüncəlilərin xəbis çöhrəsinin və həris təbiətinin arxasında pak bir xeyirxahlıq hissi və kamilliyə meyl xarakteri var. Nə qədər ki, başları şəxsi mənfəətlərinə qarışıb, həyat ləvazimatını təmin etməklə məşğuldurlar, o xarakterin üstü örtülmüşdür. Nalayiq sözlər danışır, kin bəsləyir, insanların hüquqlarını öz istəklərinə qurban verir və nəhayət, yırtıcı bir heyvan kimi insana xas hər bir incə duyğudan məhrum görünürlər. Amma təsadüfən şəxsi mənfəətlər bir kənara çəkiləndə, mühit və uzaq qohumlar haqqında sevgi və kinini büruzə verməli olanda, ortada mal-mülk və vəzifə, ad-san və rəğbət olmayanda mühakimələrini dilə gətirirlərsə və ya ürəklərində bir hiss keçirirlərsə, mühakimələrinin sadə və saf olduğunu mülahizə edirsiniz. Təfəkkür və düşünməyə hazır olur, yaxşını və pisi ayırd etməkdə çox az yanılırlar. Daxilən də xoşagəlməz əmələ nifrət edir və təbii ki haqqın tərəfini tuturlar.
Xüsusən mövzu keçmişə aid olanda və ya mübahisə tərəfləri bir əfsanənin aktyorları olanda görürsünüz ki, əksər vaxtlarda, hətta həmişə xüsusi şövq və qızğınlıqla günahsızı himayə edir, zalıma düşmən kəsilirlər. Bunun nümunəsini kinofilmlərə tamaşa edərkən istər özünüzdə (əlbət ki, siz yaxşı insansınız), istərsə də digər tamaşaçılarda görmüsünüz. Nağıllarda da buna rast gəlmisiniz.
Demək, hər kəsdə bir pak təbiət var ki, prinsipcə, haqqı axtaran və haqqı sevəndir. Odur ki bütün dastanlarda, romanlarda və filmlərdə, hər yerdə pəhləvanlar vəsf, yaxşılar mədh edilir. Bədii əsərlərin sonu heç vaxt alçaq kişinin uğur qazanması və ya nifrət oyadan qadının səadətə qovuşması ilə bitmir. Qələbə tacını daim yaxşı işlər görənin və ya kamal sahibinin başına qoyur və nəhayət haqqı kürsüyə oturdurlar.
Tarixdən yardım almış qədirbilən xalqlar bilik qabaqcılları və fədakar öndərlər üçün heykəllər ucaldırlar. Onlar üçün yüz illik, min illik anım mərasimləri keçirirlər. Kitab və məqalələrdə daim onların adını gənclərə xatırladırlar. Avropanın bu heykəlləri, Panteonları, tarixi qəsr və muzeyləri bizim qədim məbədlərimizlə və ya imamzadə və müqəddəs məqbərələrimizlə bu baxımdan nə ilə fərqlənir? Hər ikisində bugünkü nəsil dünənki nəslin böyüklərinin ziyarətinə gedir, bütün əsrlərdə mövcud olan bir sıra pak duyğuları, əbədi düşüncə və inancları görür, hörmət edir, müqəddəs sanır və tapınır.
Bədən əzələlərimizi gücləndirmək üçün özümüzü hərəkətə və idmana vadar edirik. Düşüncəmizin məişət işlərini idarə etmək üçün təlimə, yəni müşahidə və təcrübəyə ehtiyacı var. İnsan ruhunun da labüd əxlaqi təhrikə və böyük ruhlarla tanışlığa ehtiyacı var ki, fədakarlıqları görsün, incələsin və öyrənsin. Əsas məqsəd işi görən yox, işin keyfiyyəti və özü olduğu üçün hər halda böyükərin həyat hekayələri istər mifik şeir və mifologiya şəklində olsun, istərsə də igidlik tarixi şəklində olsun, böyüklüyün öyrədilməsi üçün dəqiq dərs tapşırığıdır.
Bizim rövzə oxumağımızın kökündə bundan başqa bir şeymi dayanır? Fərz edək ki, Kərbəlada baş verənlərə çox sayda əlavələr olunmuşdur. Yaxud, belə bir hadisə baş verməmiş və ya faicədən başqa bir şey deyildir. Nəhayət nədir? Həmvətənlərimizə xoş gələn bir sıra duyğuların və fəzilətlərin canlandırılmasıdır. Başdan-ayağa haqq olmanın, şücaətin, qorxmazlığın, izzəti-nəfsin və səbirin təzahürüdür.
Ucalması mümkün olan ən yüksək dərəcədə toplanan itaət və yardımı nümayiş etdirir. İnzibat nümunəsi olan səhabələri vəsf edir. Hansılar ki, ixlası canlarından keçmə səviyyəsinə çatdırmış, öldürüləcəklərinə və dünyadan əlləri üzüləcəyinə tam əmin olduqları halda öz öndərlərindən əl çəkməmiş və şəhadət meydanında bir-birləri ilə yarişmişlar. Düşmən tərəf iradə əzəmətinin və adeya böyüklüyünün fövqəladə güc bəxş etdiyi bu az sayda insanı məhv etmək üçün minlərlə döyüşçü göndərmişdir.
Elə bir ailəni göstərir ki, özü silsilənin təsisçisi olmuş, ərəb xalqını köləlikdən və yırtıcılıqdan dünya hökmranlığına sövq etmişdir. İndi isə başçılıq meyvəsini dadmaq, fəthlərdən faydalanmaq əvəzinə mütləq haqq inancdan əl çəkməmiş, onlara vacib olan bütün iffət və böyüklüklə özlərini əsarət zəncirinə təslim və hörmətsizlik şəmşirinə təqdim edir. Son dərəcə çətin olduğu halda səbir və izzəti-nəfsindən əl çəkmir.
İnsan zəhmətsiz heç bir şeyə nail ola bilmədiyi kimi, xalqlar və millətlər də şəhid vermədən yaşaya və əzəmətli ola bilməzlər. Dünyanın bütün böyük fikirləri bəşəriyyətin qəlbinə qan mürəkkəbi ilə yazılmışdır. Əgər filosof Sokrat öz əli ilə hökumətin zəhərini içməsəydi, təlimləri dünyada məşhur olmazdı. Xristianlığa xas əlamət olan xaç nişanı İsa (ə) dininin yayılmasının onun çarmıxa çəkilməsinə bağlı olması ilə əlaqədardır. İtalyan Qaliley Yerin fırlanmasından dəm vurduğu və cəhalətini iqrar etmədiyi üçün qanını axıtdılar. Məgər Böyük Fransa İnqilabı və İnsan Hüquqları Bəyannaməsi az şəhid fəda etmişdir?
Ümumiyyətlə hər bir böyük ideyanın binası bir neçə qurbanın sümükləri üzərində qurulmuşdur. Çünki zəngin, simic ata öz xəzinəsinin biliklərini, hikmət həqiqətlərini övladlarına asanlıqla və qarşılıqsız vermir. Sonsuz xəzinə üstündə oturmuş, övladlarının ona doğru qaçmasını, əl açmasını, şənlənməsini və şirindillilik etməsini, sonda isə əliboş qayıtmasını istəyir. Zəhmət çəksinlər ki, nəfəsliyin ucundan ehtiyatları göstərsin. Canlarından, mallarından keçsinlər, yolunda könül və dindən keçsinlər ki, yanına qəbul etsin. Bir əllərinə şirin canlarını almasalar, digər əllərinə gövhər götürə bilməzlər.
Bu şəhidlik ən uca mərdlik dərəcəsi və haqq canlılarının ən qiymətli töhfəsidir ki, şəhid adını hörmətlə çəkək və ruhumuz pərvazlansın. Nəfsinin dincliyini bir kənara qoyub şəhidlərin pak düşüncələrinin uca sifətləri haqqında söhbət açılan bir məclisin pişvazına çıxan və özünü həqiqət yolu yolçularının xidmətçisi adlandıran birinə iradmı tutmaq lazımdır?
Tutaq ki, tarixdə bu keyfiyyətdə olan şəxslər olmamışdır. Dünyada belə hisslərin də bənzəri olmamışdır? Tutaq ki, dünyadan köçənlərə, həm də sizin dilinizlə desək, uydurma və ya yad köçənlərə sevgi yaxşı hal deyil. Onların həyat hekayəsinə minlərlə bəzək vuruluşdur. Kamala və kamalları eşitməyə sevgi də qınanıla bilərmi?
Nə eybi var ki, ildə bir neçə gün insanın fikri məşğuliyyətlər proqramında kiçik fasilə yaransın və maddi mənafeləri izləməkdən daha xalis dərəcələrə doğru meyl etsin. Özünə sitayiş elmindən başqa bir elmə, yatmaq və yeməkdən daha yüksək bir mühitə addım atsın. əgər qorxmaz insandırsa, özündən daha yüksək nümunələri görsün. Əgər möhnətə düçar olmuşsa, bilsin ki, daha şiddətli möhnətlərin də dözülməsi mümkündür. Əgər hakimiyyət sistemində zülm amilidirsə, bəlkə öyüd alsın və utansın.
Yaxşı, indi belə bir məclisdə oturan, insan ruhunun böyük izləri qarşısında heyran qalan, bir anlıq özünü unudan, eşq atəşi dost (bütün insan fərdlərinin daxilində olan təbii batini dost, öncə də toxunduq) havasının üfürülməsi nəticəsində alovlanan, qəlbi döyünməyə başlayan, bir az həsrət, bir az da şövq nəticəsində gözlərindən yaş axmağa başlayan insan cahil və mövhumatpərəstdirmi?
Ömür günlərinə və dünyanın vəziyyətinə yaxşı baxıb, keçmişin və indinin qəddarlıqlarla dolu olmasını, cəhalətə və fəsada qərq olmasını görüb, şəxsi və ictimai acıların yeganə çıxış yolunun həmin hökumət düşüncələri, həmin xüsusiyyətlər olduğuna əmin olsa, yanlışmı düşünmüşdür?
Əlbəttə, hiss edəndə ki, belə ədalət bayraqdarlarını və elm (həqiqi və ya xəyali) simvollarını div xarakterli ordu mənsubları bir-birinin ardınca tam daşürəkliliklə parça-parça edirlər, xüsusilə gözü ilə gördüyü və bədəni ilə hiss etdiyi zülm və haqsızlıqları xatırlayırsa, ürəyi ağrıyır, canı yanır. Buna görə də insan övladı olarsa, ağlayır və nalə edir.
Mehdi Bazərqan