21 Noyabr 2024 - 21
1. Özünüz və peşəniz barədə məlumat verin.
Elçin Ağazadə. 1981-ci ildə Bakıda doğulmuşam. Hal-hazırda telefon şirkətlərinin birində məlumat mərkəzinin operatoru vəzifəsində çalışıram. "Badu-Kubə" qrupunun produsseriyəm, ara-sıra rejissor kimi fəaliyyətim də olur.
2. Bildiyimiz qədər son iki ildə Ərbəin səfərindən qalmamısız. Sizi ora aparan qüvvə nədir? Bilmədiyimiz nələr var?
Ümumiyyətlə Həzrət Hüseynə (ə) bağlılıq uşaqlıq illərindən var. Söz yox ki, bu sevginin təsirində ailəmin və böyüyüb boya başa çatdığım İçəri Şəhərimizin rolu böyükdür. Yadıma gəlir uşaq idim, bizim məsciddə heyətimiz var idi. Aşura günündə məscidə yığılan camaata bu şüarı deyərdim: "Kaş bu gün bu dəmdə, olaydım Kərbəlada....." O vaxt 10 yaşım olardı bəlkə də.. Yəni deməyim odur ki, ağlım kəsən gündən arzulamışam o cənabın ziyarətini.
3. Bu səfər barədə film, klip çəkmək kimi fikirləriniz varmı? Ümumiyyətlə yaradıcılıq adamı kimi bu məsələyə necə yanaşırsız?
Qərbdə Aşura adı çəkiləndə bir qorxu yaranır. Müsəlmanlar yad biri kimi qəbul olunurlar. Halbuki nə Aşura qorxulacaq bir mərasimdir, nə də müsəlmanların ziyarət etdiyi Kərbəla. Əvvəllər film çəkmək kimi bir fikrim olmayıb. Tək istəyim sadəcə bircə dəfə də olsa oranı görmək olub. Lakin ilk səfərimdən sonra məndə həvəs yarandı. Qısametrajlı film çəkməyi düşündüm. Təəssuf ki, ikinci səfərimdə də bu gerçəkləşmədi. Sonuncu səfərimdə elə Kərbəlada ola-ola adi telefonla balaca video çəkib Bakıya yolladım. Bir dəqiqəlik sadə kadrlar idi. Dostum elə həmin gün videonu montaj elədi. Baxış sayı həddən çox oldu. Başa düşdüm ki, izləyicilər bunu məndən istəyir və mənim baxış mövqeyim xoşlarına gəlir.
4. Etdiyiniz səfərlər zamanı sizi heyrətləndirən hadisə olubmu?
Ərbəin ziyarəti dünyanın ən böyük dini mərasimidir. Orda insanın heyrətlənməməsi mümkün deyil. Çox böyük hadisələrə şahid olmuşam. Balaca azyaşlı Hüseyn sevdalılarının necə yorulmadan yoldan keçənlərə ehsan paylamaları yadımdan çıxmır. Öz cehizini yoldan keçənlərə xidmət üçün yol kənarıa gətirən gəlinlər. "Hələbiyyun" deyə ehsana səsləyən ağsaqqallar, həvəslə zəvvarlara çörək-yemək bişirən ağbirçək analar, zəvvarın şişən ayaqlarını masaj edən, cırılan ayaqqabı və çantasını tikən, oturduğu yerə su-çay gətirən gənclər - bunlar hamısı heyrətamiz idi. Bəli, o möhtəşəm ziyarətin özü başdan-başa valeh edir adamı. Atdığın hər addım səni hədəfinə aparır, gördüyün hər şey sənin düz yolda olduğuna yəqinlik qatır. Hərdən insan yorğun canı ilə bu hədisi gözünün qabağlna gətirir. Deyir "İmam Hüseynin zəvvarını Fatimeyi-Zəhra (s.ə) behişt mələkləri ilə birgə onu qarşılamağa gələr və buyurar: "Mənim qərib övladımın zəvvarı, xoş gəlmisən. Müjdə olsun sizə dünya və axirət xeyrinə görə".
5. Yolboyu sizi özünə ən çox cəlb edən nə olub?
Axşamlar gecəni qonaq etmək üçün sənə yalvaran o insanlar, maşını ilə xidmətə can atanlar. Əgər mən desəm ki, həqiqi insanlıq oradadır, bəlkə də az demiş olaram. Yol boyu məni özünə ən çox cəlb edən bu oldu. Bir dəfə də belə bir hadisənin şahidi oldum. Zəvvarları evinə qonaq etmək uğrunda 2 qonşunun arasında problem yaşandı. Biz kənardan baxırdıq, adama qəribə gəlirdi. Zəvvara xidmət etmək üçün yarışırdılar. Allah hamısına gözəl axirət nəsib eləsin.
6. Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr. Bu hansı cümlə olar.
Kərbəla və ərbəini bir cümlə ilə izah etmək çox olar. Bir kəlmə ilə izah edərdim: "Eşq".