21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseynə (ə) əzadarlığın düzgün fəlsəfi təhlili - 4
01.09.2020

3. Özünüislah və dini tərbiyə

İmam Hüseyn (ə) əza məclisləri tərbiyə ocağı, mənəvi inkişaf və nəfsi saflaşdırma yığıncaqlarıdır. Belə məclislərdə İmam Hüseynin (ə) zülmə məruz qalmasına ağlamaqla o Həzrəti özlərinə nümunə götürən insanlar, əslində, öz rəftar və fəaliyyətlərini, həmrəylik və gerçəkliklərini İmamın (ə) praktiki metodu ilə uyğunlaşdırmağa zəmin yaradırlar. Əza məclislərinin dərin təsiri o həddədir ki, bir çox insanlar belə məclislərdə günah və asiliyi tərk etmək qərarı alır və bir çox yolunu azmış insanlar, bu məclislərdə iştirak etməklə qəflət yuxusundan oyanır və nəticədə qurtuluş yolunu tapırlar. Əza məclisləri insana izzət, azadlıq, fədakarlıq, eləcə də, təqva və əxlaq dərsləri öyrədir. Həmin məclislər haqqsevər, ədalətli və mərd insanların təlim beşiyidir. Bundan əlavə, bu cür məclislər tarix boyu xalq kütlələrinin dərs auditoriyaları yerində olub və xalqı dini maarif və həqiqətlərlə, o cümlədən, tarix, rical, fiqh və bu kimi digər müxtəlif mövzularla tanış ediblər. Əza məclisləri həm də, ən səmərəli özünü islah, nəfsi təmizləmə və əxlaqı tərbiyə bazalarından biri olmuşdur. Alman Marbin mövzu ilə bağlı belə deyir: “Bu üslub və xarakter (əza və yas məclislərinin təşkili) müsəlmanlar arasında var olduqca, əsla xarlığa razı olmayacaq, kimsənin əsarəti altına düşməyəcəklər... Əslində, şiələr bu yolla bir-birinə mərdlik və igidlik dərsi keçirlər.” (“Hüseyn ibn Əlinin (ə) şəhadət və əzadarlığının fəlsəfəsi” kitabına istinadən, səh.109.)

Məsum imamlar bu dəhlizi açmaq və camaatı belə məclislərdə iştirak etməyə təşviq etməklə, doğrudan da, hamını Hüseyn (ə) məktəbində təlim-tərbiyə almağa dəvət etdilər. Odur ki, belə məclisləri “nümunəvi” məclislər adlandırsaq, yanılmamışıq. Mərhum Feyz Kaşani özünün “Muhəccətul-bəyza” kitabında, İslam Peyğəmbərin (s) —عِنْدَ ذِكْرِ الصَّالِحينَ تَنْزِلُ الرَّحْمَةُ (Saleh insanları xatırlayarkən ilahi rəhmət nazil olur.) – hədisinin şərhində insanın ictimai atmosferdən və ləyaqətli örnəklərdən təsirlənməsi məsələsinə işarə etməklə, saleh insanları yad edərkən ilahi rəhmətin nazil olma səbəbinə aydınlıq gətirirək yazır: “Saleh şəxsləri və onların səriştəli əxlaq planlarını xatırlamaq insanın onlardan nümunə götürməsinə, təsirləri altına düşməsinə, onlara iqtida etməsinə və ilahi mərhəmətdən yararlanmaqda özü üçün səlahiyyətli şərait yaratmasına səbəb olur.” (“Muhəccətul-bəyza”, c.4, səh.17.)

“Siqətül-İslam” Şeyx Kuleyni və “Şeyxuttaifə” Şeyx Tusi İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

«الَ: قالَ لِي أبي: يا جَعْفَرُ أَوْقِفْ مِنْ مالي كَذا وَ كَذا النَّوادِبَ يَنْدُبَنِي عَشْرَ سِنِينَ بِمِنى‌ أَيَّامَ مِنى‌

“Atam mənə buyurdu: Ey Cəfər, malımın bir hissəsini (vəfatımdan sonra) həcc mövsümündə, Minada əza məclislərinin bərpası üçün müəyyənləşdir!” (“Kafi”, c.5, səh.117 və “Təhzibul-əhkam”, c.6, səh.358.)

“Sahibi-Cəvahir” kimi tanınan Məhəmməd Həsən Nəcəfinin “Təharət” kitabında İmam Baqirin (ə) bu vəsiyyətinin hikmət və fəlsəfəsinin izahında açıqlamarı vardır: İmamların (ə) əza və yas məclislərinin təşkili əxlaqi dəyərlərin tanıtdırılmasına, nəticədə camaatın onlara iqtida etməsinə səbəb olduğu üçün, adlarının yaşadılması və xatirələrinin anılması yaxşı və təqdirəlayiq bir işdir. (“Cəvahirul-kəlam”, c. 4, səh.366; ”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.75-77.)

Ardı var...


Maide.az – Maarif bölümü