21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

"Mayak" filminin rejissoru Kamal Yaşarın ərbəin təəssüratları
28.12.2017

Qısaca olaraq özünüz və peşəniz barədə məlumat verin

Mədəniyyət və İncəsənət universitetində rejissor ixtisasınının bakalavr və magistr pillələrindən məzunam. Uzun illərdir televiziya sahasində çalışıram. Özümü realizə etməyə çalışdığım sahə təbii ki, öz peşəkar sahəmdir – rejissorluq və aktyorluq. Bunun tətbiq məkanı isə yenə də televiziya, radio, teatr və kinodur ki, mən də paralel olaraq bu sferada fəaliyyət göstərirəm.


Bildiyimiz kimi səfərdən sənədli film kimi ilk işiniz olan "Mayak" filmi ilə qayıtmısız. Bu film bizlərə nə öyrədir və nə üçün "Mayak"?

Bu film öyrətmir, göstərir, pərdələri qaldırır, buxovları sındırır. Filmdə illah da nəyisə öyrətməyə ehtiyac yoxdur. Filmlər insanları həqiqətlərlə üz-üzə qoymaq, onların özünü, öz hallarını, ətraflarını, yaşadıqları dünyanı hiss etməkləri üçün bir vasitədir. Filmin adı onun estetikasına və zərif dramaturgiyasına əsaslanaraq bu cür təyin olunub. Mayak, yolunu itirmişlərə işıq tutan bir yüksəklikdir. Missiyası birbəbir dediyimiz kimidir – yolunu itirmişlərə işıq tutmaq və onları azmaqdan, yanlış yola getməkdən qorumaq. Bu nədir, necə baş verir, niyə məhz bu cür yanaşma və.s kimi suallara cavab tapmaq üçün tamaşaçı, oxucu hökmən filmi izləməlidir.


Səfər zamanı və ziyarətlərdə sizi ən çox cəlb edən nə oldu?

Səfər zamanı və çəkilişlər boyu məni ən çox təəccübləndirən insan hisslərinin, insan sevgisinin bu qədər geniş və sərhədsiz ola biləcəyini əyani görməyim oldu. Dünyanın belə bir vaxtında bu gördüyüm möcüzə kimidir. Demək ki, insanlar gözəl bir dünya yaratmağa, o dünyada, o atmosferdə fədakarlıqla, sevgiylə yaşamağa qadirdir və bəlkə də bu bir fitri tələbatdır. Çəkilişlər boyu olduqca həssas və sentimental məqamlarla rastlaşdıq. Bunları bacara bildiyimiz qədər filmdə əks etdirməyə və bütün detalları ilə bu nüanslara toxunmağa cəhd etmişik. Bir şeyi qeyd etmək istəyirəm ki, bu film minimum vəsaitlə çəkilib. Ancaq texniki imkanlar geniş olsaydı, o səfərdən daha zəngin, daha dolğun, daha maraqlı bir material hazırlamaq olardı. Ola bilsin nə zamansa yenidən belə bir filmi çəkmək təklifi alsam, o zaman bu şərtləri sifarişçidən tələb edə bilim. Texniki imkanların məhdudluğu filmin estetika seçiminə də, realizəsinə də təsir edir. Ancaq imkanların genişliyi daha böyük meydanlar açır.


Filmdə bir neçə dəfə təmənnasız xidmətlərə toxunmusuz, bu barədə özünüzdən də eşitmək istərdik.

Bəli, filmdə təmənnasız xidmətlərə toxunmuşuq. Mənim üçün bu gözlənilməz idi. Həmçinin bəzi şeylərin real olaraq mümkünlüyünə şübhə ilə yanaşırdıq. Ancaq gedib gözlərimizlə hər şeyi gördük. Bu, inanılmazdır!


Son olaraq 1 cümlə ilə Ərbəin-i ifadə edin desələr nə cavab verərdiniz?

Bəzi şeylər var ki, izahla yox, dadmaqla olur. Əgər belə bir sualla qarşılaşsam, cavabında deyərəm ki, salamatı budur gedin öz gözünüzlə görün. Çünki bəzi şeylərin təsviri mümkün deyil. Bunlar metafizik duyğulardır. Yaxud sənin dediklərin, hisslərinin təsviri insanlara fantastika kimi görünə bilər. Bu da normaldır. Çünki Lütfi Zadənin qeyri-səlis məntiqi nəzəriyyəsində irəli sürsüyü kimi bəzən sərhədlər bir-birinin rənginə qarışacaq qədər incəlir, rəngini dəyişir və bu incə aralıqda bir sonsuzluq yaranır. Bu baxımdan mən də oranı izah etməyə çalışmağı doğru saymıram. Ona görə salamatı canlı şahidlik edib, bütövləşməkdir.