21 Noyabr 2024 - 21
Aşuranın müsibəti qədir-xuma qayıdır
Aşura gününün mahiyyətini dərk etmək üçün Qədir-Xum günündə baş verənlərlə müqayisəsinə, bu iki hadisənin müqayisəli paralellərinə nəzər salmaq önəmlidir. Qədir-Xum günündə minlərlə, onminlərlə insan İmam Əlinin (ə) yanına gəlir, beyət edirlər. Sonradan isə Həzrət Əlinin (ə) padşah olmadığını, sultan olmadığını, ədalətli İlahi rəhbər olduğunu görəndə öz beyətlərini sındırırlar.
Bəli, cahil insanlar elə bilirdilər ki, Peyğəmbər (s) məktəbinin ən layiqli yetirməsi olan Həzrət Əli (ə) padşah ola bilər. Bəli, İmam Əlinin (ə) padşah olacağı ehtimalına inanan bəzi insanlar ona beyət etməyə gəlmişdi. Padşaha əlbəttə ki, beyət etmək üçün gələnlər çox olar. Birinin padşah olmaq ehimalı olanda, çox adam özünü onun yanında görmək istəyər. Sonradan görürlər ki, Əmirəlmöminin (ə) padşahlıqdan kənarda saxlandı, evdə oturur və s. Bunun səbəbi o idi ki, onlar İmam Əlini (ə) gerçək imam kimi, İlahi rəhbər kimi tanımamışdılar. Əgər Həzrət Əlini (ə) İlahi imam kimi tanısaydılar, onminlər üçün Əlinin (ə) taxtda və ya evdə oturmasının bir fərqi olmazdı. Həzrət Əlini (ə) imam kimi tanıyıb ətəyindən yapışsaydılar, İlahi höccətin zahiri məqamının onlar üçün heç bir fərqi olmazdı.
Qədir-Xumun verdiyi acı dərs budur. Aşuranın müsibəti Qədir-Xuma qayıdır. Aşurada müsibət var. Lakin bundan heç də kiçik olmayan müsibət - Qədir-Xumun müsibətidir. İmam Əlidən (ə) sonrakı İlahi höccət - İmam Həsənlə (ə) bağlı da eyni vəziyyət yaşanır. Deyirlər, "İmam Həsən (ə) bir söz deyir, Müaviyə (lən) başqa bir söz deyir. Biri səhv deyir, biri isə düz deyir. Nəhayətdə, biri bir savab qazanır, digəri iki savab qazanır". Bax belə, İlahi rəhbəri hansısa cani ilə müqayisə edirlər. İmam Həsəni (ə) İlahi höccət kimi qəbul edən heç zaman belə bir müqayisə etməyə cəsarət etməz. Bunün özü də növbəti böyük bir müsibətdir.
Aşuranın beyət edənləri-imamı (ə) ilahi höccət olaraq tanıyanlardır
Bu cinayətləri törətmiş nəslin insanları və onların övladları Kərbəlada növbəti nanəcibliyə hazır olurlar. Belə olmur ki, insanlar birdən-birə Peyğəmbər (s) nəvəsini şəhid etməyə qalxsınlar. Qədir-Xumda Həzrət Əliyə (ə) beyət edənlərlə Aşurada İmam Hüseynə (ə) beyət edənləri müqayisə edən zaman İlahi höccət anlayışını tam dərk etmək olur. Böyük ariflərdən birinin buyurduğundan bu nəticə çıxır ki, Qədir-Xumda onminlərlə insan İmam Əliyə (ə) beyət edir, padşah olmayandan sonra isə onu tərk edirlər. Kərbəlada İmam Hüseynə (ə) beyət edənlərə isə Əba Əbdillah (ə) özü getməyi buyurur. Onların üzərində heç bir öhdəlik saxlamır, beyətlərini geri götürür və getməyə icazə verir. Bildirir ki, Yezidin (lən) işi onunladır və onlar isə azaddırlar, gedə bilərlər. Lakin onlar getmirlər. Qədir-Xumda insanlar heç nə deyilməmiş, özləri beyətlərini pozurlar. Aşurada isə İmamın (ə) getmə izninə baxmayaraq, onu tək qoymurlar. Fərq bircə məsələdədir. İmam Hüseynlə (ə) şəhid olanlar Əba Əbdillaha (ə) İlahi İmam kimi etiqad edirdilər. Onlar Əba Əbdillahı (ə) Yer üzərində Allahın höccəti bilirlər. Belə olan halda onlar hara gedə bilərlər? Fərq bu qədər ciddidir. Əba Əbdillahın (ə) da heç bir iddiası yoxdur. Məsləkdaşlarının da heç bir iddiası yoxdur. İmam Hüseyn (ə) və məsləkdaşları bunu Allah bəndəsi olmaq üçün edirlər. Kufəlilər özləri çağırır, İmam Hüseyn (ə) onların köməyinə gəlir, sonra istəmirlər, o zaman ki, getmək istəyir, buraxmırlar, bu vaxt namaz üçün izn istəyir. Son ana qədər onlarla döyüşmək istəmədiyini bildirir. Kim olduğunu yadlarına salır, izah edir. Çünki İmamdır (ə), Allahın hüccətidir. Axıradək insanları batil yoldan çəkindirmək, haqq yola dəvət etmək missiyasını həyata keçirir. Heç olmasa bir nəfəri də xilas etmək üçün çalışır.
Aşura hər gün içimizdə baş verir
Kərbəla - yalnız coğrafi məkana və tarixi zamana aid olan bir hadisə deyil. Kərbəla - hər dövrə, hər zamana, hər məkana aid olan bir məsələdir. Kərbəla - hətta bizim daxilimizə də aid olan məsələdir. Bizim daxilimizdə bir Kərbəla mərəkəsi var. Aşura bizim içimizdədir. Əba Əbdillah (ə) - bizim içərimizdəki müsbət yüklü mənəvi tutumumuzdur. Hər an bizi tövbə etməyə, düz yola gəlməyə çağırır. Hər an ölümü bizim yadımıza salır. Yadımıza salır ki, artıq qocalmağa doğru gedirik. İçərimizdə mövcud olan həqiqət hər gün bizə yaşadığımız bu dünyanın müvəqqəti olduğunu bildirir. Bunlar sanki içərimizdə Əba Əbdillahın (ə) mübarək qoşunudur.
İçərimizdə Yezid (lən) də var. Qəzəblidir, şəhvətlidir, hər zaman nəyisə istəyir, heç nə ona bəs etmir. İçərimizdə bu mərəkə var, bu savaş var. Hər gün içərimizdə olan Əba Əbdillah (ə) qoşunu ilə Yezid (lən) qoşunu qarşı-qarşıya gəlir. Hər gün ki, nəfsani istəklərimiz içimizdə qalib gələn zaman, sanki içimizdə olan Yezid (lən) qələbə çalır. Bir Rüqəyyə, bir Əli Əkbər, bir Əli Əsğər məzlum olur içimizdə. Hər gün, hər həftə nə qədər Zeynəbləri (s.ə) içimizdə ağlar qoyuruq? İçimizdə nə qədər Əba Əbdillahın (ə) əhdini qırırıq? İçimizdə nə qədər bu hal olur?
Aşura bir mücərrəd mövzu deyil. Hər günümüz Aşuradır. Hər günümüz seçimdir. Öz içərimiz, daxilimiz Aşuradır. Aşuranın bütün personajları içərimizdədir. Biz nə halda, nə vəziyyətdəyik? Kimin tərəfindəyik? Daxilimizdəki cəngin nəticəsi nə olur? Aşura ideallarına sadiqlik - bu cəngin, bu savaşın nəticəsini şərtləndirir.
İlqar İbrahimoğlu