23 Noyabr 2024 - 23

23 Noyabr 2024 - 23

İmam Hüseynin timsalında -  İrfan və qəhrəmanlıq
30.12.2017

Aşura hadisəsi hər biri bir dağı titrədən və canından keçmiş insanları da dayandıran həssas mövqelərlə və mürəkkəb hadisələrlə doludur. Əbu Abdullah (ə) bütün bu böyük və ağır hadisələrin qarşısında dayandı, ayağı titrəmədi. Çünki aydın baxışı vardı, agah idi, öz nəfsinə qalib gəlmişdi, Allahın qarşısında kiçilmiş və təslim olmuşdu. Həmin həmişəyaşar və bənzərsiz cihad və şəhadət həmin mənəviyyatın, irfanın, Allahda fani olmağın, məşuqa qarışıb itməyin, özünü Rəbbin müqəddəs zatının iradəsi qarşısında görməməyin məhsuludur. Aşuranın əzəmətli hadisəsinə, böyük qəhrəmanlığına və aşiqanə macərasına aşiq və arif gözlə baxmaq lazımdır ki, Hüseyn ibn Əlinin (ə) bu bir gecə və yarım gündüzdə nə etdiyi və hansı əzəməti yaratdığı bəlli olsun.


Çoxları mömindir, gedib cihad edir və şəhadətə də qovuşurlar. Şəhadətdir və heç bir şeyi əskik deyil. Lakin bir şəhadət də var ki, iman ruhundan artıq, yanğılı bir qəlbdən, Allah yolunda və Rəbbin məhəbbətində dözümsüz və alovlu ruhdan, ilahi zatda və atributlarda qərq olmaqdan qaynaqlanır. Belə cihadın ayrı ləzzəti olur. Bu ona başqa bir ləzzət bəxş edir, kainata başqa cür təsir göstərir.


O əzəmətli hadisəni belə bir şəxsiyyət yaratmışdır. Bu şəxsiyyət Ərəfə kimi bir duada mənəviyyat və irfanın möhtəşəm dərəcələrini nümayiş etdirir. Ərəfə duası özünü Rəbbin müqəddəs zatı qarşısında fani görmək üçün həzrət Haqq-Taalanın lütfünə təvəssüllə və yanıb-yaxılmaqla doludur; Əhli-beyt (ə) Zəburu kimi irfan eşqinin və şövqünün nəğmələri ilə doludur. İmam Səccadın (ə) bəzi duaları sanki onun duasının izahı və şərhidir; yəni o birincidir, bu ikinci. Möhtəşəm və şərafətli Ərəfə duasının, bu həzrətin Aşura ərəfəsindəki sözlərinin və digər yerlərdəki xütbələrinin qəribə mənası və ruhu var, uca və zərif bilgilərin və mənəvi həqiqətlərin zəngin dəryasıdır.


Həmin ruhiyyəni həzrətin öz dövrünün böyüklərinin - İslam böyüklərinin, tabelərin (Peyğəmbər (s) səhabələrini görmüş müsəlmanların) və digərlərinin toplantısında Minada etdiyi müraciətdə müşahidə edirsiniz. Aşura və Kərbəla hadisəsində, qəhrəmanlıq və döyüş meydanı olmasına baxmayaraq, ilk andan mübarək üzünü Kərbəlanın isti qumları üzərinə qoyub: "İlahi sənin qəza və qədərinə razı və əmrinə tabeyəm" - dediyi son ana qədər zikr, münacat və təvəssül halında olmuşdur. Məkkədən çıxarkən "Kim bizim yolumuzda canından keçir və Allah liqasını vətən seçirsə, bizimlə gəlsin" – dediyi zamandan qətlgah çökəkliyində "Sənin qəza və qədərinə razıyam" - dediyi son ana qədər dua ilə, təvəssüllə, Allahın görüş vədəsi ilə və həmin Ərəfə əhval-ruhiyyəsi ilə yaşayır. Yəni Aşura macərasının özü də bir irfani macəradır. Döyüşdür, öldürmək və öldürülməkdir, qəhrəmanlıqdır - Aşura qəhrəmanlıqları olduqca yüksək səviyyəli nümunədir - lakin siz bu qəhrəmanlığın əsas quruluşuna baxsanız, görərsiniz ki, onda irfan var, mənəviyyat var, münacat və Ərəfə duasının ruhiyyəsi var. Odur ki, İmam Hüseyn (ə) şəxsiyyətinin digər cəhətinə də bu cihad və şəhadət cəhəti kimi əzəmətlə və onun kimi yüksək şəkildə diqqət yetirilməlidir.


Bu tanımanın nəticəsi Allaha etimaddır. Zahiri məsələlərə görə bu şölə Kərbəla səhrasında sönəcək. Bunu Kufədən gələn şair Fərəzdəq və sükut etməyi tövsiyə edən digər şəxslər də görürdülər, yalnız Əbu Abdullah (ə) yox. Lakin Allaha etimad hökm edirdi ki, bu zahiri nəticələrə rəğmən, onun haqq sözünün qalib olacağına əmin olsun. Buna görə buyurdu: "Həqiqətən yalnız bizim qoşunumuz qalibdir". Allahın bu qalib əsgərlərinin bir çoxu cihad zamanı şəhid olur və məhv edilirlər, lakin eyni zamanda qələbə onlarındır. Həmin ilahi inanc Kərbəla şəhidlərini elə yüksəltdi ki, "qəlblərini zirehlərinin üstündən geyindilər". Zireh bədəni qorumaq üçündür, lakin onların Allaha etimadlı və arxayın qəlbləri onların bədənlərini və zirehlərini qoruyurdu.


Ayətullah Xamenei