03 Dekabr 2024 - 3
Aşura, Məhərrəm və İmam Hüseynin əzadarlığı hər hansı bir tarixi məsələ deyil ki, tarixin bir küncündə qalsın, yalnız elmi bəhs kimi lazım olanda ondan bir misal çəkilsin. Sonra yenə də öz yerində qalsın.
İmam Hüseynin Məhərrəmi, Aşurası, əzadarlığı insanı dirildən, özünə qaytaran, dini insanlara qaytaran bir amildir. Bu səbəbdən hər il bu mövzular təkrar olunur. Necə ki, Qurani-Kərimi nə qədər təkrar etsən, hər dəfə təzədir. Necə ki, bir adam 60-70 il ömür sürür, lakin heç vaxt günəşdən bezmir. Çünki hər səhər günəş çıxanda onun üçün təzədir.
İmam Hüseynin əzadarlığı da hər zaman təzədir. Necə təzədir? Yəni hər dəfə insana yeni bir şey öyrədir, hər dəfə insan ondan yeni bir şey əldə edir.
Hər dəfə İmam Hüseynin nə üçün şəhid olmasının mənasını, bu şəhidliyin mahiyyətini öyrənirik. Yəni İmam Hüseynin şəhadəti qədimdən bəri dədə-babalarımızn bizə öyrətdiyi kimi deyil ki, imam su içməyə getdi, lakin ona su verməyib öldürdülər.
Həqiqət budur ki, İmam Hüseyn haqqı müdafiə etməkdən ötrü qiyam etdi. Özü buyurur ki, mən dünyanı əldə etməkdən ötrü, fitnə yaratmaqdan ötrü qiyam etmədim. Mənim qiyam etməyim yalnız və yalnız ona görədir ki, cəddim Rəsulullahın gətirdiyi dini dirçəldim.
Mirkazım Əyyubov