21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əmr be məruf və nəhy əz münkərin genişliyi
08.03.2019

Allah-taala belə bir ictimai məsuliyyətə çox yüksək dəyər verir. Əmr be məruf bir yerdə təsir göstərməsə, həmin işdə əmr be məruf və nəhy əz münkər etmək lazımdır, ya yox? - sualına cavab verməklə, söhbətimizi davam etdirməyə çalışacağıq. Bunun ən pis forması isə haqq sözü qəbul etməmələri ilə yanaşı, düşmənçilik də etmələri idi. Əmr be məruf edənə əziyyət edir, vurur, hətta öldürürlər də. İndi əmr be məruf edəni öldürən şəxslərlə necə davranmalıyıq? Əgər yadınızdadırsa, bir qədər əvvəl söylədiyim rəvayətlərdə bu cür adamların təklifi çox aydın verilmişdi. Orada, əgər iş gəlib bu yerə çıxarsa, onlarla cihad etmək lazım olduğu göstərilmişdi. Yəqin ki, bu mətləbi nə üçün söylədiyimi başa düşürsünüz. Bunları ona görə xatırladıram ki, bir tərəfdən əmr be mərufun məna genişliyi o qədər əhatəli olur ki, cahil adamın təliminə də şamil olur. Siz əgər öz övladınıza namazı öyrətmək istəsəniz, bu işiniz cahilin təlimi ilə, əmr be mərufun əhatə dairəsinə aid olur. Baxmayaraq ki, bu məsələ də əmr be məruf sayılır. Göstərilir ki, bunun özü də bir növ əmr be məruf sayılır. Rəvayətlərdə göstərilən moizə və nəsihət etmək, mülayim rəftar, şirin dil həmin məsələnin bariz nümunələrindəndir. Ayələrə diqqət etdikdə də eyni nəticəyə gəlmək olur. Düzdür ki, bəzi fəqihlər buyururlar: “Əmr be məruf xahiş və təmənna kimi deyil, əmr formasında deyilməlidir.”

Başqa bir tərəfdən də bu işin əhatə dairəsi o qədər genişlənir ki, cihad etməyin özü belə, əmr be mərufun əhatə dairəsinə şamil olur. Ruhani alimlərin diqqət yetirmələri üçün bu məsələni də xatırladım ki, əvvəllər əksər hədis kitabları arasında əmr be məruf adlı bir bölmə olmayıb. “Əlcihad” kitabı olub ki, onun sonunda sadəcə “Əmr be məruf və nəhy əz münkər” adlı fəsil gətirilib. Şeyx Tusinin «Təhzibül-üsul» kitabı həmin nümunələrdəndir. Amma cihad bəhsinin axırında son bab olaraq «əmr be məruf» da göstərilmişdir. Yəni, əmr be mərufun məfhumu iki cür anlaşılır. Biri həmin risalələrdə göstərilən xüsusi istilahi anlamdır. Bu mənada əmr be məruf cihada aid edilmir. Çünki, zərər qorxusu olmayacaq cihadımız yoxdur.

Bir yerdə ki, insan qılınc çəkib, qan tökəcək, başqa təbirlə desək, “ölüb-öldürəcək”, nə mənası vardır ki, deyilsin: “O vaxt cihad edə bilərsən ki, sənə zərər qorxusu olmasın.” Müharibədə insana halva-çörək paylamırlar ki! Ümümiyyətlə, cihad, zərər ehtimalı, bəlkə də zərərinə yüz faiz yəqini olan bir məsələdir. Deməli, cihadın nümunəsi olduğu əmr be mə’rufun bir növü də o yerdədir ki, nəinki orada zərər ehtimalı var, bəlkə də bu zərərin olmasına qəti yəqinlik də var. Bu məsələnin başqa bir nümunəsi də var ki, orada artıq məsələnin əmr be mərufa şamil olub olmamasında ixtilaf vardır. Fəqihlər arasında bəhs olunur ki, cahilin təlimi əmr be mərufun əsas hissələrindəndir və ya başqa müstəqil bir babdır. Bəzi fəqihlər “Yədunə iləl xəyri və yəmrunə bil mərufi” ayəsindəki cümlənin birinci hissəsini xeyir işə dəvət hesab edib, cahilin təlimi məsələsinə də şamil edirlər. Deməli, əmr be mərufun bir mənası çox aydındır və bunu hamı başa düşür. Belə əmr be məruf adi işlərə şamil olur. İslami dəyərlərin hakim olduğu cəmiyyətlərdə hökumət iqtidar sahibidir və əgər birinə - niyə bu pis işi görürsən? - deyə müraciət olunsa, həmin adam xəcalət çəkib, başını aşağı salar və ya üzürxahlıq edər, ya onu təqsirləndirən şəxsin səhv iddiada olduğunu söyləyər. Belə bir şəraiti olan İslami cəmiyyətdə əmr be məruf həmin adi əmr be mərufdur. Amma əmr be mərufun digər dərəcələri bu cür deyildir.

Əgər əmr be mərufu ümumi mənada götürsək, bir tərəfdən cahilin təliminə şamil olacaq, digər tərəfdən də axırıncı mərhələyə, yəni cihada qədər çatacaqdır. Çünki, cihad Allah qanunlarının üstünlüyünü həyata keçirmək üçündür. Əgər İmam Hüseyn (ə) mən əmr be məruf və nəhy əz münkər etmək istəyirəm – deyə buyurursa, nəzərində bizim düşündüyümüz əmr be mərufun məhdud mənasını tutmur. Nəzərdə tutduğu məsələ, əmr be mərufun ümumi mənasıdır. Deməli, əmr be məruf və nəhy əz münkərin iki istilahi mənası var. Biri xüsusi istilah olub, bizim risalələrdə rastlaşdığımız mənasıdır. Bu mənada əmr be məruf adi məsələ və şəraiti nəzərdə tutur. İstisnai hallarda, mühüm işlərdə əmr be məruf digər ümumi mənaya aid edilir və biz əmr be mərufun başqa sahələrində belə bir şəraitlə üzləşirik. İndi burada belə bir sual qarşıya çıxır ki, İmam Hüseyni (ə) ölüm ayağına qədər aparan əmr be məruf hansı növ əmr be məruf idi? Xüsusilə də bəziləri bu əqidədədirlər ki, İmam öldürüləcəyini yəqin bilirdi. Biz də imamın öz aqibətinin nə ilə qurtaracağını bildiyinə, bu işdən əvvəlcədən xəbərdar olduğuna inanırıq. Əlbəttə, hal-hazırda bu məsələ ətrafında söhbət aparmaq istəmirik, amma yəqinimiz var ki, İmam Hüseyn (ə) Kərbəlada öldürüləcəyini əvvəlcədən bilirdi. Əgər o həzrət bu işdən xəbərdar olmasaydı belə, ən azından belə bir ehtimalı verə bilərdi. Bir sıra adamlar ona nəsihət edib İraqa getməsinə mane olmaq istəmişdilər. Deyirdilər: ”İraqa getmə! Kufə əhalisinin atanın və qardaşının başına nə oyun açdığını bilmirsənmi?! Getsən həlak olacaqsan!” İmam (ə) cavab verirdi: “Allah hamınızdan razı olsun ki, mənə ürəyiniz yanır, nəsihət edirsiniz, amma mənim üzərimdə əməl etməli olacağım bir vəzifə var.” Ətrafdakı adamlar belə bir şeyi başa düşürdülərsə, İmamın özü belə bir ehtimal verə bilməzdimi?! Bu söz heç də inandırıcı deyildir. Deməli, qəti olaraq can və malının təhlükəyə düşəcəyini bilməsə də, ən azından belə bir ehtimalı verə bilərdi. Bəs bu necə əmr be mə’ruf idi? Cavabı budur ki, əmr be mə’rufun bu növü ümumi mə’naya aid olub, bizim başa düşdüyümüz xüsusi mə’nadan fərqlənmişdir.

Mizbah Yəzdi