24 Noyabr 2024 - 24
Əzadarlıq sözünün iki mənası var. Bir zahiri, digəri isə batinidir. Zahiri mənası budur ki, insan ağlayır, sinə vurur, mərsiyə oxuyur. Mərsiyə sözünün də mənasını deyəcəyik. Çünki bu sözlər ərəb sözləridir. Ərəb dilində bir neçə "s" hərfi var. Bu söz (mərsiyə) üç nöqtəli "sə" hərfi ilə yazılır. Mərsiyə "rəfəyə" sözündəndir, "ər-rifa" da deyilir. Bunun da mənası var. Hədisdə var ki, Həzrət Peyğəmbər (s) mərsiyə oxuyurdu. Əgər irad tutularsa ki, peyğəmbər mərsiyə oxuyubmu, cavabımız bu olacaq ki, bəli oxuyub. Həm şiə, həm də sünni mənbələrində göstərilir ki, Həzrət Peyğəmbər (s) mərsiyə oxuyub. Mərsiyə oxumağın növləri var. Biz bunu şeir formasında deyirik, amma mərsiyənin dəqiq mənası nisbətən fərqlidir. Bizim dilimizdə, təsəvvürümüzdə mərsiyənin forması budur ki, kimsə nəzm oxuyur, digərləri isə sinə vurur və yaxud da dizinə döyür. Əzadarlığın zahiri mənası ağlamaq, yas tutmaq, matəm qurmaqdır.
Amma əzadarlığın batini mənası da var. Əzadarlıq sözünün içərisində bir gizli məna var. Bu gizli mənanı üzə çıxarsaq, onda bizə cavab dəqiq aydın olacaq. O zaman bilərik ki, Quranda əzadarlıq barədə məlumat var, yoxsa yox. Əzadarlığın içində gizlənən məna budur ki, bu anlayış qəmli, müsibətli hadisəni yad etməklə izah olunur. Əza, yəni insan qəmi, müsibəti xatırlayır. Əzadarlığın mənası budur ki, insan qanlı bir hadisəni, müsibətli bir olayı xatırlayır. Bir insan oturub ağlayırsa, başına, dizinə döyürsə, deməli, onun yadına müsibətli bir hadisə düşüb. Yəni bu insan nəyisə xatırlayıb və xatırladığı şeyi göz yaşları ilə ifadə edir. Deməli əzadarlığın içində xatırlama var. Əgər bir insan hansısa hadisəni yadına salıb xatırlamasa ona ağlaya bilməz, kədərlənə bilməz. Deməli, əzadarlıq sözünün içərisində müsibətli bir hadisəni yada salmaq yatır. Çünki insan əzadarlıq zamanı nəyisə yada salır, yada saldığını artıq biruzə verir. Biruzə verilən bu hala əzadarlıq deyilir.
Əgər əzadarlıq müsibətli bir hadisəni xatırlamaqdırsa, bəs bu barədə Qurani-kərimdə bir şey varmı? Kimsə sual versə ki, Quranda əzadarlıq varmı? Ona "yoxdur!" cavabını verməyin. İlk öncə əzadarlığın mənası nə deməkdir, buna aydınlıq gətirmək, daha sonra bu mövzunu Quranda araşdırmaq gərəkdir. Əzadarlığın mənası təkcə ağlamaq deyil. Ağlamaq sadəcə nəticədir, kökdə isə daha mühüm bir şey - müsibətli hadisəni xatırlamaq yatır. Bu xatırlama olmasa, gözdən yaş çıxmaz, əl sinəyə getməz. Bu, təbii haldır ki, Allah-taala bunu Qurani-kərimdə bəyan edir, nə qədər insanların əhvalatını təəssüflə xatırladır. Sanki, Qurani-kərim məzlumlara əzadardır, Quran sanki diri-diri torpağa basdırılan qız uşaqlarına əza saxlayır, onların acı taleyini yada salır.