23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

Kərbəlanın təmənnasız fədakarlıq dərsi
22.12.2017

Kərbəla məktəbi niyə illərdir yaşayır? Bunun bir neçə xüsusiyyəti var. Biri budur ki, Əba Əbdillahın (ə) və mübarək Kərbəla şəhidlərinin heç kimdən və heç nədən zərrə qədər təmənnası yoxdur. Bu da Kərbəla məktəbinin Allah bəndəsi olmaq istəyənlərə birinci mesajıdır. İslam xidmətçiləri, İslam yolunda xidmət edənlər təmənnalı olmamalıdır. İnsanlara minnət qoymaq olmaz. Əsir olan da, şəhid olan da Kərbəlada öz vəzifəsini yerinə yetirir. Heç bir kəsdən, heç nəyə görə təmənna etmir. Onları yalnız bir şey maraqlandırır - Allaha bəndə olmaq. Onlar Əba Əbdillahın (ə) məktəbində şagird olmaq istəyirlər. "Əba Əbdillah (ə)" - "Abdullahın atası" sözünün də mənası elə budur - Allaha bəndə olmaq istəyənlərin, bu məktəbdə oxuyanların mənəvi atası. Əzadar da bu məktəbə şagird olmağa gəlib. Əzadar bu məktəbdə insanlıq dərsi keçməyə gəlib.

Allahını dərk edən özünü kiçik görər

Kərbəlanın çatdırdığı ikinci mesaj - Kərbəla qəhrəmanlarının mərifətləridir. Onlar öz Rəbblərini tanıyıblar. Allahı tanıyandan sonra insan özünün kiçikliyini anlayır. Allahı tanımayan insanın mənəm-mənəmliyi çox olur. Kərbəla şəhidinin xüsusi cəhəti budur ki, o, Rəbbini tanıyır. Rəbblərini tanıdıqları üçün kiçiklərini də izhar edirlər. Həzrət Əmirəlmöminin (ə) mübarək "Nəhcül-Bəlağə"sində buyurur: "Allahın böyüklüyünü dərk edən insanın gözündə hər şey kiçik görünər". Allahın böyüklüyünü dərk edən insan üçün hər şey, o cümlədən özü də kiçikdir. Alimlərdən biri Xanım Zeynəbin (s.ə) məqamı haqqında buyurur: "Əgər bir insan Xanım Zeynəbin (s.ə) məqamının nə dərəcədə yüksək olduğunu bilmək istəyirsə, Xanım Zeynəbin (s.ə) bu kəlamına diqqət etsin. Əsirlər şəhidlərin cənazələri ilə vidalaşarkən, Xanım Zeynəb (s.ə) qardaşı İmam Hüseynin (ə) cənazəsinin kənarında dayanır, əllərini göyə qaldırır və Allaha belə münacat edir: "İlahi, bu az qurbanlıqları bizdən qəbul et"". Allahı tanıyan adam özünün, özünün etdiklərini kiçik görür. Allahı tanıyan adam öz şəhidlərini az qurban görür. Allahı tanıyan adam öz gördüyü işləri naqis görür.

İnsanların çoxu Allah yolunda bir az iş görən kimi onu olduqca böyük bir məsələ kimi göstərməyə çalışır, digərlərinə minnət qoymağa başlayır. Çünki insanların mərifəti, Allahı dərki yerində deyil. Amma Həzrət Zeynəb (s.ə) öz şəhidlərini "az qurbanlıqlar" adlandırır. Kimdir o az qurbanlıqlar? Əba Əbdillahın (ə) tikə-tikə doğranmış bədəni və vücudu! Bəşəriyyət bundan böyük müsibət görməyib. Lakin, Həzrət Zeynəbin (s.ə) mərifəti o səviyyədədir ki, o, öz şəhidini az qurbanlıq kimi görür. Kərbəla məktəbinin verdiyi dərslər bunlardır.

Həzrət Zeynəbin (s.ə) gözəllik dərsinin mahiyyəti

Xanım Zeynəbin (s.ə) yüksək məqamını dərk etmək üçün Kərbəladan sonra yaşanmış səhnələrə nəzər salmaq çox önəmlidir. Kərbəlada sonra əsir alınmış Əhli-beyt (ə) ailəsi İbni Ziyadın (lən) sarayına gətirilir. İbni Ziyad (lən) Xanım Zeynəbə (s.ə) ünvanlayaraq deyir: "Gördünmü, Allah ailənizin başına nə gətirdi?" İbni Ziyadın (lən) dünyəvi məntiqinə görə hadisə elə bu cür olub. O, hesab edirdi ki, Kərbəla şəhidləri öldürüldü, başları nizələrə vuruldu, Əhli-beytin (ə) əyalı əsir düşdü və s. O, öz dünyəvi müstəvisində hadisələri bu cür qanır. Onun tutumu budur. Həzrət Zeynəb (s.ə) buyurur: "Mən Kərbəlada gözəllikdən başqa heç bir şey görmədim".

Xanımın (s.ə) məntiqi - gözəllik məntiqidir. Kərbəla xanım (s.ə) üçün bir Allah dərgahıdır. Oraya gələnlər Allah bəndələridir. Ora gələnlər də Allahın hüzuruna gəliblər və Allaha ən gözəl, bəyənilmiş şəkildə qovuşublar. Xanım (s.ə) da bu qovuşmada yalnız gözəllik görür. Çünki Xanımın (s.ə) məntiqində başlanğıcda Allah var, son da Allahadır. İbni Ziyad (lən) tör-töküntülərinin isə məntiqi tamamilə fərqlidir. Bəziləri qəflətdədir, bəzilərinin də vəziyyəti elə bu cürdür.

Bəşəriyyət belə bir şey görməyib...

Bir tarixçi öz yazılarında qeyd edir: "Doğurdan da bəşəriyyət tarixində hansı bir qadını tapmaq olar ki, onun yeddi qardaşını öldürsünlər, oğlunu şəhadətə yetirsinlər, on qardaşoğlu və əmioğlusunu qılıncdan keçirsinlər, sonra da özünü bütün bacıları və qardaşı uşaqları ilə birlikdə əsir alsınlar. Belə bir vaxtda o, əsir ola-ola öz haqqını və eləcə də şəhid olanların haqqını müdafiə etsin. Özü də elə bir şəhərdə, elə bir binada ki, atasının hakimiyyət mərkəzi olmuş və atası təqribən hakimiyyətinin dörd ilini həmin binada keçirtmişdir. Belə bir vəziyyətdə və bu cür narahatçılıqlarla nəinki təkcə başına gələnlərdən narazı deyil, hətta qətiyyətlə bildirir ki, "biz öz meylimizə zidd olan heç bir iş görməmişik. Əgər bizim kişilərimiz şəhadətə yetişiblərsə, elə gəlişlərindən məqsədləri də bu olmuşdur. Əgər bundan başqa bir iş olsaydı, onda narahat olmağa dəyərdi. Yəni biz öz istəyimizə çatmışıq. İndiki onlar Allah qarşısındakı öz vəzifələrini çox yüksək səviyyədə yerinə yetirib, şəhadət zirvəsinə nail olublar, biz bu işin müqabilində Allah qarşısında şükürdən başqa hansı bir layiqli iş görə bilərik?"". Budur xanımın gözəllik dərsinin mahiyyəti.

Allaha həmd olsun ki, bizləri bu məktəbi tanıyanlardan qərar verib. Allahdan istəyirik ki, bizi bu məktəbi ən yüksək səviyyədə dərk edənlərin cərgəsində qərar versin.
Allahım, bizlərə bu məktəbin gözəllik dərsini anlayıb, həyatımızda yaşatmağı nəsib et! Allahım, bizlərə Səni dərk edib özümüzü, öz işlərimizi kiçik görmək ləyaqətini əta et! Amin!

Hacı İlqar İbrahimoğlu