21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn möminlərin göz yaşıdır...
16.12.2020

Ya Hüseyn (ə)! Dünyaya mübarək gəlişin İslamın ilk şəhəri olan Mədinədə baş verdi.

Lakin bu, fərqli bir gəliş idi. Necə ki, anan, xanımlar xanımı, dünya qadınlarının seyyidəsi, Fatimeyi-Zəhra (s.ə) buyurur: “Allahın Rəsulu Hüseynin anadan olduğu gün yanıma gəldi. Uşağı sarı parçaya bükülmüş halda o Həzrətə verdim. Allahın Rəsulu sarı parçanı açıb kənara qoydu və ağ parça ilə Hüseyni bükdü. Sonra buyurdu: “Ya Fatimə, al (bu) uşağı. O, İmam və İmam övladıdır, doqquz pak və məsum İmamın atasıdır, onların doqquzuncusu Qaim – Həzrət Məhdi (ə.f) – olacaqdır” (Şeyx əl-Xəzzaz əl-Qumi ər-Rəzi.“Kifayətul-əsər fin-nususi ələl-əimmətil-İsna əşər”, səh. 194).

Ya Hüseyn (ə)! Baban Peyğəmbər (s) səni çox istəyərdi. Bəra ibn Azibdən nəql edilən bir hədisdə deyilir: “Allahın Rəsulu (s) Hüseyni (ə) qucağına götürüb buyurdu: “Pərvərdigara, mən onu çox istəyirəm, Sən də onu çox istə!” (“əl-Bihar”, 16/264/43). Kim bilir, bəlkə də nəvələri içərisində Rəsulullaha (s) ən çox oxşadığın üçün səni daha çox sevirdi: “Hüseyn (ə) Peyğəmbərə (s) hamıdan çox oxşayır” (“əl-mucəmu li əlfazil-hədisin-Nəbəvi”, 3-cü cild, səh. 64). Bəlkə də Allahın dərgahındakı ali məqamına görə Peyğəmbəri-Əkrəm (s) səni hamıdan əziz tutardı. Hədislərinin birində buyurursan: “Allahın Rəsulunun otağına daxil olduqda gördüm ki, Übəyy ibn Kəb də onun yanındadır. Allahın Rəsulu mənə buyurdu: “Ya Əba Əbdillah, xoş gəlmisən! Ey göylərin və yerlərin zinəti!” Übəyy Peyğəmbəri-Əkrəmə dedi: “Ey Allahın Rəsulu, necə mümkün ola bilər ki, səndən başqa bir şəxs göylərin və yerlərin zinəti olsun?!” Allahın Rəsulu buyurdu: “Ey Übəyy, məni haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun, Hüseynin Göydə olan məqamı Yerdə olan məqamından daha üstündür və həqiqətən Ərşin sağ tərəfində “Hüseyn hidayət çırağı və nicat gəmisidir” yazılmışdır” (Şeyx Səduq. “Üyuni əxbarir-Rza (ə)”, 1/59/29). Yaxud Rəsulullah (s) malik olduğu İlahi eşqin təsiri ilə sənə böyük qiymət verir və buyururdu:

“Hər kəs yer əhli içərisində asiman əhlinə ən sevimli olan bir kəsə baxmaq istəsə, o zaman Hüseynə baxsın” (İbn Şəhraşub. “Mənaqibu Ali-Əbi Talib”, 4/73). Yaxud da on beş əsrə yaxındır ki, ardıcılların tərəfindən əldən düşməyən, dilindən, irqindən və dərisinin rəngindən asılı olmayaraq qardaşlıq dini olan İslamın mübarək şəxsiyyətinlə vəhdət təşkil etdiyini göstərən “Ya Hüseyn” yazılmış bayrağına, aşiqlərinin qəlbində əbədi taxt quraçağına görə əziz olmusan Allahın Elçisinə (s). Axı aşiqlərin ziyarətnamələrinin birində sənə xitab edərək deyirlər: “Şəhadət verirəm ki, həqiqətən sən Allahın əbədi nurusan ki, heç vaxt sönməmisən və sönməyəcəksən” (Şeyx Abbas Qummi. “Məfatihul-cinan”, səh. 443). Qeybi elmdən xəbərdar olan Peyğəmbər (s) yəqin ki, buna görə buyurub: “Həqiqətən möminlərin qəlbində Hüseynin gizli bir məhəbbəti vardır” (Şeyx Cəfər Tustəri. “Xəsaisul-Hüseyniyyə”, səh. 48).

Ya Hüseyn (ə)! Dünyaya gəlişin kimi, dünyadan köç etməyin də fərqli oldu. Öz vətənində və elində, doğma ocağında rehlət etmədin, əksinə qərib bir yerdə, susuz, isti və qumluq bir səhra olan Kərbəla çölündə, özü də qanına susayan, rəhmsiz, məkrli, hiyləgər, insani və bəşəri duyğulara yad olan minlərlə düşmənin əhatəsində əlvida dedin bu həyata. Mənfur düşmən səni, Cənnət cavanlarının Ağasını vəhşicəsinə qətlə yetirdi. Qətl ediləcəyini bilərkən gül dodaqlarından bu mübarək sözlər qopdu: “Mən elə bir qətlə yetrilənəm ki, insanların insani duyğularını təhrik edirəm. Elə bir mömin yoxdur ki, məni xatırladıqda ağlamasın” (İbn Qavləveyh Qumi. “Kamiluz Ziyarat” səh. 109).

Ya Hüseyn (ə)! Sənin faciəli qətlin möminlərin qəlbində elə bir atəş alovlandırdı ki, şöləsi heç zaman sönməz. Çünki sən səni sevən minlərin, milyonların ruhunda və canındasan, qanında və yadındasan. Sən ölməmisən, sənə görə məzlumu müdafiə edən, zalıma və zülmə boyun əyməyib “Mən Hüseyn (ə) divanəsiyəm” deyərək İslamın böyük dəyər verdiyi insanlıq naminə çarpışanların məğrur köksündə yaşayırsan. Yəqin elə buna görədir ki, Allahın Rəsulu (s) buyurub: “Möminlərin qəlbində Hüseynin qətlinə görə elə bir hərarət vardır ki, o hərarət heç vaxt soyumaz” (Şeyx Cəfər Tustəri. “Xəsaisul-Hüseyniyyə”, səh. 70).

Ya Hüseyn (ə)! And olsun yaradılışın Tək Sahibinə ki, mən də sənin divanələrindən, aşiqlərindən biriyəm. Bəlkə də bütün dünya susur, lakin mən səni və səsini eşidirəm. Baxıram əshabına, sanki hərəsi bir ulduzdur. Baxıram şəhid Əli Əkbərinə (ə), gül bədəni qılınclarla döğranan cavan Qasiminə (ə), ruhum quş tək uçmaq istəyir onlara doğru.

Ya Hüseyn (ə)! Bir zaman Allahın Rəsulu (s) öpən, Kərbəlada isə istidən və susuzluqdan torpaq kimi çat-çat olan dodaqların gözlərimin önünə gəlir. Sanki susuz qəlbimdən su kimi torpaq axır. Fəratı təsəvvür edirəm, qardaşın Abbasın (ə) körpələrə və əhli-beytinə su gətirmək üçün düşmən sədlərini yararaq Fərata baş vurmasına, su içmədən məşkini doldurmasına, vuruşa-vuruşa xeymələrə doğru yürüməsinə heyran qalıram. Lakin budur, Qəməri Bəni-Haşimi atdan salırlar, bacın Zeynəbin (ə) hicabını qoruyan Abbasın (ə) artıq səninlə vidalaşır və şəhid olur. Tifil Əsğərinin (ə) ciyəri az qalır ki, susuzluqdan kabab olsun. Körpəni qucağına alıb zalımdan balana su istəyirsən. Lakin lənətə gəlmiş Hərmələnin üçpər oxu öz işini görür, Əli Əsğər (ə) su zənn etdiyi boğazının qanına boyanır və bu mənzərə belimi bükür.

Ya Hüseyn (ə)! Rüqəyyən (ə) sənə sarılır və ruhu bədənindən ayrılır. Səkinən (ə) çox ağlasa da nəhayət susur və bu, sənin üçün müsibət olur. Çünki Səkinənin (ə) göz yaşının hər biri sanki bir söz idi, sən isə bu sözlərin bitməsini istəmirsən. Ciyərinə bir ox dəyir ki, onu iki yerə bölür. Kürəyindəki oxu çıxarmaq istəyərkən oxlanan gözün qaralır. Yerə doğru düşərkən gözlərin xeymələrə baxır, göz yaşı əvəzinə gözlərindən qan damcılayır. Yaralı və vəfalı atın – Zül-cənahın qaçaraq bacın Zeynəbə (ə) son salamını çatdırır. Vəhşi düşmən sinənin üstündə olarkən “Abbasım, qardaşım haradadır” – deyə çağırırsan. Ruhun bədənini tərk edərkən Zeynəbin (ə) yarpaq kimi əsir. Qatilin başını əlinə alıb ayağa qalxarkən və düşmən atları mübarək cisminə doğru çatarkən Xanım Zəhradan (ə) sanki bir səda gəlir: “Hüseynim vay, Hüseynim vay”! Şimr ibn Zilçövşən mübarək başına ağacla vurarkən sanki bütün ağaclar ağlayır. Xəstə Səccadın (ə) fasiq Yezidin qarşısında durub kəsilən başına baxarkən yaralarından daha acı bir ağrı duysa da, düşmənin qarşısında əyilməyir, soy-kökünü əzəmətlə bəyan edir, “Mən Məkkənin və Minanın oğluyam. Zəm-zəmin və Səfanın oğluyam. O insanın oğluyam ki, Kəbənin daşlarını çiynində daşıyıb. Mən ən yaxşı libas geyinənin oğluyam. Mən ən yaxşı çarığını hədiyyə edib özü ayaqyalın gəzənin oğluyam. Mən ən yaxşı təvaf və səy edənin oğluyam. Mən ən yaxşı Həcc edib “Ləbbeyk” deyənin oğluyam. Mən səmada burağ üstə danışanın oğluyam. Mən Məscidul-həramdan Məscidul-əqsaya gecə ikən aparılanın oğluyam. Mən Cəbrailin son mənzilədək yola saldığı insanın oğluyam. Mən Allahın vəhy göndərdiyi şəxsin, Muhəmməd-Mustafanın oğluyam. Mən Əliyyul-Mürtəzanın oğluyam. Mən müsəlmanların namusunu qoruyanın oğluyam. Mən Ərəbistan şiri, İraq qoçu, məkkəli, mədinəli, bədrli, ühüdlü, əsilli-köklü olan, hicrət edən, Ağası ərəbdən olan, səsi şir səsi, iki məhşərin varisi, Peyğəmbərin ciyərparəsi Həsən və Hüseynin atasının oğluyam. Mən xanımlar Xanımı Fatimeyi-Zəhranın oğluyam. Mən qanına qəltan olan, Kərbəla qurbanı, bu kəsik başın sahibinin oğluyam. Mən o kəsin oğluyam ki, zülmətdəki bütün pərilər ona ağladılar və səmadakı quşlar ona növhə dedilər” (“Tebyan”) – deyə buyurur və göz yaşlarına qərq olur. Təkəbbürlü Yezid isə bu kəlamların təsiri ilə öz sarayında zəlil və xar olur.

Ya Hüseyn (ə)! Müsibətli qətlin və Xəstə Səccadının (ə) bu yanğılı sözləri on beş əsrdir ki, səni sevənləri yana-yana ağladır. Bəlkə də səni yaşadan bizlərin bu göz yaşıdır. Çünki sənə nisbət verilən adlardan biri də rəmzi mənada olan “Göz yaşı” ifadəsidir. Bununla bağlı İmam Sadiq (ə) belə buyurur: “Əmirəlmöminin Əli oğlu Hüseynə baxıb buyurdu: “Ey möminlərin göz yaşı!” Hüseyn soruşdu: “Atacan məni deyirsən?” İmam Əli buyurdu: “Bəli, ey mənim əziz oğlum!” (İbn Qavləveyh Qumi. “Kamiluz Ziyarat”, səh. 280).

Mənəm aşiqi-İmamət, Hüseyn İmamət deməkdir!

Hüseyn Məhşəri-əlamət, Hüseyn Qiyamət deməkdir!

Hüseyn Ali-Muhəmməddir, Hüseyn Əhli-Beyt zinəti!

Hüseyn məqami-Cənnətdir, Hüseyn Peyğəmbər itrəti!

Hüseyndir məscidi-mehrab, Hüseyn şeşguşeyi-ehram!

Hüseyn Zəhraya afitab, Hüseyn Əliyə ehtiram!

Hüseyn tilavəti-Quran, Hüseyn sureyi-ər-Rəhman!

Hüseyndir büsbütün iman, Hüseyndir ərşi-Asiman!

Hüseyn vadiyi-Ərafat, Hüseyn Məkkeyi-mükərrəm!

Hüseyndir külli-kainat, Hüseyndir çeşmeyi-Zəm-zəm!

Hüseyn məlum beş vaxt namaz, çün adı Lövhi-məhfuzda!

Hüseynin nuruna çatmaz göydə ən parlaq ulduz da!

Hüseyn İlahi əmridir – əqimüs-sələt yavəri!

Hüseyn rükudur, səcdədir, Hüseyn ibadət sərvəri!

Hüseyndir cümlə-nəcabət, Hüseyndir həqqi-ədalət!

Hüseyndir dünyaya rəhmət, Hüseyndir Bərzəx, Axirət!

Hüseyn sədaqət, mərhəmət, Hüseyn inayət deməkdir!

Hüseyn müqəddəs əmanət, Hüseyn hidayət deməkdir!

Hüseyn mərdlik, mərdanəlik, Hüseyn qeyrət, cəsarətdir!

Hüseyndir ərlik, ərənlik, Hüseyn şücaət deməkdir!

Hüseyn daim ürəklərdə, hər kəlmə, bəstə, əsərdə!

Hüseyn Həşr-hesab günü şəfaət edər Kövsərdə!

Hüseyn azadlığın özü, Hüseyn insanlıq zirvəsi!

Hüseyndir məsumun sözü, Hüseyndir məzlumun səsi!

Hüseyn Abbas, Hüseyn Qasim, Hüseyn Əliyyi-Əkbərdir!

Hüseyndir dəstəmaz, Yasin, Hüseyn Əliyyi-Əsğərdir!

Hüseyn çıxan axşam ayı, Hüseyn səhər günəşidir!

Hüseyn Haqqın qurban payı, qurban başı, gül nəşidir!

Hüseyndir mahi-Məhərrəm, Hüseyndir Aşura, matəm!

Hüseyn pərçəm, Hüseyn ələm, Hüseyndir kürreyi-aləm!

Hüseyn susuz dodaqların su niskili, su həsrəti!

Hüseyn teşnələb qazanan dərəceyi-şəhadəti!

Əhli-iman, Hüseyn rəhbər, Hüseyn pənci-Ali-əba!

Hüseyndir İslama öndər, Hüseyndir şahi-Kərbəla!

Əhliman RÜSTƏMOV, QMİ-nin Fətva və moizə şöbəsinin müdir müavini

Etikxeber.az