21 Noyabr 2024 - 21
Əfsuslar olsun ki, bəzi xətiblərimiz əsaslı tarixi qaynaqlara deyil, əlinə keçən sıradan olan bir ruhaninin yazdığı kitaba istinad edərək insanlara tarix nəql edir. Bir təhrif buradan əmələ gəlir. İkinci təhrif bizim əziz mərsiyəxan və rövzəxan qardaşlarımızdandır ki, mərsiyə və rövzə ədəbiyyatına əlavələr gətirirlər və mənim özümün son zamanlar barışa bilmədiyim məsələ musiqi notları altında mərsiyələrin oxunmasıdır. Yəni, artıq bu məsələni öz sərhədindən cıxarırlar.
Hadisələri olduğu kimi insanlara təqdim etmək istəmirik. Biz bunu görmüşük, cavanlıqda da yaşamışıq. Bəzi insanlar var idilər gəlirdilər nəqlən, yəni nəzm yox nəsr şəklində İmam Hüseynin (ə) başına gələni danışırdı və insanlar ağlayırdı. Məqtəl oxuyurdular, hətta səsinə məlahətdə vermirdi. Adi danışıq qaydası ilə danışırdı ki, İmam Hüseyn (ə) gəldi belə etdi, Əli Əsğəri belə oxladılar, xanım Ruqəyyəyə bu cür əziyyət verdilər və s. Onun sadəcə danışığı insanların qəlbini yarıb ağladırdı. Heç kimə lazım deyildi ki, bu musiqi üzərində oxunsun. Çünki İmam Hüseyni (ə) seçənə musiqi lazım deyil. Bizə lazımdır ki, bu məktəbi düz qoyaq qarşımıza və düz aparaq.
Başqa bir təhrif əzadarlığın modellərində olan təhrifdir. Kopyalama mədəniyyəti bu xalqlarda yaxşı nəticəyə gətirib çıxartmır. Hər bir xalqın öz əza metodu var. Biz bunu görmüşük. Az da olsa bəzi səbəblərdən müxtəlif ölkələrdə olmuşuq. Əfqanıstanda olan şiələrin bir ayrı əza saxlamaq modeli var, Ərəbistanda ayrı, Türkiyə şiələrində, İraq şiələrində, Livan şiələrində, İranda, Azərbaycanda bir ayrı əza metodu var. Hər millətin öz adəti yüz illər boyu yaşatdığı, gətirdiyi normal əza saxlama metodları var və ondan istifadə edir. Kimdənsə belə bir əzanı götürüb özünə gətirib kopyalamaq insanlara yad əza növü təqdim etməkdir.