23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Seyyidüş-şühəda müsibəti dualarda
27.03.2019

Həzrət Zeynəbin taqətsizliyi və huşdan getməsi, onun İmam Hüseynə (ə) olan sonsuz məhəbbəti və habelə seyyidüş-şühəda müsibətinin əzəmət və böyüklüyündən xəbər verir. Bu əzəmət və böyüklük Aşura ziyarətində də aydın nəzərə çarpır. «Ya Əba Əbdillah, ləqəd əzumətir-rəziyyətu. Vəcəllət və əzumətil musəbtu bikə ələyna və əla cəmii əhlil islami vəcəllət və əzumət musibətukə fissəmavati əla cəmii əhlis-səmavat». “Ey Əba Əbdillah! Həqiqətən sənin müsibətin böyük müsibətdir. Sənin müsibətin bizə və bütün islam əhlinə böyük və əzəmətlidir.”

Sənin müsibətin göylərdə bütün səmavi mövcudlara da böyük və əzəmətlidir. Həzrət İmam Hüseynin müsibətinin əzəmət və böyüklüyünü İmam Zamanın (ə) müqəddəs nahiyə ziyarətindəki yanıqlı sözlərindən də başa düşmək olar. O, seyyidüş-şühədaya xitabən deyir: “Baxmayaraq ki, dövran bizi ayrı saldı və Allahın təqdiri məni sənə kömək etməyə qoymadı. Mən o vaxt olmadım ki, səninlə döyüşənlərlə döyüşüb, sənin düşmənlərinlə düşmənçilik edəm. Amma, sənin müsibətlərin üçün təəssüf və həsrətlə gecəgündüz ağlaram. (Və əgər gözlərimin yaşı qurusa) sənin üçün yaş yerinə qan ağlaram, qəm və qüssənin şiddətində can verənədək!”

İmam Hüseynin şəhadətinin ağırlığı İmam Rzanın (ə) dilindən də belə əks olunmuşdur. «Ləqəd bəkətis-səmavatis-səbi vəl ərəzunə liqətlihi». “Seyyidüş-şühədanın şəhadətində yeddi asiman və yerlər ağladılar.” Həmçinin buyurur: «Ləmma qutilə cəddiyəl Husəyn əmtərət-tisəmau dəmən və turəbən əhmərə». “Cəddim Hüseyn ölən zaman səmadan qan və qırmızı torpaq yağdı.” Əcəba! Bu nə müsibətdir ki, yer və göyləri, cin və mələkləri, aləmin bütün mövcudatını matəmə qərq etdi! Zeynəbin böyük qəlbi isə əzəmət və təntənə ilə bu müsibətlərə tamaşa edir və öz təmkini ilə hamını heyrətə salır. Bəli, Zeynəb ruhu kimi əzəmət və cəlallı bir ruh, Zeynəb qədəmləri kimi möhkəm qədəm, Zeynəb qəlbi kimi böyük qəlb və Zeynəb ürəyi kimi geniş ürək lazımdır ki, bütün bu müsəbətli yolları qət edib axıracan hərəkət etsin.