24 Noyabr 2024 - 24
Bir nəfər sual verdi ustadına, dedi ki, necə olur İmam Hüseynə (ə) 40 gün əza saxlayırlar, matəm saxlayırlar, amma o biri imamlara 1 gün matəm saxlayırlar? Bu nəyə görə belədir? Niyə o biri imamlara insan riyakarlıqla ağlayanda Allah qəbul etmir, yəni özünü yalandan ağlamağa vurasan, ağlamağın gəlmir əlini gözünün üstünə qoyasan guya ağlayırsan. Bunu Allah o biri imamlarda qəbul etmir, amma İmam Hüseyndə (ə) qəbul edir? Bunu ustada şagirdlərdən biri sual verir. Ustad deyir mən buna bir cavab verdim, amma heç özüm də qane olmadım. Bildim ki, elə cavab verdim özümün də xoşum gəlmədi. Amma yola verdim.
Sonradan küçədə gedirdim özüm özümə bu sualı verdim ki, görəsən bu niyə belədir? Buna yaxşı bir cavab tapmalıyam. Gördüm bir seyid gəldi mənə yaxınlaşdı, mənimlə yol yoldaşı oldu. Seyid dedi nə fikirləşirsən məndə dedim ki, bəs belə bir sual var, o sual haqqında düşünürəm. O seyid mənə bir hadisə danışdı. Buyurdu:
"Bir padişah olur o ova səhayətə çıxır. Öz qoşununa deyir ki, siz qalın kənarda mən tək istəyirəm ova çıxım. Ətrafında insanlardan bezmişdi sanki. Padşah tək ova çıxır. Bir ceyranın dalınca düşür, amma tuta bilmir və yolu azır. Arxaya baxır görür ki, ordudan da bir xəbər yoxdur. Nə edəcəyini bilmir və bir evə gəlib çıxır. Evdə bir qoca kişi və qoca xanımı bunu qonaq edirlər. Bunun gözəl xidmətində dururlar, yemək verirlər.
Səhər açılır qoşun gəlir tapır padişahı. Qapı döyülür görürlər qoşun başçıları girib padişaha təzim edirlər. Ev yiyələri anlayırlar ki, bu padişahimiş. Bunlar çıxıb gedirlər. Padşah gəlib sarayda oturur və öz ətrafında olanları, başına gələnləri danışır və deyir ki, mən bu qocaların evinə getdim. Gördüm çox kasıbdırlar bir dənə keçiləri var idi, onu da mənim üçün kəsdilər. Amma o keçidən indiyə qədər süd sağıb istifadə edirdilər. O bir dənə keçini də mənə kəsdilər və məni qonaq etdilər. Mən də indi istəyirəm onlara hədiyyə verəm. Nə hədiyyəsi verim? Hərə bir söz dedi. Biri dedi qızıl ver. Biri dedi bir sürü qoyun ver. Hərə bir şey dedi, amma padşah qəbul etmədi. Dedi mən istəyirəm nə varım-dövlətim varsa verim onlara, çünki onlar var-yoxlarını mənə verdilər. Əgər mən onlara qızıl versəm, xəzinəmin yarısını versəm yenə də onlara çatmıram. Mən nəyim varsa, bütün padşahlığımı onlara versəm o zaman onlarla eyni olaram."
Bu hadisəni yol gedə-gedə seyid həmən o müəllimə bunu danışır. Deyir ki, ey filani (ustad Müqəddəs Ərdəbili olmalıdır) İmam Hüseynin də (ə) nəyi vardı, hər şeyini Allaha verdi. Allah da sanki ona hər şey verdi. Bu mənada ki, kim İmam Hüseynə nə iş görsə, hətta riya ilə də olsa Allah qəbul edir. Çünki özündən də keçmişdi, öz əyalından da, öz uşaqlarından da - hər şeyini İmam Hüseyn qurban verdi Allaha, hətta rəvayətdə var ki, "üst-başının tozunu çırpdı". Bu mənaya yozurlar ki, yəni da heçnə qalmadı. Nəyim var idi sənin yolunda verdim İlahi.
Əbuzər Cəbiyev