21 Noyabr 2024 - 21
Təhdid və tamahlandırmanın qarşısında imanı gücləndirmək lazımdır. İnsanın bu amillərin təsiri altına düşməsinin əsas səbəbi imanın zəif olmasıdır. İmanı zəif olan insanlar haqq səslərini ucaldacağı təqdirdə, öz mövqelərini itirəcəklərindən qorxur, işlərində maneələrin yaranacağından ehtiyat edirlər. Bütün bu bəlaların qarşısını almaq üçün imanımızı gücləndirməliyik. İmanın gücü təkcə mütaliə deyil, əməl ilə də bağlıdır. Əlbəttə, ilkin növbədə öyrənib məlumat əldə etmək lazımdır. Lakin öyrəndiklərinizi real həyatda tətbiq etməsəniz, bir nəticə əldə etməyəcəksiniz. Əksinə, elmləri mənimsəmək üçün sərf etdiyiniz enerjini israf kimi qiymətləndirəcəksiniz. Əgər bir insan namaz qılmasa, namaz haqqında nə qədər kitab oxusa belə, imanı güclənməyəcəkdir. Hətta bu sahədə yüzlərlə kitab mütaliə etsə belə, imanına heç bir təsiri olmayacaqdır. İman əməlin, təlimin sayəsində qüvvət tapır. Özünüzə təlqin etməlisiniz ki, millətim, dinim məndən onun yolunda canımı fəda etməyimi istəsə, mən bu şəhadətə hazıram. Bu yerdə yaxşı olardı ki, İmam Hüseynin (ə) öz təlimatından istifadə edək.
İmam Hüseyn Aşura günü səhabələrinə belə buyurdu: “Ey azad insanların övladları və ey şərafət sahibləri, dözümlü olun!” Əvvəl xitab edir ki, sizlər şərəfli və böyük şəxsiyyətlərin övladlarısınız. Daha sonra buyurur: “Ey igidlərin qəhrəman övladları! Bir az səbr edin, bu ölüm sizi hər cür çətinliklərdən, dərdlərdən, pisliklərdən qurtarıb ucsuz-bucaqsız cənnətlərə, tükənməz nemətlərə çatdıracaqdır.”
Bu cümlələr üzərində az da olsa, fikirləşin! Sizcə, ölüm sizi möminlərin zindanı olan bu dünyadan çıxarıb behişt qəsrlərinə çatdırarsa, bu işi sevmək lazımdır, ya ondan qaçmaq? Bundan qorxmalı, yoxsa ona tərəf tələsməliyik? Ölümün siz müsəlmanlara nəsib etdiyi nemət cənnət, düşmənlərinizə nəsib etdiyi isə, cəhənnəmdir. Çünki bu dünya, axirətlə müqayisədə möminə necə zindan olduğu halda, kafir üçün də bütün bədbəxtliklərinə, çətinliklərinə baxmayaraq, cənnət yerindədir. Çünki kafirin axirətdəki əzabı bu dünyanın əzabı ilə müqayisədə şiddətli və çətin olduğundan, bu dünyanın əzablarına dözmək onun nəzərində cənnətə bərabərdir. Kafirlərə görə, ölüm onları cənnətlərindən çıxardıb cəhənnəmə götürür. Lakin mömin üçün ölüm, cənnətə yetişmək üçün bir vasitədir. Bu halda qorxub, çəkinmək nəyə gərəkdir? İmam Hüseyn (ə) bu sözlərlə öz dostlarının ruhiyyəsini gücləndirirdi. Cavan bir yeniyetmənin bu sözləri deməsi dəlilsiz deyildi: “Ölüm mənim üçün baldan da şirindir.” O, İmam Hüseynin (ə) əli altında böyümüşdü. Biz də əgər özümüzü Hüseyndən (ə) hesab ediriksə, bu təlimlərdən istifadə etməli, zillət altında yaşamaqdansa, ölümün üstün olduğuna iman gətirməliyik. Törədilən sitəm və zülmlərə, uydurulan bidətlərə, çıxarılan hoqqabazlıqlara nə qədər dözməliyik? Əgər bütün bunlara son qoyacaq ölümdürsə, şərəfli, ləyaqətli bir ömür yaşaya bilmiriksə, onda ölüm yaşadığımız həyatdan daha yaxşıdır.
İmam Hüseyn (ə) buyurur: “Mənim cəddimə, atama, qardaşıma qovuşmaq istəyim necə də çoxdur! Yusif peyğəmbərin qardaşları tərəfindən quyuya salınıb çətinliklərə məruz qaldığı günlərdə atası Yəqub onu görməkdə nə qədər həvəsli idisə, mənim də cəddimə, atama qovuşduracaq ölümə şövqüm bir o qədərdir.” Biz Peyğəmbərin (s) və imamların həyatından bu dərsləri öyrənib, başqalarına da öyrətməliyik. Biz Allah yolunda ölümə hazır olduğumuz təqdirdə, heç kəs bizim üzərimizdə hökmranlıq əldə edə bilməz.
Mizbah Yəzdi