24 Noyabr 2024 - 24

24 Noyabr 2024 - 24

Məsumların (ə) baxışında İmam Hüseyn (ə) əzadarlığı
28.12.2017

Kərbəla vaqiəsindən illər əvvəl Əmir əl-mömininin (ə) ağlaması

Şiənin hədis mənbələrində Əmir əl-möminindən (ə) nəql olunmuş bir çox rəvayətlər vardır. Belə ki, o Həzrət (ə) Peyğəmbər (s) kimi oğlu Hüseynin (ə) qətlə yetirliməsini eşidəndə ağlamışdır. Biz bu barədə əhli-sünnənin mənbələrindən iki nümunə ilə kifayətlənirik.

Nucəy əl-Həzrəmi deyir:

انه سار مع علي رضي الله عنه وكان صاحب مطهرته فلما حاذى نينوى وهو منطلق إلى صفين فنادى على اصبر أبا عبد الله اصبر أبا عبد الله بشط الفرات قلت وما ذاك قال دخلت على النبي صلى الله عليه وسلم ذات يوم وإذا عيناه تذرفان قلت يا نبي الله أغضبك أحد ما شأن عينيك تفيضان قال بل قام من عندي جبريل عليه السلام قيل فحدثني ان الحسين يقتل بشط الفرات قال فقال هل لك ان أشمك من تربته قلت نعم قال فمد يده فقبض قبضه من تراب فأعطانيها فلم أملك عيني ان فاضتا.

"Əli (ə) ilə Siffeyn döyüşünə gedəndə Neynəva adlı bir yerə yetişdik. Həzrət (ə) uca səslə buyurdu: "Ya Əba Əbdillah, Furat kənarında səbrli olasan!" Bu cümləni iki dəfə təkrar etdi. Dedim: "Bu nə sözdür?" Buyurdu: "Bir gün Peyğəmbərin (ə) yanına getdim. Gördüm ki, mübarək gözləri yaşla dolub. Ərz etdim: "Ey Allahın Peyğəmbəri (ə), səni kim qəzəbləndirmişdir ki, belə ağlayırsan?" Buyurdu: "Bir az bundan əvvəl Cəbrayıl (ə) mənim yanıma gəlmişdi. Mənə Hüseynin (ə) Furat kənarında öldürüləcəyini xəbər verib dedi: "Hüseynin (ə) türbətindən iyləmək istəyirsənmi?" Dedim: "Bəli." Əlini uzadıb Hüseynin (ə) şəhadətə çatacağı türbətdən bir ovuc mənə verdi. Dözə bilmədim və ağlamağımın qarşısını ala bilmədim."

Əl-Heysəmi bu rəvayəti nəql etdikdən öz nəzərini belə qeyd etmişdir:

رواه أحمد وأبو يعلى والبزار والطبراني ورجاله ثقات ولم ينفرد نجى بهذا.

"Bu hədisi Əhməd, Əbu Yəla, əl-Bəzzar, ət-Təbərani rəvayət etmişlər və raviləri siqədir. Bu hədisi digərləri də rəvayət etmişdir."

İbn Həcər əl-Heysəmi, Məcmə əz-zəvaid, c.9, s.187

"Əs-Səvaiq əl-muhriqə" kitabının müəllifi İbn Həcər əl-Heytəmi Şöbədən belə nəql edir:

مر علي رضي الله عنه بكربلاء عند مسيره إلى صفين وحاذى نينوى قريه على الفرات فوقف وسأل عن اسم هذه الأرض فقيل كربلاء فبكى حتى بل الأرض من دموعه ثم قال دخلت على رسول الله e وهو يبكي فقلت ما يبكيك قال: كان عندي جبريل آنفا وأخبرني أن ولدي الحسين يقتل بشاطىء الفرات بموضع يقال له كربلاء ثم قبض جبريل قبضه من تراب شمني إياه فلم أملك عيني أن فاضتا.

"Həzrət Əli (ə) Siffeynə gedən zaman Fərata yaxın yerdə Neynəvaya yetişdi. Dayandı və bu yerin adını soruşdu. Dedilər ki, bu yerin adı Kərbəladır. Bu adı eşidən kimi o qədər ağladı ki, yer Həzrətin (ə) göz yaşları ilə islandı. Buyurdu: "Allah Rəsulunun (s) məhzərində idim, Həzrət (s) ağlayırdı." Ərz etdim: "Səni ağladan nədir?" Buyurdu: "Bir az bundan əvvəl Cəbrayıl (ə) yanımda idi və mənə xəbər verdi ki, oğlum Hüseyn (ə) Fərat kənarında, Kərbəla adlı yerdə qətlə yetiriləcək." Sonra o yerin türbətindən bir az iyləmək üçün mənə verdi. Bu zaman gözlərim yaşla doldu."

Əhməd ibn Həcər əl-Heytəmi, əs-Səvaiq əl-muhriqə, s.193

Məhşərdə Həzrət Fatimənin (ə) əzadarlıq etməsi

Həzrət Fatimənin (ə) Məhşərdə simvolik hərəkəti İmam Hüseyn (ə) üçün əzadarlıq mərasimlərini təşkil etmək üçün ən möhkəm dəlil olacaq. Buna görə də təkcə Peyğəmbərin (s) yeganə yadigarı olan Həzrət Zəhraya (ə) tabe olmaq İmam Hüseynə (ə) əzadarlıq məclislərini təşkil etməkdə risalət ailəsinin gözəl üslublarına tabe olmaqdır.

Əli ibn Məhəmməd əş-Şafei əl-Məğazəli, Əbu Əhməd Amirdən, o da Həzrət Əli ibn Musa ər-Rzadan (ə), o da hörmətli atalarından, onlar da Əmir əl-möminindən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:

تحشر ابنتي فاطمه ومعها ثياب مصبوغه بدمٍ، فتتعلّق بقائمه من قوائم العرش وتقول: ياعدل! ياجبّار! أُحكم بيني وبين قاتل ولدي قال صلّي الله عليه وآله وسلّم: فيحكم لابنتي وربّ الكعبه.

"Qızım Fatimə (ə) qiyamət günü qanlı paltarla məşhur olacaq. Bu zaman əlini Allahın ərşinin sütunlarından birinə qoyaraq buyuracaq: "Ey Cabbar və Adil Allah, mənimlə oğlum Hüseynin (ə) qatili arasında hökm et!" And olsun Kəbənin Rəbbinə ki, Allah-Təala Özünə xas surətdə qızım barəsində hökm edəcək."

İbn Məğazəli, Mənaqib Əli ibn Əbi Talib, s.66; Süleyman əl-Qunduzi, Yənabi əl-məvəddə li zəvi əl-qurba, c.3, s.47

Buna əsasən, Əhli-Beyti (ə) sevənlər İmam Hüseynin (ə) əzadarlığı barəsində Məsumlardan (ə) nəql olunan ruhi hallara diqqət etsələr, Kərbəlanın qanlı hadisəsi olan Həzrət Zəhranın (ə) oğlunun və onların dostlarının şəhadətini Həzrət Hüseynin (ə) məzlum anasının qiyamət günündə Allah hüzurunda oğlunun haqqını istəyənədək unutmasınlar.

Şiə İmamlarının (ə) əzadarlıq edib ağlamaları

Tarixin nəql etdiyinə görə, İmam Hüseynin (ə) şəhadətindən sonra İmamların (ə) üslubu bu olmuşdur ki, onlar (ə) əzadarlıq məclislərini təşkil edərək, İmam Hüseynin (ə) müsibətlərinə ağlamışlar. Onlar əslində rövzəxanlıq düşüncəsinin əsasını qoymuş, bu işə rəvac vermişlər. Zaman keçdikcə bu məsələ şiələrin düşüncəsində bir mədəniyyət kimi formalaşmışdır.

Buna görə də bu gün şiə məntəqələrində formalaşıb yayılan əzadarlıq məclisləri yeni meydana gələn, biganə insanların əli ilə düzələn və ya başqa firqələrə təqlid etməklə formalaşan məclislər deyil, əksinə, məsum İmamların (ə) həyatlarında yaşadıqları, ona təkid etdikləri işin davam etdirilməsindən ibarətdir. İmamların (ə) dinin şüarlarının bərpası barəsində, xüsusilə İmam Hüseynin (ə) şəhadətinin il dönümündə əza məclislərinin təşkil edilməsi barəsində söylədikləri bir çox bəyanatlar bu mübarək sünnəni qüvvətləndirir. Onlar (ə) belə məclislərdə axıdılan bir damla göz yaşının mükafatı olacağını vədə vermişlər.

Neynəva çölünün məşhur şəhidi Həzrət İmam Hüseynin (ə) buyurduğu hədis də bu qəbildəndir:

من دمعت عيناه فينا دمعه، أو قطرت عيناه فينا قطره، آتاه اللّه عزّ وجلّ الجنّه.

"Hər kəs bizim əzamızda bir damla göz yaşı axıtsa, Allah-Təala ona cənnəti əta edir."

Muhib əd-Din ət-Təbəri, Zəxair əl-uqba, s.19; Suleyman əl-Qunduzi, Yanəbi əl-məvəddə, c.2, s.117

Bu rəvayət Əhməd ibn Hənbəlin "Fəzail əs-səhabə" kitabında da mötəbər sənədlə gəlmişdir. Əbu Bəkr ibn Malik əl-Qətii Əhməd ibn Hənbəlin "Fəzail əs-səhabə" kitabının ziyadəsində (əlavəsində) rəvayət edir:

حدثنا أحمد بن إسرائيل قال : رأيت في كتاب أحمد بن محمد بن حنبل رحمه الله بخط يده : نا أسود بن عامر أبو عبد الرحمن قثنا الربيع بن منذر ، عن أبيه قال : كان حسين بن علي يقول : من دمعتا عيناه فينا دمعة ، أو قطرت عيناه فينا قطرة ، أثواه الله عز وجل الجنة.

Əhməd ibn İsrail bizə dedi ki, Əhməd ibn Muhəmməd ibn Hənbəlin bir kitabda öz xətti ilə belə yazdığını gördüm: Əsvəd ibn Amir Əbu Əbd ər-Rəhman deyir ki, Rəbi ibn Munzir atasından nəql edir ki, Hüseyn ibn Əli buyurur: "Kimin gözləri bizə görə yaşarsa, və ya bir damla göz yaşı axıtsa Uca Allah onu Cənnətdə məskunlaşdırar."

Mühəqqiq Vəsiyullah ibn Əhməd Abbas haşiyədə yazır yazır:

أحمد بن إسرائيل شيخ القطيعي لم أجده والباقون ثقات. الربيع بن منذر بن يعلى الثوري ثقة وثقه ابن معين.

"Əhməd ibn İsrail əl-Qətiinin şeyxlərindəndir. Amma onu müəyyən edə bilmədim, digər raviləri isə siqə (güvənilən) şəxslərdir."

Əhməd ibn Hənbəl, Fəzail əs-səhabə, c.2, s.840-841, h.1154; Dar İbn Cəuzi, Ciddə, Səudiyyə Ərəbistanı; təhqiq: Vəsiyullah bin Əhməd Abbas

Dr.Vəsiyullahın da qeyd etdiyi kimi Əhməd ibn İsrailin məchul olduğu deyilir. Bununla bərabər o, digər bütün ravilərin siqə olduğunu bildirmişdir. Deməli, Dr.Vəsiyullahın rəyinə əsasən Əhməd ibn İsraili problemi həll olunsa, başqa məsələ qalmır və rəvayətin sənədi mötəbərdir.

Əhməd ibn İsrail – onun dörd adı var ki, həmin adlarda atasına deyil, babalarına istinad edilib. Bu barədə əl-Xətib əl-Bağdadi yazır:

ذكرُ أبي بكر أحمد بن سلمان بن الحسن النجاد

Əbu Bəkr Əhməd ibn Salman ibn Həsən ən-Nəccad...

هو: أحمد بن يونس القطيعي

o, Əhməd ibn Yunus əl-Qətiidir

وهو: أحمد بن سلمان بن الحسن بن إسرائيل نسب إلى جد جده،

həmçinin o, Əhməd ibn Salman ibn Həsən ibn İsraildir ibn Yunusdur, Ömər onu babasının babasına nisbət vermişdir,

وهو أحمد بن إسرائيل الذي روى عنه أبو بكر بن مالك القطيعي.

həmçinin o, Əbu Bəkr ibn Malik əl-Qətiinin ondan rəvayət etdiyi Əhməd ibn İsraildir.

əl-Xətib əl-Bağdadi, əl-Muvazzah əhvam əl-cəm və ət-təfriq, c.1, s.464; Dar əl-Marifə, Beyrut, 1407/1987; təhqiq: Əbd əl-Muti Əmin Qəlaci

Həmçinin, "Tarixi Bağdad" kitabının 4-cü cildində (bəzi nəşrlərdə 5-ci cild) əl-Xətib deyir:

كَانَ صدوقا عارفا، جمع المسند وصنف فِي السنن كتابا كبيرا. رَوَى عَنْهُ أَبُو بَكْرِ بْنُ مالك القطيعي، والدارقطني، وابن شاهين، وغيرهم من المتقدمين.

"O, doğrudanışan və arif şəxs idi. "əl-Müsnəd" (adında kitab) toplamış və sünnə barədə böyük bir kitab yazmışdır. Ondan Əbu Bəkr ibn Malik əl-Qətii, əd-Darəqutni, İbn Şahin və digər qədim alimlər rəvayət etmişlər."

əl-Xətib əl-Bağdadi, Tarixi Bağdad, c.4, səh. 412; Dar əl-Kutub əl-İlmiyyə, Beyrut, 1417/1997; təhqiq: Mustafa Əbd əl-Qədir Ata

Şəms əd-Din əz-Zəhəbi onun barəsində yazır:

الإمام، المحدث، الفقيه ، الحافظ ، المفتي ، شيخ العراق ...، حدث عنه أبو بكر القطيعي...

"İmam, mühəddis, fəqih, hafiz, müfti və İraq şeyxidir... Ondan Əbu Bəkr əl-Qətii hədis nəql etmişdir..."

Şəms əd-Din əz-Zəhəbi, Siyər əlam ən-nubəla, c.15, s.502-503; Muəssisə ər-Risalə, Beyrut, 1405/1985; təhqiq: Şueyb əl-Ərnaut

Beləliklə, Dr.Vəsiyullah ibn Muhəmməd Abbas sadəcə olaraq ravi barədə məlumat tapa bilməmişdir, ancaq göründüyü kimi ravi məlumdur və etibarlı şəxsdir. Dr.Vəsiyullahın başqa heç bir iradı olmamışdır və o digər ravilərin hamısının siqə şəxslər olduğunu bildirmişdir.

Biz bu rəvayətin daha ətraflı analizini ayrıca məqalədə təqdim etmişik. Maraqlanan oxucularımız http://az.313news.net/ saytının məqalələr bölməsinə daxil olub oxuya bilərlər.

Kərbəla hadisəsindən sonra İmam Səccadın (ə) göz yaşları bir an dayanmadı. Onu bu halda görənlər bunun səbəbini soruşdular. Həzrət (ə) cavabında buyurdu:

لا تلوموني، فإنّ يعقوب فقد سبطاً من ولده، فبكي حتّي ابيضّت عيناه من الحزن، ولم يعلم أنّه مات، وقد نظرتُ إلي أربعه عشر رجلاً من أهل بيتي يذبحون في غداه واحده، فترون حزنهم يذهب من قلبي أبدا.

"Məni danlamayın! Həzrət Yəqub (ə) övladlarından birini itirdi, o qədər ağladı ki, gözlərinin görmə qabiliyyətini əlindən verdi. O övladın ölməsi də məlum deyildi. Lakin mənim gözümün qarşısında ailəmdən bir gün ərzində 14 nəfərin başını kəsdilər. Siz güman edirsiniz ki, bu qəm-qüssə məndən əbədi olaraq uzaqlaşacaq?"

Cəmal əd-Din əl-Mizzi, Təhzib əl-Kəmal, c.20, s.399; İbn Kəsir, əl-Bidayə və ən-nihayə, c.9, s.125; İbn Əsakir, Tarix Mədinəti Dəməşq, c.41, s.386

Həmişəlik olan qəm-qüssə faciənin dərinliyinə dəlildir. Digər tərəfdən də İmam Səccad (ə) bu əməli ilə hidayət bəxş edən bu xəbəri bütün möminlərə çatdırır ki, Aşura və İmam Hüseyn (ə) qiyamətədək diri qalsın.

İmam Baqir (ə) atası İmam Səccaddan (ə) Aşura hadisəsinin əbədi qalması üçün ona təkid etməsinə və atasının əməli üslubu olan əzadarlıq məclislərinin keçirilməsinə aid bir hədis nəql etmişdir:

كان أبي عليّ بن الحسين‏عليه السلام‌ يقول: أيّما مؤمن دمعت عيناه لقتل الحسين ومن معه، حتّي تسيل علي خدّيه، بوّأه اللّه في الجنّه غرفاً، وأيّما مؤمن دمعت عيناه دمعاً حتّي يسيل علي خدّيه، لأذي مسّنا من عدوّنا بوّأه اللّه مبوّء صدق.

"Atam Əli ibn Hüseyn (ə) buyururdu: "Hüseyn (ə) və dostları üçün göz yaşı tökən hər möminə Allah-Təala Cənnətdə bir otaq verəcək. Düşməndən çəkdiyimiz əzab-əziyyətlərə görə göz yaşı tökən hər möminə Allah Cənnətdə gözəl yer verəcək!"

Süleyman əl-Qunduzi, Yənabi əl-məvəddə, c.3, s.102; İbn Həcər əl-Əsqəlani, əl-İsabə, c.2, s.438; Lisan əl-mizan, c.2, s.451

İmam Sadiq (ə) da öz atalarına tabe olaraq Kərbəla və Aşuranı əzəmətli tutmağa sifariş etmiş və buyurmuşdur:

إنّ يوم عاشورا أحرق قلوبنا، وأرسل دموعنا، وأرض كربلاء أورثتنا الكرب والبلاء، فعلي مثل الحسين فليبك الباكون، فإنّ البكاء عليه يمحو الذنوب أيّها المؤمنون.

"Aşura hadisəsi qəlblərimizə od vurdu, gözlərimizin yaşını axıtdı. Biz Kərbəla qəm-qüssəsinin varisləriyik. Ağlayanlar Hüseyn (ə) kimisinə ağlasın! Çünki ey möminlər, ona ağlamaq günahları məhv edib aradan aparır."

Əbu İshaq Əsfərayini, Nur əl-eyn fi məşhəd əl-Hüseyn (ə), s.84

/313news.net/