21 Noyabr 2024 - 21
Azərbaycan ədəbiyyatında İmam Hüseyn və Kərbəla hadisəsinin yeri Azərbaycan ədəbiyyatının məşhur simaları elmə, dinə-irfana, yəni təsəvvüfə həmişə ehtiyac duymuş və dini şəxsiyyətlərin tərənnümünə böyük önəm vermişlər. Bu həm də bu yazarların saf və səmimi inamlarının, eşqlərinin büruzəsi idi.
Kərbəla hadisəsi tanıyıb bilənlər üçün dünyadakı bütün ədalətsevər insanların ilham ocağıdır. İmam Hüseyn əslində təkcə ərəbin yox, (başqa xalqlara baxmış bu gün çoxsaylı ərəb ölkələrindən yalnız bir neçəsi İmam Hüseyni yad edir) bütün dünyanın, bəşərindir. Qəhrəmanlar onun igidliyindən, alimlər onun elmindən, şəhidlər onun cəsarətindən iham aldıqları kimi şairlər də onun məharətindən, duyğularından, şücaətindən ilham alıblar.
Zaman-zaman böyük yazarlar və qələm adamları tək Azərbaycan yazarları yox, bütün islam aləminin elm əhli-Kərbəla vaqiəsini qələmə alıb, tərənnüm etmişlər. Biz burada mövzumuz daxilində yalnız Azərbaycan ədəbiyyatından danışacağıq. Kərbəla hadisəsini mahiyyəti üzrə ədəbi-bədii janrda qələmə alıb çatdıran şairlərədn biri Məhəmməd Füzulidir. Bildiyimiz kimi o, Əhli-Beytə, İmamlara, çox bağlı insan olubdur. Hətta vəsiyyətində də onu, məhz İmam Hüseynin ayaqları altında dəfn edilməsini istəmişdir. “Hədiqətüs- Süəda” (Xoşbəxtlər bağçası) adlı əsərini, poemasını o, İmam Hüseynə, Kərbəla şəhidlərinə həsr etmişdir.
Xətaidən Kərbəla şəhidlərinə ehtiram Tarixi təhrifdən uzaq və dolğun şəkildə də həmin hadisəni bir növ poetik dildə nəql etmişdir. Şah İsmail Xətai bilirik ki, Səfəvi-Qızılbaş təriqətinin eyni zamanda mürşidi-kamili idi. Onun ilham aldığı Vətən sevgisi ilə yanaşı həm də İmamlar, İmam Əli, İmam Hüseyn idi. Onun yaradıcılığında da bu aşkar şəkildə biruzə verir, özünü göstərir. Xətai də eyni zamanda irfan əhli idi. Zahiri dünyadan batini dünyaya meyl edən şair-hökmdar, xüsusən ömrünün son illərində yazdığı şeirlərində də din-əqidə-inanc sevgisinə böyük əhəmiyyət vermişdir.
Həmçinin aşıq ədəbiyyatımızda da Kərbəla olayına önəm verilmişdir. Bəzi iddialara görə hətta Şah İsmayil baş aşığa tapşırıq verərək saz havalarını Kərbəla şəhidlərinin sayına uyğun olaraq, məhz 72 hava şəklində kompleksləşdirməyi əmr edtmişdir. Bu gün də fakt 72 əsas saz havası vardır. Sonralar təbii ki, yeni havalar yarandı və bu say dəyişdi. Zəlimxan və Aşıq Ələsgər yaradıcılığında Kərbəla mövzusu İmadəddin Nəsimi, Seyyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi və üzü bəri əksər şairlərimiz bu məsələni nəzərdən qaçırmayıblar, öz töhfələrini veriblər. Hətta mərsiyə ədəbiyyatına bariz nümunələr əta ediblər.
İsmail Zəbih adlı şairimiz yazırdı:
Fəryad o, zamandan kim, Şamə üsarə gəldi, Həm Zeynəbü, həm Külsüm, həm Zeynəliba gəldi… Hacı Şeyx Əli Tuti deyirdi: Xərabədən bizi azad edib Yezidi-ləin, Qutardi zülmini, axır gəlib ətayə, Səkinə… Bu gün də Aşura mərasimlərində oxunan məhşur kəlamın sahibi isə Asi təxəllüslü şairdir: …Çəkildi Şamə qətari Zeynəb, Əsasi işrət olub mürəttəb. Bu növ Yəzid verdi fərman, Geysün təmamən libasi-əlvan…
Faiz, Əbülhəsən Raci, Baki, Pərişan, Əhməd Qaib, Müsafir, Harud, Bisavad, Abbasqulu ağa Bakıxanov, Baqi, Seyyid Zərgər Bakuyi, Aşıq Ələskər, Azaflı Mikayıl, Zəlimxan Yaqub və Zəki İslamı daha parlaq simalar arasında göstərmək olar bu mənada.
M.Ə.Sabirin bu misrası məşhurdur din əhli nəzdində: Baxdı çün Əkbərinin Leyla üzünə, Gördü zülfü tökülüb, çün şəbi yelda üzünə… Yaxud Bakıxanov deyirdi: Kərbəla, saxlagilən nəşi-Əli Əkbərimi, Verirəm çünki əmanət sənə gülpeykərimi…
Zəlimxan Yaqubun “Peyğəmbər” poeması xüsusi diqqətə layiq olsa da onun İraqda, Kufə şəhərində olarkən silsilə yazılmış şeirləri daha cəlbedicidir. İmam Əlini, İmam Hüseyni tərənnüm edən bu silsilə şeirlərdə o dövrün zalım diktatoru, Peyğəmbər ailəsinin qatili və düşməni Muaviyyə və Yezid ifşa olunur, tənqid edilir və ədalətə-haqqa ehtiram ifadə olunur.
Böyük şair yazır:
Arxadan adama yara yetirmək, Alçağın, namərdin işi sayılıb.
Döyüş meydanında döş-döşə gəlib, Üz-üzə gələnlər kişi sayılıb.
Kişilik hardaydı Muaviyyədə, Öndə kişi durar, daldada gədə.
O heç istəmiridi cənab Əliylə döş-döşə dayansın, üz-üzə gəlsin.
Gücü çatardımı qara bayquşun, Günəşin nuruyla göz-gözə gəlsin!
Yaxud:
…Kufənin köksündə qanlı yaradı, Bağrı didim-didim, para-paradı,
Tarixin yanında üzü qaradı, Həzrəti Əliyə qəsd olan gecə !…
Kərbəla çölündən torpaq götürdüm, Gördüm ki, sərasər qandı Kərbəla!
İmam Hüseynin ahına döndü, Ovcumda od tutub yandı Kərbəla!
Tarixi bütünüylə analiz eləyib mütləq həqiqəti görən şair İmama olunan xəyanətdən də halıdır: …Kufədən Məkkəyə məktublar gəlir, Onu çağırırdı xəlifəliyə. Hanı o məktubu yazan “kişilər”? Onun köməyinə yetişmir niyə ?! Zəlimaxan Yaqub İmam Hüseynin şəhadət amalını tam varlığı ilə dərk edərək son nöqtəni qoyur və böyük mənada əsl hədəfə vurur:
…O təslim olsaydı Yezid əmrinə, Düşmən lovğalanıb, yekələnərdi.
Şəhidlik hüsnünü bəzəməsəydi, İslamın tarixi ləkələnərdi!
Allah rəhmət etsin, çox gözəl deyib… Şairin xəstə vaxtlarında gənc şairlərlə onun ziyarətinə getdik və onun rəsmiyyətdən kənar səmimiyyət qonağı oldum bir dəfə. Təxminən dörd saat ərzində sazdan-sözdən və irfandan, təsəvvüfdən danışdı və danışdığını mənən yaşadı sanki. Yunusdan danışanda Yunus olurdu, Sabirdən danışanda Sabir olurdu elə bil. Mən həmin görüşdəki söhbətimizdən çox şey öyrəndim və götürdüm. Həmçinin Zəlimxanın nə qədər dinə, məsləkə, irfana, Əhli-Beytə, Peyğəmbərə, Allaha bağlı olduğunun canlı şahidi oldum . Onun hər bir sözü söhbəti İmamlardan idi, İmam Hüseyndən, digər din-irfan böyüklərinin fəlsəfəsindən-hikmətindən idi…
Həmçinin aşıq ədəbiyyatımızdakı parlaq simalardan da nümunə versək hesab edirəm aydınlanar bu mövzu. Aşıq Ələskər məlum olduğu kimi aşıqlıq-şairliklə bahəm həm də din alimi, ürəfa əhli idi. Dərin dini biliyə sahib olan Dədə hətta indiki dövrdə bir çox ilahiyyatçının belə bilmədiyi dini elmlərə, cifrə, əbcədə, çümələ kamil bələd olub. İmam eşqındən, Allah sevgisindən doğan bir şeirində Ələskər babamız kompleks şəkildə çox məlumatı kodlaşdırılmış şəkildə elan edir.
Dədə Ələskər deyir:
İbtida “Əlif” dəndərsimalanda, Ələst aləmində demişəm “Bəli”.
Həqiqətdən iki gözəl sevmişəm: Biri Muhəmməddir, biri də Əli…
Əlidən dərs aldım,eylədim əzbər, Yerlərə ziynətdi,göylərə ləngər.
Fatimeyi-Zəhradı şaheyi-Məhşər, Onu seçdim gözəllərin gözəli.
Həsən əl Müctəbanın çoxdur hörməti, Yerin ərş-əlası, göyün ziynəti,
Məhşər günü darda qoymaz ümməti, Əsğər qucağında Şah Hüseyn gəli…
Xaliqul-Əzim, Vahid əl Yektay, Xudam qüdrətindən mənə verib pay,
Oxu”əlif” qail eylə, Haqqı say, Arif seçər Əbcədilən Cuməli…
Günahım dəryadı, özüm qanmışam, Tutduğum işlərədən çox utanmışam.
Püşkü-pənahında daldalanmışam, Adım Ələsgərdir, özüm Göyçəli.
Şeir dərin irfani məna kəsb edir. “Əlif” dedikdə Allah nəzərdə tutulur. Ərəb əlifbasının ilk hərfi və Allah sözünün ilk hərfidir. “Ələst” aləmi , bəşər xəlq olunmamışdan əvvəl Allah bütün ruhları yığıb əhd-peyman almışdır ki, onu inkar etməyəcəklər. Ələskər babamız da bu zaman “bəli” dediyini etiraf edir. Sonra şeirdə 5 Ali-Əba deyilən bəşərin ən şərəfli məsumları sayılan Peyğəmbər əhli-beyti sıralanır.
Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimüssəlam. Əbcəd və cüməl cifri hesabından, qeyb elmindən söhbət gedir ki, dərin məsələ olduğundan geniş şərhə imkan yoxdur. Aşıq ədəbiyyatımızın digər bir nümayəndəsi Aşıq Mikayıl Azaflıdır. Ümumiyyətlə, qeyd edim ki, aşıqlar həmişə fəaliyyətlərində İmamlara, Əhli-Beytə bir mədəd umma yeri, pənah və güc mənbəyi kimi baxıblar, onlara təvəssül ediblər.
“Yol Əli yoludur”, “Əli qurşağını qurşasın”, “Əli murazını versin”, “Əl tutmaq Əlidən qalıb” kimi məsəllər, deyimlər artıq milli mənəvi dəyərimizə, milli deyimimizə çevrilib. O cümlədən Haqqa üz tutan aşıqlarımızdan el adətinə daha çox üstünlük verən Mikayıl Azaflı Kərbəlanın qanlı tarixini şərh edərək belə deyirdi:
…Gəl deyim, Yaradan- Qadiri Sübhan:
Yıxdı min İsgəndər, min bir Süleyman,
Bəşərin əşrəfi, Nəbiyi-Sultan,
Şahanı Muhəmməd, başdı da, getdi…
Gəl deyim Ərəblər xilafətindən,
Qanlı Kərbəlanın müsibətindən,
İmam Şühəda şəhadətindən,
Zəhri-zərbətindən dəştidə getdi…
Gəl deyim, dil oğlu islam Sərdarı,
Qasimi, Əkbəri, Şah Ələmdarı,
Qardaşı Abbasın düşdü qolları,
Hüseynin gözləri yaşlı da getdi…
Gəl deyim, Şümrü-Yezid sitəmkar,
Tacı-taxtı tamam oldu tarimar.
İbrahim Əjdər, Museyi Muxtar,
Qılıncı-qalxanı, guştu da getdi..
Müasirimiz Zəki İslam isə dövrün ən öndə gələn Əhli beyt şairlərindəndir. Onun demək olar ki, bütün külli yaradıcılığı Əhli-beyt sevgisinin tərənnümü üzərində bərqərar olub. Elə yerinə düşmüşkən qeyd edim ki, bəndənizlə onun bir neçə şeirləşməmiz, deyişməmiz mövcuddur. Ona ünvanladığım:
Zəki İslam, niyə döndü bu dövran,
İnsanlıq dünyadan zara gəlibdi.
Haqqa-ədalətə əməl olunmur,
Gözəl zəmanəmiz qara gəlibdi”
şeirinə Z.İslam belə cavab verir:
Ay şair qardaşım, ay Tural İrfan,
Fikirlərin zordan-zora gəlibdi…
Haqdan yapışıbsan, haqq şairisən,
Sorğuların vardan vara gəlibdi.
Hər iki dünyanın şahı, sultanı,
Məhəmməd, Əlidi: zöhrü-zamanı.
Salam yerindədi, sahib gümanı,
Səbir bizim üçün çarə gəlibdi…
Yəni, şairin hər bir misrası, hər bir şeiri İmamların birinin, ya bir neçəsinin ilahi eşqi ilə yoğrulub ortaya-ərsəyə çıxır. Aşıq Ədalət Nəsibovun dastan nəqllərində, söhbətlərində, xatirələrində İmamlara məhəbbət, Əli eşqi əsas aparıcı qüvvədir. Hətta ona bu sənətin məhz, İmam Əli tərəfindən buta verildiyini özü etiraf edir. Bu eşq və poeziya bir çox müasir və qabaqki aşıqlarımızda da böyük önəm daşıyıbdır.
Çağdaş şairlərimizdən Sadiq Qara Əhmədlinin şeirlərini də xüsusilə bu anlamda misal çəkmək olar. Kərbəla vaqiəsinə həsr olunmuş şeirlərində o olaya bir elmi, analitik baxış sezilir poetik yanaşmadan əlahiddə. Sadiq yazırdı:
Yoldaşlığın, qardaşlığın, sirdaşlığın timsalısan ya Əli.
Sədaqətin, cəsarətin, dəyanətin timsalısan ya Əli.
Dönməzliyin, sönməzliyin, ölməzliyin timsalısan ya Əli.
Həmçinin:
Şəhid oldu balaların, Əsir düşdü dostun-yarın.
Timsalısan etibarın, Ya Hüseyn, ya Hüseyn !
… Xədicənin yadigarı, Xanımların iftixarı,
Həzrət Əlinin dildarı Fatiməyə rəhmət, rəhmət…
… Allahın sonuncu peyğəmbəridi, Rəbbimdən bəşərə paydı Məhəmməd.
Dinin çırağında yağtək əridi, İslamı dörd yana yaydı Məhəmməd…
Verdiyimiz nümunələr sübut edir ki, Azərbaycan ədəbiyyatında Kərbəla olayına, İmam eşqinə, irfan məhəbbətinə xüsusi yer var və bu tərənnüm bir ənənə şəkli alaraq bu gün də şairlərimiz tərəfindən davam etdirilir. Bu ənənənin davamı olaraq “Kaş olaydım Kərbəlada…” adlı kitabımdan eyni adlı şeiri, Füzuli, Nəsimi, Seyid Əzim, Zəlimxan poeziyasının kölgəsində yazdığım və nohəxanlara təqdim etdiyim bu nümunəni də sizlərə təqdim etməyi uyğun hesab etdim:
Haqla nahaq savaşan gün, Hüseyn qana bulaşan gün,
Haqqlar Haqqa qovuşan gün, Kaş olaydım Kərbəlada…
Öpəydim qanlı üzləri, Öpəydim qanlı izləri,
Əldə qılınc, mən gözləri Yaş olaydım Kərbəlada.
Əyri qıranda düzləri, Kaş olaydım Kərbəlada…
Hüseyn, deyib min həvəslə, Haqq dilimdə-mən həvəslə,
At belində Əbülfəzlə Qoşulaydım Kərbəlada, Kaş olaydım Kərbəlada…
Fəratdan bircə damla su, Əli Əsğərin son arzusu…
Gətirəydim ağzımda su, Quş olaydım Kərbəlada, Kaş olaydım Kərbəlada…
Qan olaydı sinə-yaxa, Qalxıb qanım axa-axa,
Körpələrə dəyən oxa Tuş olaydım Kərbəlada,Kaş olaydım Kərbəlada…
Haqq üzülməz, nəzilər də, Bir gün nahaq əzilər də.
O gün mən də nizələrdə Baş olaydım Kərbəlada, Kaş olaydım Kərbəlada…
Ələ qılınc alammasam, Al qanıma bulanmasam, Əgər şəhid olammasam,
Daş olaydım Kərbəlada, Kaş olaydım Kərbəlada…
Tural İrfan Dünya “Gənc Türk” Yazarlar Birliyi”nin məşvərət şurasının, Azərbaycan Yazıçılar, Jurnalistlər və Aşıqlar birliklərinin üzvü, ilahiyyatçı