23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İnsanlar ağlamaqla öz zəmanəsinin imamı uğrunda fəda olduğunu bildirir
06.06.2019

Biz bilirik ki, İslamda şəhadət düşüncəsi olduqca ali bir düşüncədir. Və şəhadət deyilən anlam yalnız İslam dinində sabit olub. Biz əgər Qurana, rəvayətlərə və hədislərə baxsaq, Allahın, onun yolunda dünyasını dəyişən şəhidlərə verdiyi məqam barədə çox şeylər var. Şəhid ilk qana bələndiyi zaman günahları bağışlanar. Və Quran buyurur: “Hesab etməyin ki, Allah yolunda öldürülmüşlər ölüdür. Onlar diridirlər və Allah onlara öz ruzisini verir.”

Lakin nəyə görə bəs bayram yox matəm? Düzdür Allah insana gözəl məqam əta etmişdir. Baxaq görək bu dinin banisi olan peyğəmbərimiz buna necə cavab verir? Şəhidlər olduğu zaman, xüsusilə Həmzə şəhid olanda peyğəmbər bayram etdi yoxsa ağlamağı tövsiyə etdi? Həzrət Həmzə dünyasını dəyişəndə peyğəmbərimiz bayram etmədi, əksinə qadınlara buyurdu ki, Həmzənin ağlayanı yoxdur siz onun üçün ağlayın.

Digər cəhəddən deyə bilərik ki, əgər bu, bayram olsaydı bunu İmam Səccad edərdi. Atasının şəhadətindən sonra imam 20 ilə yaxın gülmədi və həmişə qarşısına su, yemək qoyulanda o qədər ağlayardı ki, hətta saqqalı ağlamaqdan islanardı. Əgər bizə bayram etmək tövsiyə edilsəydi, biz də edərdik. Lakin bizə tövsiyə olunub ki, insanlar matəm saxlasınlar və ağlasınlar. Düzdür insan şəhid olanda axirət aləmində ali məqama çatır, amma dünya həyatında bu bir yaxının itirilməsi deməkdir. Əgər Yaqub (ə) oğlunun sağ olduğunu bildiyi halda illərlə ağlayır və gözü tutulursa demək ayrılıq səbəb olur ki, insan digəri üçün ağlasın və matəm qursun. Və bunun digər bir cəhəti ki, var atifəlik. Yəni Allah insana bir atifə hissi bəxş edib ki, insan onu özündən uzaqlaşdıra bilmir. Atifə yəni hissiyyata qapılmaq və göz yaşı tökmək.

İmam Hüseynin matəmində insanlar yas qurur, burada atifələr cuşə gəlir. İnsanlar ağlamaqla öz zəmanəsinin imamı uğrunda fəda olduğunu bildirir, onu yad edirlər. Eyni zamanda bunun savabını da üstünə gəlsək bu çox ali bir işdir və insanlar da bunu edirlər.

İlham Abbasov