21 Noyabr 2024 - 21
Növbəti nöqtə olaraq, Əhli-beytin (ə) müsibətinə kədərlənməyin fəlsəfəsinə toxunaq. İmam Cəfər Sadiqdən belə bir hədis nəql edilir: “Bizim məzlumiyyətimizə görə kədərlənən hər bir şəxsin nəfəsi təsbihdir və onun bizim üçün olan qəmi - ibadətdir”.
Hədisdə olan mətləblərə diqqət etsək, burada Əhlibeytə (ə) olan zülmü dərk etmək, bu zülmün mahiyyətini anlamaq, buna kədərlənməkdən söhbət gedir. Əhli-beytə (ə) zülm edən kimlərdir? Zalımlar. Nəyə görə Əhli-beytə (ə) zülm edirlər? İlahi həqiqətləri dediklərinə görə, haqqa çağırdıqlarına görə. Deməli, bu duyğuları yaşayan insan, Əhli-beytin (ə) müsibətinə şərik olan insan, həmin hissləri keçirir və ən başlıcası - bu dəyərləri qəbul edir, onların daşıyıcısına çevrilir. Beləliklə, Əhli-beytin (ə) müsibətini dərk edib, kədərlənən insanın nəfəsi təsbih olur, yəni sanki «sübhənallah» deyir, Allahı vəsf edir. Eyni zamanda bu kədərin özü də ibadətdir. Niyə? Çünki, həmin kədər İlahi dəyərlərə sadiq olmanın təzahürüdür. Doğrularla olub, pisləri, şəri inkar etməyin təzahürüdür.
Məhərrəm-səfər əyyamında insanın ruhi yüksəlişi üçün fövqəladə fürsətlər vardır. Həqiqətdə bu hissləri qiyabi keçirmək olmur. Bu hissləri yaşadan, insanın qəlbini oyadan məclislərin, əzadarlıq məclislərinin misilsiz əhəmiyyəti başa düşülür. Belə olan halda, bu məclisləri səngitmək, şəhidlik fəlsəfəsini aradan aparmaq - insanları manqurtlaşdırmaq, laqeydləşdirmək istəyinin bilavasitə təzahürüdür. İnsanlarımız ayıq olmalı, İmam Hüseynin müsibətinə şərik olmaq fürsətini əldən verməməlidir.