21 Noyabr 2024 - 21
4. İmamın (ə) zəhmətlərini qiymətləndirmək və ilahi nişanələrə hörmət
Əsas etibarı ilə şəxslərin ölümündə matəm saxlamaq onlara bir növ ehtiram, mövqe və şəxsiyyətlərinə dəyər vermək deməkdir. Allah Rəsulu (s) buyurur:
مَيِّتٌ لابَواكِيَ عَلَيْهِ، لا إِعْزازَ لَهُ
“Ağlayanı olmayan ölünün hörməti yoxdur.” (“Məasatul-Huseyn”, səh.116.)
Xüsusi olaraq, Allah dostlarının ölümündə əza saxlamaq, ilahi nişanələrə hörmətin bariz nümunələrindən olub və onların yolu, əqidəsi və cəhdlərini qiymətləndirmə sayılır. Bu səbəbdən Allahın Rəsulu (s) Ühüd döyüşündən qayıdan zaman Bəni-Əşhəl və Bəni-Zəfər əşirətindən olan şəhid ailələrin öz şəhidlərinə ağladıqlarını, lakin əziz əmisi Həzrət Həmzəyə ağlayanın olmadığını müşahidə etdikdə buyurdu:
لكِنَّ حَمْزَةُ لابَواكِيَ لَهُ الْيَوْمَ
“Ancaq bu gün Həmzənın bir ağlayanı yoxdur! (“İstiab”, c.1, səh.275. )
Mədinə qadınları bu sözü eşidən kimi Həzrət Həmzənin evinə toplaşıb ona yas tutdular. Beləcə, Həzrət Həmzənin böyük şəxsiyyətinin hörməti qorundu.
Mutə döyüşündə iştirak edən Cəfər Təyyarın şəhadət xəbəri Mədinəyə çatan zaman da Allahın Rəsulu (s) başsağlığı vermək üçün birinci Cəfərin evinə getdi, sonra xanım Fatimeyi-Zəhranın (s.ə) evinə gəldi. Xanımı matəmdə və ağlar halda görüb dedi:
عَلى مِثْلِ جَعْفَرٍ فَلْتَبْكِ الْبَواكِي
“Doğrusu, ağlayanlar Cəfər kimi şəxsiyyətə ağlamalıdır.” (“Biharul-ənvar”, c.22, səh.276.)
Qurani-Kərim Həzrət Musanın (ə) qövmündən bir dəstəni – hansı ki, fəsad və mənəviyyatsızlıq yolunu tutmuş və nəticədə o Həzrətin nifrini ilə məhv oldular – hörmət və göz yaşına layiq bilməyərək buyurur:
فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنظَرِينَ
“Nə göy (sakinləri) onlara ağladı, nə yer (sakinləri), nə də (əzab nazil olan zaman) möhlət tapdılar.” (“Duxan” surəsi, ayə 29.)
Bu ifadədən gözəl şəkildə istifadə olunur ki, başqalarının göz yaşına layiq olmamaq bir növ cılızlıq və dəyərsizlikdir. Bu baxımdan, məsum imamların (ə) tövsiyələrində belə buyurduqlarına şahid oluruq: İnsanlar arasında xeyir və bərəkət mənbəyi olun ki, öldüyünüz zaman sizə ehtiram göstərsinlər! Əmirəlmöminin Əli (ə) buyurur:
خالِطُوا النَّاسَ مُخالَطَةً إِن مِتُّمْ مَعَها بَكَوْا عَلَيْكُمْ وَ إِنْ عِشْتُمْ حَنُّوا إِلَيْكُم
“Camaat arasında elə yaşayın ki, əgər ölsəniz, sizə ağlasınlar, yox, əgər sağ qalsanız, sizi sevsinlər.” (“Nəhcül-bəlağə”, 10-cu hikmət.)
Deməli, müstəsna və misilsiz şəxsiyyət, ismət və təharət ailəsindən, Allah dostlarından və məsum imamlardan olan İmam Hüseyn (ə) üçün əzadarlıq təşkil etmək, o İmamı böyük saymaqdan əlavə, ilahi nişanələrə göstərilən hörmətin bariz nümunələrindəndir:
وَ مَنْ يُعَظِّمْ شَعائِرَ اللَّهِ فَإِنَّها مِنْ تَقْوَى الْقُلُوبِ
“Hər kim Allahın nişanələrinə hörmət etsə, bu, qəlblərin təqvasındandır.” (“Həcc” surəsi, ayə 32.)
Niyə də belə olmasın, halbuki Səfa və Mərvə məkandan başqa bir şey deyil və orada yalnız Allahın adı zikir olunduğu və anıldığı üçün ilahi nişanələrdən sayılmışdır!
إِنَّ الصَّفا وَ الْمَرْوَةَ مِنْ شَعائِرِ اللَّهِ
“Səfa və Mərvə Allahın şüarlarındandır (və nişanələrindəndir).” (“Bəqərə” surəsi, ayə 158.)
Şübhəsiz, bütün varlığı ilə birdəfəlik Allahla müamilə edən, bütün əhli-beyti və övladları ilə birgə eşq qurbangahına qədəm qoyan, xalisliklə Allah yolunda hər şeyindən keçən İmam Hüseyn (ə) ən böyük ilahi nişanələrdəndir və o Həzrətin əza məclisini bərpa etmək, Allahın böyük nişanələrindən birinə hörmət sayılır. (”Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.77-79.)
Ardı var...
Maide.az – Maarif bölümü