21 Noyabr 2024 - 21
1. Özünüz və peşəniz barədə məlumat verin.
Həyatda axirətim üçün tək azuqəm olaraq Əhli-beytin (ə) məhəbbəti və ərbəin səfərlərini görürəm. Yaşadığım müddət daim calışmışam hansı əməlimə riya ləkəsi toxunsa belə bu iki nemətə toxunmasın. Bu səbəbdən də adımı boş verin xahiş edirəm. X man deyəlim.
2. Bildiyimiz qədər hər il ərbəin səfərinə gedirsiz. Hər il davamlı olan bu məsələnin bilmədiyimiz sirli tərəfi nədir?
Həyatım boyunca plansız və anidən getdiyim tək ziyarət ilk ərbəin səfərim olub. Çox-çox yaxın bir seyid dostum var. Bir gün onunla mənə anidən xəbər gəldi ki, sabah ərbəin səfərinə gedirik. Özümüz üçün avtobus tutmuşuq, avtobuzu doldurduq amma nə etdiksə təqribən 10 nəfərlik yerimiz boş qaldı. İstəsəz bizə qoşula bilərsiniz. O günə qədər ərbəin ziyarətinin adını belə eşitməmişdik. Səddam dönəmində bu ziyarət qadağan edilmişdir və yaşımızla əlaqədar olaraq bu ziyarəti eşitməməyimiz tam təbii idi. Və demək olar ki, Səddam devrildikən sonra ilk Ərbəin ziyarətlərindən idi. Dostum seyidlə razılıq verdik və boş qalan 10 nəfər yeri də doldurmağı bizə həvalə etmələrini istədik. Beləcə ilk ərbəin ziyarətimizin təməli qoyuldu. Bu yolda o qədər mənəvi zövq, ləzzət aldıq ki, Kərbəlaya çatar-çatmaz hərəmdə İmam Huseynlə (ə) ilk duamız - mən buna duadan çox mübarək bir müqavilə deyərdim - bu oldu ki, anası Xanım Zəhraya (s.ə) xatir nə qədər ki, bu canda nəfəs var İmam Hüseyn (ə) öz rəhmət və sevgisiylə bizi hər il bu ziyarətə dəvət eləsin. Bilmirəm niyə amma ilk dəfə bir duadan sonra qəlbim aram və rahatlaşmışdı. Sanki duanın qəbul olmasını hiss edirdim və İmam Hüseynin (ə) Rəbbinə həmd olsun ki, ta o gündən bu günə qədər Ərbəin səfəri hər il qismət olur. İmam Huseyni (ə) yenə acizanə və ona hava-su kimi möhtaclı biri kimi anası Xanım Zəhraya (ə) və atası Heydəri Kərraya (ə) and verirəm ki, içi mən qarışıq hər il aşiqlərin bu mübarək və möhtəşəm ziyarəti onlara nəsib eləsin, amin.
3. Bəziləri deyir hər il ziyarətə getməkdənsə ölkədə olan kasıblara yardım edin. Buna necə açıqlama verərdiniz?
Suala cavab verməzdən öncə məni daim maraqlandıran bir məsələyə diqqət çəkmək istəyirəm. Mənə həmişə çox maraqlı gəlib ki, niyə həmişə kasıblar və aclar ancaq ziyarət öncəsi yada düşür?! Bu məsələ həqiqətən kasıba, aca olan sevgi və qayğıdan irəli gəlsəydi ilin bütün günlərində aktual olardı. Amma təəssüf ki, biz bunu ilboyu müşahidə eləmirik. Bu məsələ süni şəkildə həmişə Həcc və Ərbəin ziyarəti ərəfəsində qabardılır. Məqsəd isə nə kasıblara olan sevgidəndir, nə də acların çəkdiyi iztirabdır.
Suala gəldikdə isə Ərbəin ziyarətinə getməyi bizə aşılayan həmin əqidənin ən önəmli və qırımızı xəttlərindən biri sədəqə verməkdir. Sədəqə həmin kateqoriyalı insanlara ilboyu müsəlmanlar tərəfindən yardım olunmasını bizlərə tövsiyyə edir. Nəinki yayını Antalya və Bodrumlarda, qışını isə Şahdağlarda keçirən insanların ziyarət dönəmində riyakarcasına özlərini "mərhəmətli" göstərməsini tövsiyyə eləsin. Bir mənəvi vəzifənin (kasıblara yardım etmək məsələn) önəmini çatdırmaq üçün digər mənəvi bir vəzifəni (Əhli-beytin (ə) ziyarət olunması) vurmağa gərək yoxdur. Zatən o insanlar öz əqidələrinin göstərişlərinə sadiq qalaraq ilboyu əllərindəki yardımları aztəminatlı ailələrdən, yetimlərdən, fəqirlərdən əsirgəmirlər. Bəzilərinin ancaq ziyarət dönəmində yetimlərin yadına düşməsinə baxmayın siz. Hər gün onlara yardım edən və ziyarətindən də qalmayan yüzlərlə insan tanıyıram.
4. İndiyə qədər səfər zamanı sizi heyrətləndirən hadisə olubmu?
Əlbəttə olub, həm də çox. Hamsını yazmaq qeyri-mümkün olsa da birini qeyd edim. Ümumiyyətlə istənilən bir səfər zamanı hər kəsə tövsiyə olunur ki, səfər zamanı geyimlərini də, pulunu da itirsən olar, amma nə badə xarici pasportunu itirəsən. Bu səbəbdən də çox zaman ziyarətə getdiyimiz dostlar pasportlarını saxlamaq üçün mənə verirlər.
Gedənlər görüb, Kərbəlaya yaxınlaşdıqca insan izdihamı artır. Bu səbəbdən də sıxlıq olmasın deyə zəvvarlar üçün bir neçə magistral yolu bağlayırlar. Dostlarımızla elə bir məkana çatdıq ki, yol ikiyə ayrılası oldu. Bu iki yolun arasında insan boyundan hündür kollar əkilmişdi deyə yolla gedən insanlar bir-birinin səsini duysada üzlərini görmürlər. Oralar yolboyu zəvvalara xidmət etmək üçün hüseyniyyələr, çadırlarla dolu bir yer idi. Birdən hüseyniyyələrdən birində türkiyəli qardaşların İmam Huseynə (ə) aid moizə etdiklərini eşitdim. Dostlardan xahiş elədim ki, gedib onları dinləyək. Qəbul etdilər. Girib moizəni dinlədik. Həmin məclis bittikdən sonra ilk dəfə və son dəfə üzünü gördüyüm naxçıvanlı bir qardaş mənə yaxınlaşdı. Adımı söylədi və məni sosial şəbəkədən tanıdığını dedi. Bununla ayaqüstü bir az söhbət etdik. Türkiyəli qardaşların heyəti ilə gəldiyini dedi. Namaz qıldıqdan sonra yollarına davam edəcəyini dedilər. Sonra o qardaşla sağollaşıb dostlarımın yanına döndüm. Dəstəmaz almağa gedəcəyimi deyib hər kəsin pasportu içində olan sumkanı mənimlə gələn dostuma verdim. O da digər dostlarla divanda əyləşdilər. Mən qayıtdıqdan sonra sumkanı verdiyim dost da dəstəmaz almağa getdi. O da döndükdən sonra yolumuza davam etdik. Yalan olmasın bəlkə də 2-3 saat yol getdikdən sonra zöhr və əsri qılmaq üçün gəldiyimiz yolu tamam dəyişib kolların arası ilə digər yola keçdik. Bir çadıra yaxınlaşdıq. Çadıra daxil olarkən mən Azərbaycan bayrağını nədənsə çadıra salmadım, qapıya sancıb sonra daxil olduq. Namazları bitirdikdən sonra yemək gəldi, oturub yedik. Dostlara təklif elədim ki, 1 saat uzanıb dincimizi alaq, sonra yola davam edərik. Bu təklif də qəbul olundu. Üstündən 30-40 dəqiqə keçmişdi ki, gördüm gülümsəyərək başımın üstündə həmin naxçıvanlı qardaş dayanıb. Əlinə baxanda şok oldum. Hamımızın pasportu içində olan sumka onda idi. Həmən sumkanı verdiyim dostuma dedim ki, pasport olan sumka hanı? Dedi, sənə vermişəm bilmirəm. Sən demə bu sumkanı məndə bilib, mən də bunda. Sumka qalıb oturduğumuz divanın üstündə. Naxçıvanlı qardaş dedi, bizim qrup da yola düşdü. Axıra mən qalmışdım. Sumkanı gördüm elə bildim bizim qrupdandır. Sonra hər kəsə göstərdim kimsə sahib çıxmadı. Məcburiyyətdən sumkanı açası oldum. Gördüm hamısı pasportdur. Sənin pasportunu görəndə tanıdım və saatlardı sizi axtarıram. Gah yolun sağına keçirəm, gah da soluna. Amma sizi tapa bilmirdim. Nəhayət ki, sizi tapdım. Mən ondan çox xahiş elədim ki, facebook üzərindən mənimlə əlaqə saxlasın. Lakin hələ də heç bir xəbər yoxdur. O insan kim idisə mən yenə ona çox-çox təşəkkür edirəm. Həqiqətən də 30 milyon adamın içində 1 adamı axtarmaq, həm də daim hərəkətdə olan, yol gedən birini axtarmaq, harada dayanacağından, harada qalacağından xəbərsiz olduğum birini axtarmaq səhrada iynə axtarmaq kimi bir şeydir. Bu mənimçün Allahın möcüzəsi, İmam Hüseynin (ə) kəraməti idi.
5. Yolboyu sizi özünə ən çox cəlb edən nə olub?
Məncə sualı belə verək - Yolboyu sizi özünə çox cəlb etməyən nəsə olubmu? – Mən də qısa və net olaraq "heç bir şey olmayıb, o mübarək yolda hər şey insanı özünə çox cəlb edir, insanı məftun edir" deyərək verdiyiniz bu suala uzun-uzadı cavab verməkdən sizi xilas edim.