21 Noyabr 2024 - 21
Yəqinliklə deyə bilərik ki, İmam Hüseynin (ə) müsibəti ilə əlaqədar ağlaşma və əza məclislərinin təşkili barədə gələn hədislərdəki təkid və tövsiyələr, heç bir məsum imamlar (ə), hətta Peyğəmbər (s) barəsində nəql edilməmişdir. Məsum imamların (ə) yekdilliklə ona təkid və tövsiyəsi, sanki bu işdə hansısa bir sirrin yatdığını göstərir. Belə məclislərin yüksək savabları haqda deyilən hədislər elə bir şəkildədir ki, bir qrup deyilənləri mübaliğə sanaraq inkar etmiş və bunun qaynağını “ğulat” bilərək demişlər: “Savab əmələ uyğun olmalıdır. İmam Hüseynə (ə) ağlamaq kimi kiçik bir əməl, necə belə böyük savaba malik ola bilər?!”
Başqa bir qrup isə tam əks mövqe sərgiləyərək bu məsələdə həddi aşaraq, İmam Hüseynə (ə) ağlayanın, hətta günah bataqlığında qərq olsa belə – hərçənd, bu göz yaşı milçək qanadı boyda olsa da – nicat tapacağına etiqad bəsləmişlər. Onların nəzərincə, bütün yalanlar, xəyanətlər, zülmlər, hüquq pozuntuları bir damcı göz yaşı ilə yuyulmuş olur! Tam yəqinliklə qeyd etmək lazımdır ki, yuxarıdakı mötədil olmayan hər iki nəzər düzgün deyil. Bu cür münasibət bildirmələr, uyğun hədislərə və əzadarlıq üçün vəd olunmuş böyük savablara düzgün və geniş təhlil verə bilməyən kəslərə aiddir. Əslində, onlar əzadarlığın fəlsəfəsini anlamaqda acizdirlər. İlk olaraq yanlış təhlillər və onların tənqidini ötəri qeyd edəcək, ardınca, məntiqi təhlilinə başlayacağıq.
1. Ağlamağın zatən gözəl olması:
Bəziləri ağlamağın fiziki və psixoloji baxımdan müsbət təsirlərinə, insan ruhu və psixologiyasının saflaşmasındakı roluna diqqət çəkməklə iddia edirlər ki, İmam Hüseynə (ə) xatir əza məclislərinin təşkilinə təkid edilməsinin sirri ağlamağın zatən gözəl olmasıdır: ağlamaqla hisslərini büruzə vermək insanın təbiət və emosiyasındakı mötədilliyin göstəricisidir. Adətən, az ağlayan və bu vasitə ilə qəm-qüssə, stress və depressiyadan yaxa qurtarmağı bacarmayan və daxili sıxıntılarını həll edə bilməyən şəxslər, normal psixologiyaya, fiziki və ruhi sağlamlığa malik deyillər. Elə bu cəhətdən psixoloqlar deyirlər: “Qadınlar kişilərlə müqayisədə daha az daxili sıxıntı yaşayırlar, çünki onlar ruhi gərginlik və sıxıntıları ağlamaqla tez bir zamanda aradan qaldırır və nadir hallarda onu öz daxillərində saxlayırlar. Bu da onların sağlam qalmasına səbəb olan sirlərdən biridir.” (“Yüz əlli il gənc qalın”, səh. 134.)
Həmçinin ağlamağın insan daxilindəki qüssələrdən qaynaqlanan sıxıntıları azaltdığına, bir sıra mənəvi dərd və əzabların dərmanı olduğuna inanırlar. Əslində, göz yaşı mənəvi böhran zamanı insan ruhunu tənzimləyən bir qoruyucu və sorucu qapaq kimidir. Nəzəriyyənin tərəfdarları iddia edirlər ki, Həzrət Yaqubun (ə) oğlunun ayrılığına illər boyu göz yaşı axıtması, Allahın elçisi Həzrət Muhəmmədin (s) oğlu İbrahimin və dəyərli səhabəsi Osman ibn Məzunun ölümündə hönkürtü ilə ağlaması “ağlamağın” zatən gözəl olmasına görə idi. Həmçinin bir sıra səhabənin ölümü və Həzrət Həmzənin şəhadəti zamanı Peyğəmbər (s) ağladı və Mədinə qadınlarını Həmzəyə ağlamağa çağırdı. (“Səhihi-Buxari”, “kitabul-cənaiz”, hədis 1277 və “Kafi”, c.3, səh.262. “Kafi”, c.5, səh.495; “Biharul-ənvar”, c.79, səh.91; “Müsnədi-Əhməd”, c. 6, səh; “Vəsailuş-şiə”, c.2, səh.70; “Təbəri tarixi”, c.2, səh.210; “Biharul-ənvar”, c.43, səh.155 və 175.)
Həzrət Zəhranın (s.ə.) Allahın elçisinin (ə) dünyasını dəyişməsinə gecə-gündüz ağlaması və İmam Səccadın (ə) atası İmam Hüseynin (ə) şəhadətinə illər boyu ağlayaraq göz yaşı tökməsi elə bu səbəbdən idi. (“Biharul-ənvar”, c.44, səh.284.)
Hərçənd ki, ağlamağın tibbi faydaları, insan ruhunun saflaşmasında, hətta təkamülündə müsbət təsiri danılmazdır, amma belə bir təhlil əsla məsum imamların (ə) İmam Hüseynə (ə) ağlamaq və onun böyük savab vədinə bir belə təkid və tövsiyələrinin sirri ola bilməz. Hər kim mövzu ilə əlaqədar hədisləri gözdən keçirsə, bu işdə daha əhəmiyyətli bir məqsədin olduğunu anlayacaqdır.
2. Savab qazanmaq və Əhli-beytin (ə) şəfaətinə nail olmaq:
Bu təhlilə əsasən, “camaat savab qazanmaq və məsum imamların (ə) şəfaətinə nail olmaq məqsədilə əza məclisləri təşkil edib onlara ağlayırlar.” Bu təhlilin zəif və səthi olması tam aydındır; hər hansı bir əməl üçün savabın təsəvvürü, o əməlin özündə hikmət və məsləhətin olmasından aslıdır. Ağlabatan hikmət və məsləhəti olmayan əməlin savabı da olmayacaqdır. Bu bəhsdə biz əzadarlığın fəlsəfəsini, yəni bu əməlin hikmət və məsləhətini araşdırırıq. Təbii ki, hökmün səbəbləri deyil, nəticələri sırasında qərarlaşan savabın bu mərhələdə yeri yoxdur. Bundan əlavə, tarix boyu milyonlarla insanın hisslərini yalnız savab qazanmaq qəsdi ilə təhrik etmək, onları ağlatmaq mümkündürmü? Doğrusu, əgər ortada eşq olmasa, qəlb məhəbbətlə dolmasa, bu vədə hissləri, emosiyaları oyatmağa qadirdirmi?
3. İmam Hüseynə (ə) təşəkkür:
Bu təhlil sahibləri deyir: “İmam Hüseyn (ə) özünü fəda etdi ki, müsəlman ümməti bağışlansın və İmam (ə) onların günahlarının kəffarəsi olsun!” Bu fikir xristianların Həzrət İsaya (ə) bəslədikləri batil etiqad kimidir. Belə ki, onlar Həzrət İsa (ə) çarmıxa çəkilməklə öz tərəfdarlarının günahlarının silinməsi və nicat tapmasına səbəb olduğunu iddia edirlər. (Daha ətraflı məlumat üçün, Mürtəza Mütəhhərinin “Həmaseyi-Hüseyni” kitabının 1-ci cild, 2-ci fəsil, “təhrif amilləri” bəhsinə müraciət olunsun.)
Uyğun təhlilin tərəfdarları يا بابَ نِجاةِ الْأُمَّةِ – “Ey ümmətin nicat qapısı” kimi ifadələrə istinad edərək belə nəticəyə gəlmişlər ki, İmam Hüseyn (ə) də ümmətin günahkarlarının günahları bağışlansın deyə, şəhidliyə qucaq açmışdır və nəticə etibarı ilə onların nicatına səbəb olmuşdur. Qarşılığında isə ümmət əza məclisləri təşkil edib İmama (ə) öz təşəkkür və minnətdarlığını bildirməklə qurtuluşa layiq olur.
Bu təhlil də digərləri kimi dinin əsasları və aşkar təməl prinsipləri ilə uyğun gəlmir və bir qrupun “İmam Hüseyn (ə) özü və övladlarının şəhadəti ilə günahkarları ilahi əzabdan sığortalamışdır!” – qənaətinə gəlmələrinə səbəb olmuşdur. Başqa sözlə, İmam (ə) və yavərləri, başqaları günah edib cinayət törətməkdə azad olsunlar, əslində ilahi vəzifə öhdələrindən götürülsün deyə canlarından keçmişlər. Həmin təfəkkür tərzi bir qrup insanın “İmam Hüseynə (ə) ağlayanın günah və azğınlığı hər nə qədər çox olsa, hətta dinin zəruri məsələlərinə biganə qalsa belə, əfv olunaraq nicat tapacaqdır!” – deyə güman etməsinə səbəb olmuşdur. Bu yanlış düşüncə tərzinin nüfuz dairəsi o qədər geniş idi ki, hətta hakimiyyətləri zülm və ədalətsizlik üzərində qurulmuş və əlləri günahsız insanların qanına bulaşmış zalım və qəddar soltanlar da, o Həzrətin (ə) əza məclisi günlərində əza saxlayır və ya ayaqyalın əzadar sıralarında başlarına, sinəsinə vurur, bununla da ilahi əzabdan yaxa qurtaracaqlarını düşünürdülər! Heç kəs şəfaəti inkar edə bilməz, lakin şəfaətin özünə dair hesab-kitabı və şərtləri vardır. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.66-70.)
Ardı var...
Maide