03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

05.02.2019

Məhərrəmlik ayında öz evlərində əzadarlıq mərasimi keçirər, mərsiyəxanları çağırtdırıb məclis qurardılar. Beləliklə, dillə olan sifarişlər, əməli olaraq göstərdikləri yol, mərasim və ziyarətlər üçün qeyd olunmuş savablar, nəhayət Allahın bu məhəbbəti möminlərin qəlbində yerləşdirməsi, Kərbəla hadisəsini bəşər tarxinin misilsiz səhifəsinə çevirmişdir. Qarşıya bir neçə sual meydana çıxa bilər. Bütün bunların insanların həyatında nə kimi təsiri, rolu olmuşdur? Biz bilirik ki, Peyğəmbərin (s) məqamı imamların məqamından yüksəkdir. Bəs nə üçün Peyğəmbərin vəfatında belə əzadarlıqlar keçirmirik? Nə üçün İmam Hüseyn (ə) üçün deyilmiş sifarişlər Peyğəmbər (s) üçün edilməmişdir?

Əgər imamlarımızın fəzilət dərəcələrinə baxsaq, onların özlərinin buyurduqlarına əsasən, görərik ki, Əmirəl-möminin Əlinin məqamı hamısından üstündür. Elə bu səbəbdən də, biz həzrət Əlinin şəhadəti münasibəti ilə əzadarlıq keçiririk. Lakin bu, İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıqla müqayisədə çox zəifdir. Görəsən, İmam Hüseynin (ə) müsibətinin hansı xüsusiyyəti onun bu qədər əhəmiyyətli olmasına və belə mərasimlərin keçirilməsinə səbəb olmuşdur? Nəql olunan rəvayətlərə əsasən, İmam Hüseynin zikri, onun müsibətinə göz yaşı axıtmaq hələ həzrət Adəmin zamanında olmuşdur. Hələlik bu kimi rəvayətlərlə işimiz yoxdur. Başqa bir rəvayətə əsasən, bütün peyğəmbər, övliya və mələklər İmam Hüseyn üçün ağlayırlar. Bəs görəsən, o əziz imam haqqında Peyğəmbərin (s) buyurduğu nədir? Rəsuləllah (s) buyurmuşdur:
“Hüseyn məndəndir, mən də Hüseyndənəm”
.

“Hüseyn məndəndir” cümləsinin mənası aydındır. Amma “mən də Hüseyndənəm” cümləsinin mənası nədir? Yaxud, adətən məscid və hüseyniyyələrdə yazılıb vurulan məhşur bir rəvayətdə belə buyurulmuşdur: “Hüseyn hidayət çırağı, nicat gəmisidir.” Bizim bütün imamlarımız hidayət çırağı olublar, onların hamısı nicat gəmisidirlər. “Camiə” ziyarətində oxuyuruq: “Sizin hamınız nicat gəmisisiniz. Hər kəs sizin ətəyinizdən yapışsa, nicat tapmışdır, hər kəs sizdən üz döndərsə, geri qalar və həlak olar”. Bütün imamlarımızda bu xüsusiyyət vardır. Bəs görəsən İmam Hüseynin xüsusi məziyyəti nədir?

Sözsüz ki, İmam Hüseynin şəxsiyyəti, ilahi təqdirin onun həyatı üçün nəzərdə tutduğu şərait o həzrətə və onun şəhidlik məktəbinə xüsusi bir məziyyət verirdi. Bunlar özü bərəkət mənşəyi ola bilərlər. Eləcə də, imamlarımızın vahid nurdan xəlq edildiyinə e᾿tiqadımız var. İmam Hüseynin yerinə hər hansı bir imam olsaydı, həmin məsləki, yəni, şəhidlik yolunu seçəcəkdi. Misal üçün, İmam Həsən (ə) ilk növbədə müharibə etdi, amma sonra sülh müqaviləsi imzaladı. İmam Həsənin İmam Hüseyn (ə) ilə müqayisədə sülh simvolu olduğunu iddia edənlər çoxdur. Bu o demək deyil ki, bu şəxslərin İslamdan başa düşdükləri və ya çıxardıqları hökmlər fərqlidir. Yəni, belə başa düşülməməlidir ki, biri sülh, digəri müharibə və qiyam tərəfdarı olmuşdur. Xeyr! Bizim əqidəmizə görə, İmam Hüseyn də İmam Həsənin yerində olsaydı, onun kimi rəftar edərdi. Başqa imamlarımız da belədir. Rəftar və metodlarda olan fərq ayrılığı ictimai şəraitin onların öhdəsinə qoyduğu zəruriyyətdən doğurdu. Şəraitin xüsusiliyi və bu şəraitdən doğan tələblər imamın bəşəriyyətə doğru yolu göstərməsi üçün zəmin yaratmışdı; məhz belə bir şərait bəşər tarixində heç kəsə nəsib olmayan qeyri-adi bir rolu ifa etmək zəruriyyətini doğurmuşdu. Bu rəftarı təyin edən xüsusi şərait idi və ya dini təbirlə desək, ilahi təqdir və Allah-taalanın istəyi bu imkanı yaratmışdı. Çünki, ictimai şəraitin özü də Allahın əlindədir. Bütün şeylərin silsilə səbəbləri Allahın iradəsində tamamlanır. Bu iki mətləb, bir qəpiyin iki üzü kimidir. “Allah-taala bu xüsusi şəraiti İmam Hüseyn (ə) bəxş etmişdir” və ya “Bu şərait İmam Hüseynin yaşadığı mühitin tələblərindən doğan zərurət idi” ifadələri eyni mənanı əks etdirən müxtəlif təbirlərdir. Çünki, şəraitin özü də Allahın iradəsinə bağlıdır və hər bir şey Onun təqdiri əsasında baş verir. Araşdırmağa ehtiyac duyduğumuz başqa bir sual isə, İmam Hüseynin bu nailiyyəti doğuran həmin xüsusiyyətlərə necə nail olmasıdır. İnsanlar bu əzadarlıqlardan dünya və axirət işlərində necə faydalanırlar? Çünki, mömin üçün dünya, axirətə qovuşmağın təkamül pilləsidir. Biz burada yeni həyata hazırlaşan ana bətnindəki körpə kimiyik. Həqiqi həyat ölümdən sonra başlayır.“Həqiqi həyat bu dünyadan sonradır”.

Mizbah Yəzdi