Təbii ki, bizi Hüseynimizə görə ittiham edənlərlə, hətta təhqiramiz ifadələr belə işlədənlərlə, durub yazı mübahisəsi etməyə, təhqiramiz sözlər işlətməyə əxlaqımız yol vermir. Amma müəyyən məsələlər var ki, istəyirəm bu barədə həm fikrimi bildirim, həm də xatırlatmalar edim.
Əvvəla Hüseyn matəmini tutmağı ərəbçi, farsçı kimi qələmə vermək istəyənlər hansı əməlləri ilə vətənimizi, xalqımızı məndən çox sevdiyini subut edə bilər?! Biz vətənimizi də xalqımızı da canımızdan artıq sevir, heç bir ərəbi və ya farsı öz xalqımızdan artıq tutmuruq-hərçənd insaniyyət bununla ölçülmür...
Məsələ bundadır ki, İmam Hüseyn bəşəriyyətindir. Fərqi yoxdur ərəbdi, türkdü milləti nədir. Nizami Gəncəvi peyğəmbəri o qədər sevirdi ki, onu öz şeirində türkə bənzədirdi. "Ərəb əndamlı türkdür" deməklə, yox,o, ərəb deyil, ərəb libası geyinmiş türkdür, deyirdi.Təbii ki, bu da onun öz millətini sevdiyindən irəli gəlirdi ki, peyğəmbəri öz türkü kimi qəbul edirdi. Bizim Qarabağ faciəmiz bizim doğma və şəxsi faciəmizdir ki, bizlər bu faciəni unutmuruq. Amma Hüseyn bütün dünyanındır. Durub Allaha inkar edə bilmərik ki, İlahi, Sən bu 14 günahsızını, məsumlarını niyə Azərbaycanlı etmədin, türk və ya talış yaratmadın?! Bu, Allahın bəyənmədiyi irqçilik olar əlbəttə-hərçənd Quranın niyə ərəb dilində yarandığı, elə Quranın özündə qeyd edilir və Əhli-beytin ərəb yaradıldığına güvənən ərəblərə də xatırlatma edilir ki, peyğəmbərin ərəbliyinə arxayın olub, özünüzü başqa millət və xalqlardan üstün tutmayın... Çün ki, Allahın yanında üstünlük millətlə yox, təqva ilə, insanlıq ilədir. Gəlin lap dünyada hər hansı bir qəhrəmanı, hər bir faciəni ümumiləşdirib, milyardlarla pul xərcləyib, bəzəyək və ziyarətə gələnlərə də hərəyə yüz manat, beş yüz manat pul paylayaq. And olsun Allaha ki, 30 milyon adam yığa bilmərik. Çünki, Hüseyn tək Azərbaycanda və ərəbdə deyil, bütün dünyada sülh rəmzi, həqiqət rəmzidir ki, hər il onun görüşünə, dünyanın müxtəlif ölkələrindən, azadlıq sevən, sülh istəyən, həqiqətin bərpasını bütün dünyada arzu edən 30 milyon adam gəlir.
Gəlin görək dahilərimiz bu məsələyə necə yanaşıb. Təbii ki, hamısını yazsaq vaxt aparar. Dahi Füzulimiz "həqiqətin şəhidi" əsərində Hüseynin kimliyini gözəl şəkildə aşılayır. Onun mübarizəsini, ərəb uğrunda deyil, bütün dünyada haqq bərqərar olsun deyə, apardığını göstərir. Dahi Nəsiminin 14 məsuma yazdığı şeiri də buna bariz nümunədir. Bizim dahi kimi həmişə andıqlarımız sənətkarlarımız, qələm adamlarımız da, məhərrəmlik ayını matəm saxlamış və bunun Azərbaycanda həmişə olması üçün çalışmışlar. Seyyid Əzimin "Bu nə qandır, Əli, rüxsarə rəvan eyləmisən?" və başqa mərsiyyələri, Sabirin matəmin qırxıncı gününə yazdığı "Bu gün xətmi-əzadır" və başqa mərsiyyələri, Vahidin "İki gül dəstələri Qasım inən Əkbər idi" və başqa mərsiyyələri, o cümlədən Bakıxanovun, Natavanın, Qasım Bəy Zakirin, Şəhriyarın və başqa şəxsiyyətlərimizin bu aya və 14 məsuma necə yanaşması fakt olaraq göz qabağındadır. Belə şəxsiyyətlərimizi danıb, sizin rişxəndinizi ciddiyə ala bilmərik və ağlınızı da kamil qəbul edə bilmərik. Allaha xatir olmayan bütün sebgilərin gözü kordu. Ananı da, vətəni də, xalqı da Allaha xatir sevəndə gözəl olur və dürüst olur. Peyğəbərimiz buyurub: "Vətəni sevmək imandandır." Allah sevgisi olmadan sevəndə, artıq gözlərin kor olur və irqçiliyə, eqoistliyə gedirsən...
Mən sizə demirəm ki, siz də bunu edin, gəlin bizə qoşulun. Xeyir! Sadəcə deyirəm bunu anlayın ki, özünüz demişkən; "1400 il bundan qabaq olan hadisə" bu günə qədər nə ki, ölməyib, hətta ildən-ilə çiçəklənirsə, sizin gücünüz çatmaz bu sevgini qəlblərdən çıxarmağa. Odur ki, Hüseyn aşiqlərini rahat buraxın. Mənim kimi Hüseyn aşiqlərini farsçı, ərəbçi adlandırmayın. Vətənpərvərlərik biz! Təbii ki, hər yerdə olduğu kimi, bu ünvanda da riyakarlar, pislər var. Biraz həqiqəti görə bilməyənlər, Hüseyn eşqinin pərdəsi altında gizlənənlərə inananlarımız da var. Amma bu başqa mövzudur...
O ki, qaldı Hüseyn məktəbinin, məclislərinin xalqımız üçün, gənclərimiz üçün tərbiyəvi əhmiyyətinə, bu barədə başqa vaxt yazaram inşaAllah. Bircə onu deyirəm ki, bu məclislər gənclərimizin əxlaqlı, vətənpərvər, qorxmaz və savadlı kimi yetışməsi üçün misligörünməz bir məktəbdir. Təki, Allah bizi Hüseyn eşqinin pərdəsi altda gizlənən riyakarlardan və nadan düşüncə tərzinə sahib adamlardan hifs etsin...
Tofiq Həsənli