03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Ayətullah Behcət: “İmam Hüseynə ağlamaq, gecə namazından üstündür”
12.10.2019

Dil həmişə ağlın dediklərini tərcümə edər. Eşqin tərcümə edəni isə gözlərdir. Nə zaman gözdən eşq və yangı ilə göz yaşı axar, eşq hazır olar. O yerdə ki, dil nizamlı şəkildə məntiqli sözlər deyər, ağıl hazır olar...

Necə ki, məntiqli dil ağılın hansı hədəfə qulluq etdiyini aşkar edər, göz yaşları da düşmənə qarşı sevgi müharibəsini elan edər. Ona görə də deyə bilərik ki, İmam Hüseynə görə tökülən göz yaşı şuar verən, nəhy ilə münkəri elan edən və zalımları rüsvay edən göz yaşlarıdır. Həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) o kəslərə ki, ağlaya bilmirlər, onlara tövsiyə edərdilər ki, özlərini ağlamağa vursunlar. Bu yolla İmam Hüseyn əsrlər boyu xatirələrdə canlı qalmışdır.

Ayətullah Behcət buyurur: "Belə düşünürəm ki, İmam Hüseynə tökülən göz yaşı gecə namazından daha üstündür. Çünki gecə namazı sırf qəlb əməli deyildir, bəlkə qəlb kimidir. Ancaq qəm və qüssə, ağlamaq – qəlb əməlidir".

Əhli-beytdən (ə) gələn hədislərdə oxuyuruq ki, İmam Hüseyn üçün tökülən göz yaşlarının çox sayda savab və bərəkəti vardır. İmam Sadiq buyurur: "O kəsin ki, yanında Hüseyn ibni Əli (ə) yada salınar, gözündən milçəyin qanadı qədər göz yaşı axarsa, əcri Allah yanındadır və Allah Təala onun üçün behiştdən azına razı deyildir".

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, insan əgər milçəyin qanadı qədər ki, ən kiçik ölçüdür, göz yaşı axıdarsa Allah Təala yanında çox dəyərlidir. Savabı isə behiştdən az deyildir.

Başqa bir hədisdə həmin həzrət Sadiqdən oxuyuruq ki, buyurur: "O kəsin ki, yanında biz Əhli-beytin (ə) adı çəkilər və gözündən yaş axarsa, hətta əgər ağcaqanadın qanadı qədər olsa belə, günahları bağışlanar. Hətta əgər bu günahlar dənizlərin dibi qədər olsa belə".

Bu hədisdən isə belə nəticə çıxartmaq olar ki, hər kim Əhli-beytin (ə) məzlumiyyətinə ən az ölçüdə göz yaşı tökərsə, Allah günahlarını bağışlayar. Hətta əgər bu günahlar bütün dənizin dibi qədər olsa belə.

İmam Əli buyurur: "Hər kim bizim yolumuzda iki gözündən yaş tökərsə, Allah ona behiştdə ev verər ki, orada sakin olsun".

İmam Sadiq buyurur: "O kəs ki, bizdən tökülən qana görə, ya bizdən alınan haqqa görə, ya bizdən gedən abıra görə, ya bizim davamçılarımızdan biri üçün gözündən yaş axıdarsa, Allah ona uzun illər boyu behiştdə yer verəcəkdir".

Bu göz yaşları zahirdə bizim üçün kiçik görünsə də, Allah Təala yanında əzəməti böyükdür. İnsanın qəm və kədərli zaman tökdüyü göz yaşı ürəyinin yanğısından qaynaqlanır. İstər bu göz yaşı milçəyin qanadı boyda olsun, istərsə də sellər və sular qədər – hər bir halda qırılmış ürəkdən qaynaqlanar. Ona görə də belə bir mömin bu qədər əzəmətli savablara layiq görülə bilər.

Beləliklə, deyə bilərik ki, Kərbəla müsibəti üçün tökülən bir damcı göz yaşı mömin insanı Allah yanında sevimli və əziz edə bilər. Ona görə də bu məclislərdə tökülən göz yaşlarımızın qədrini bilək və Allahdan istəyək ki, bu göz yaşlarının tofiqini bizə əta etsin.

ahlibeyt.ge