21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Allahın övliyasına göz yaşı axıtmaq insanı Allaha qovuşdurar
01.02.2018

Doğurdan da İmam Hüseyni (ə) həqiqi şəkildə tanısan istər-istəməz insanın gözündən yaş axır. Mümkün deyil insan özünü saxlasın, ən azından halın dəyişir, ən azından qəmgin olursan, kədərlənirsən. Hədis var ki, buyurur: "Elə bir insan yoxdur ki, İmam Hüseynin (ə) məzlumluğunu yadına salsın, amma kədərlənməsin". Hamı İmam Hüseynin (ə) məzlumluğuna ağlayır, bütün bəşər bundan danışır. İmam Hüseyn (ə) bütün bəşəri özünə cəl edib. Allahın övliyasına yas tutmaq, göz yaşı axıtmaq insanı Allaha qovuşdurar, Allaha bağlayar. Ona görə deyiblər ki, bu məclis insanı bağışlatdırır, insanın günahlarını əfv etdirir. Allahın övliyalarına görə, Allahın vəlisinə görə, İmam Hüseynə (ə) görə yas tutursan, demək peyğəmbərin yasında şəriksən, imamətin hüznündə şəriksən. Bu böyük bir şeydir və budur insanı təmizləyən, budur insanı pak edən, insanı Allaha qovuşduran.

İmam Hüseynin (ə) Kərbəlada tək-tənha qaldığı bir vaxtda çağırış edir: "Elə bir şəxs varmı ki, mənə kömək etsin". Bunu düşmən qabağında İmam Hüseyn (ə) səsləyirdi. Görəsən İmam Hüseyn (ə) düşməni səsləyirdi? Görəsən İmam Hüseyn (ə) o nidanı nə üçün edirdi? Biləndə ki, bunlar məni öldürmək üçün gəliblər, bu nidanı edərəmmi? Yox! İmam Hüseyn (ə) onlara nida etmirdi, onları səsləmirdi. İmam Hüseyn məni, səni səsləyirdi və onun o səsini Allah yetişdirib bizlərə. Bizdən asılı olmayaraq bir bağlılıq var İmam Hüseynə (ə), bir rabitə var İmam Hüseynlə (ə) bizim aramızda. Bir cazibə var İmam Hüseynlə (ə) bizim aramızda. Odur bizi cəzb edən, odur bizi özünə qovuşduran. Biz əslində İmam Hüseynin (ə) o nidasına, o çağırışına cavab veririk ki, mənəm Ya Hüseyn (ə) sənə kömək edən! Mənəm sənin yanına gələn! Mənəm sənə qovuşan! Mənəm səni müdafiə edən. Mən hazıram sənin yolunda ya Əba Əbdillah - bunu demək istəyirik biz bu məclislərlə. O yazıqdır deyə biz İmam Hüseynə ağlamırıq, onun məzlumiyyəti üçün ağlayırıq.