23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Əhli-sünnə məzhəbində əzadarlıq
29.01.2019

1. Ağlamaq və növhə demək barəsində bəzi əhli-sünnə alimlərinin nəzərləri

Mövzunun əvvəlində ölən üçün ağlamağın bağışlanılmaz böyük günah olub-olmadığını bilməyimiz üçün ağlamaq və növhə demək barəsində əhli-sünnə alimlərinin rəylərini nəzərdən keçirəcəyik.

Muhy əd-Din ən-Nəvəvi “əl-Məcmu” kitabında ağlamağın haram olmasının məhdud olan yerlərini bir yerə toplamışdır:

1. Əhli-sünnə alimlərinin əksəriyyəti bu fikirdədir ki, ağlamaq və növhə deməyin haram olması o yerlərə aiddir ki, şəxs onun üçün ağlamanı və növhə oxumanı vəsiyyət etmiş olsun. Nəvəvi də bu rəyi qəbul etmişdir;

2. Bir qrup alim isə bu fikirdədir ki, ağlamaq və növhə deməyin haram olması o yerlərə aiddir ki, şəxs onun üçün ağlamanın və növhə oxumanın qarşısının alınmasını vəsiyyət etməmiş olsun;

3. Başqa bir qrup isə bu nəzəri qəbul edib ki, haramlıq o yerlərə aiddir ki, ölən üçün ağlayanlar onu şəriətdə qadağan olan sifətlərlə yad etsinlər. Məsələn, belə deyib ağlasınlar: “Ey övladlarını yetim qoyan! Ey qadınları dul qoyan! Ey abad evləri xaraba qoyan!”;

4. Başqa bir qrup isə belə əqidədədirlər ki, meyit ailəsinin ağlamaq və nalə səslərini eşidəndə əzab çəkir və onların bu halına təəssüf hissi keçirir. Bu nəzər Məhəmməd ibn Cərir və Qazi əl-Əyyazın nəzəridir.
Sonda isə ən-Nəvəvi bu nəzəri alimlərin icma etdiyi bir nəzər hesab edir: “Məzhəbləri fərqli olsa da, bütün alimlər bu məsələdə icma etmişlər ki, haram hesab edilən ağlamaqdan məqsəd sadəcə göz yaşı tökmək deyil, əksinə, səs-küy salaraq növhə deyib ağlamaqdır.” Buradan da aydın olur ki, əhli-sünnə alimlərinin nəzərində sadəcə ağlamaq haram deyildir.

2. Hicrətin 352-ci ilində İmam Hüseyn (ə) üçün əzadarlıq məclislərinin qurulması

Əz-Zəhəbi “Vəqaye” kitabının şərhində 352-ci ilin əzadarlığını belə yazır: "Sabit deyir: “Muizz əd-dövlə bazarların bağlanmasını əmr etdi. Dəyirmanlarda un üyüdülməsini və aşpazxanaların fəaliyyətini qadağan etdi. (Məmurlar) əzadarlıq bayraqlarını bazarlardan asdılar. Qadınlar baş-gözlərinə vura-vura saçları dağınıq halda küçələrə tökülüşdülər, əzadarlıq edib növhə oxudular. Bu, Bağdad şəhərində əzadarlıqla bağlı birinci mərasim idi”.

3. Əhli-sünnə alimlərindən olan Sibt ibn əl-Cəuzinin vasitəsilə İmam Hüseynə (ə) əzadarlıq məclisinin təşkil edilməsi

Digər tərəfdən də bəzi əhli-sünnə alimlərinin arasında İmam Hüseynə (ə) əzadarlıq etmələrinin şahidi də vardır. İbn Kəsir “əl-Bidayə və ən-nihayə” kitabında belə yazır: "Aşura günü camaat Sibt ibn əl-Cəuzidən istədi ki, minbərə çıxıb İmam Hüseynin (ə) şəhadətindən, onun keyfiyyətindən danışsın. O bu istəyi qəbul edib minbərə qalxıb minbərə söykəndi. Uzun bir sükutdan sonra dəsmalı götürüb üzünə qoydu və şiddətlə ağlamağa başladı.

Bu zaman ağlayaraq bu iki beyti söylədi: “Vay o kəsin halına ki, şəfaətçisi onun düşməni olsun! Qiyamət günü surətlərə üfürüləcək, sonda Fatimə məhşərə gələcək! Hüseynin qanına bulaşmış paltarı geyinmiş halda!”
Sonra Sibt ibn əl-Cəuzi minbərdən enib göz yaşı tökərək evinə getdi.

4. Əbd əl-Mömin (v. 346 h. q.) üçün əzadarlığın keçirilməsi

Əbd əl-Mömin ibn Xələf Zahirilik məzhəbinin fəqihlərindən və Məhəmməd ibn Davudun ideoloji məktəbinin davamçılarından olmuşdur. Əbu Cəfər ən-Nəsəfi onun cənazə müşayiətinin və orada əzadarlıq keçirilməsini nəql etmişdir.

5. Əl-Cuveyni əş-Şafei (v. 478 h.q.) üçün əzadarlığın keçirilməsi

Əz-Zəhəbi İmam əl-Hərəmeyn əl-Cuveyninin ölümü və onun üçün əzadarlığın keçirilməsi barədə belə yazır: “Onu atasının yanında dəfn etdilər. Əza məclisində onun minbərini sındırdılar. Bazarları bağladılar. Onun məclisində qəsidələr oxudular. Onun 400-ə yaxın tələbəsi var idi. O tələbələr bütün qələmlərini, mürəkkəb qablarını sındırdılar və bir il əza saxladılar. Onlar bir il başlarına bağladıqları çalmanı bağlamadılar. Bu işə o qədər israr etdilər ki, heç kəs başına çalma bükməyə cəsarət etmirdi. Bu müddətdə tələbələr şəhərin küçə və bazarlarında gəzir, növhə oxuyur, ifrat dərəcədə qışqırıb dözümsüzlük göstərirdilər”. Əlbəttə ki, yuxarıdakı mətndə qeyd olunan tələbələrin əzadarlığı özü-özlüyündə təqdirəlayiqdir. Lakin onların bəzi ifrat dərəcədə gördükləri işlər qəbuledilməzdir. Minbəri, qələmlərini və mürəkkəb qablarını sındırmaları, bir il başlarına çalma bağlamamaları, hər kəsi bu işdən çəkindirmələri heç vaxt təqdirəlayiq hesab edilə bilməz. Bəlkə də, əz-Zəhəbi elə bu şeylərə görə öz nəzərini belə bildirmişdir: “Nəzərim budur ki, bu cür işlər əcəmlərə aiddir, dinə tabe olan alimlər belə işləri etməzlər”.

6. İbn əl-Cəuzi (v. 654 h.q.) üçün əzadarlığın keçirilməsi

Əz-Zəhəbi İbn əl-Cəuzinin ölümü haqqında yazır: “Sibt ibn əl-Cəuzi cümə gecəsi şam və işa namazları arasında, Ramazan ayının on üçü dünyadan köçmüşdür... Bazarlar bağlandı, bir çox insan onun yas mərasiminə gəldi... Camaatın çoxluğu, havanın çox isti olması camaatı oruclarını açmağa vadar etdi və bir çoxu özlərini istidən suya atdılar... Ramazan ayı boyunca camaat onun qəbrinin kənarında gecələdi, onun qəbrinin üstündə şam yandırıb Quran xətm etdilər. Şənbə günü əzadarlıq məclisi təşkil etdilər, onun barəsində çıxışlar olundu. Çox insan iştirak edirdi. Onun barəsində mərsiyələr oxundu...”

7. Ömər ibn Əbd əl-Əzizin vəfatında (v. 101 h.q.) asimanın ağlaması!!!

Xalid ibn Rəbi deyir: “Tövratda yazılmışdır ki, göy və yer qırx gecə-gündüz Ömər ibn Əbd əl-Əziz üçün ağladı!!!”

8. İbn Əsakirin vəfatında (v. 571 h. q.) asimanın ağlaması

Oğlu deyir: “Həmin il yağış yağmamışdı. İbn Əsakir vəfat edəndən sonra və cənazəsini yerdən götürəndə asiman yağmaq vəziyyətinə düşdü. Sanki bu yağış asimanın göz yaşları idi, belə ki, bol-bol və şiddətlə yağacağını göstərirdi”.

9. Əhli-sünnə alimlərinin ikili standartlara uyğun reaksiyası

Bu qədər izahlı şəkildə sizə təqdim olunan mətləblərlə yanaşı necə olur ki, əhli-sünnə tarixçiləri İmam Hüseynə qurulan əza məclislərini öz kitablarında yazarkən özlərinin əks-reaksiyasını gizlədə bilmirlər? Əz-Zəhəbi Bağdad əhalisinin İmam Hüseyn üçün əzadarlıq keçirmələrini nəql edərkən yazır: “352-ci ilin hadisələri: Bu ilin Aşura günündə Muizz əd-Dövlə Bağdad əhalisinə Hüseyn ibn Əli üçün matəm saxlamalarına göstəriş verdi. Əmr verdi ki, bazarları bağlasınlar, əza bayraqlarını assınlar, aşpazxanalar yemək bişirməsinlər. Şiə-rafizi qadınları saçları pərişan halda, üzlərinə vuraraq küçəyə çıxdılar, camaatı fitnəyə saldılar. Bu, Onun üçün keçirilən birinci əzadarlıq idi. İlahi, bizim ağlımızı sabitqədəm elə”!

Əz-Zəhəbi başqa bir yerdə Aşura əzadarlığı barəsində yazır: “Aşura günü rafizilər cahiliyyət şüarını ucaltdılar…” “O dövrdə rafizilər Aşura günündə özlərini döymək, ağlamaq və nalə çəkmək kimi işlərin vasitəsilə öz azğınlıqlarını davam etdirdilər”.

Əz-Zəhəbi hicrətin 388-ci ilin hadisələri barəsində belə yazır: “Aşura gününün müqabilində ondan səkkiz gün sonra Müsəb ibn Zübeyrin ölüm gününü qeyd etdilər. İmam Hüseynin qəbrini ziyarət etdikləri kimi onun da qəbrini Məskin adlı bir yerdə ziyarət etdilər”.

İbn Kəsir də bunun kimi bir fikir bildirmişdir: “Rafizilər öz pis bir bidətini (Aşura günü) yerinə yetirdilər”.

Doqquzuncu əsrin əhli-sünnə alimlərindən olan Cəmal əd-Din Əbu əl-Məhasin Yusif ibn Təğribirdi əl-Utabəki Bağdad camaatının əzadarlıq keçirmələrini belə yazır: “Hicrətin 352-ci ili, Əli ibn Əl-Əxşidin hakimiyyəti. Bu ildə Aşura günü Muizz əd-Dövlə camaata bazarların və aşpazxanaların bağlanmasını, matəm bayraqlarının bazarlarda asılmasını göstəriş verdi... Hüseyn ibn Əli (r.a) üçün matəm məclislərinin qurulmasını tapşıdı... Bunların hamısı xəbis rafizilərdir”.

Gördüyünüz kimi bu sünni alimləri İmam Hüseynin əzadarlıq məclislərinə qarşı bu qədər sərt olmalarına baxmayaraq, öz sünni alimlərinin əzadarlığını, hətta asimanın onlar üçün ağladığını bu qədər rahatca öz kitablarında nəql edir, lakin sakitcə onların bu işini tənqid etmədən qırağa çəkilirlər. Görəsən niyə?


Mənbə: "İmam Hüseynə (ə) əza saxlamaq bidətdirmi?" - Şübhələrə cavab təhqiqat qrupu