21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Məhərrəmliyə aid zəruri qeydlər
08.02.2018

1. Siyasi ədəbiyyatlarda qeyd olunur ki, hər bir insanın bir qiyməti var, belə ki, birini pulla, o birini məqamla, üçüncünü maşınla, dördüncünü şəhvətlə, beşincini təhdidlə və s. bu kimi şeylərlə alırlar. Ancaq imam Hüseyn (ə) Kərbəladakı hərəkəti ilə göstərdi ki, bəzi adamlar heç bir qiymətə alınası deyil.


2. İmam Hüseyn (ə) öz qanı ilə göstərdi ki, zahirdə maddi məğlubiyyət ideyaların, planların, layihələrin məğlubiyyətini ifadə etmir. Əksinə, qələbə həmişə haqqın yanında olanladır. Baxmayaraq, fiziki olaraq yenilsə də. Başqa sözlə, ilk baxışdan nəticə məğlubiyyət kimi görsənsə də, son olaraq baxıldıqda qələbədən başqa bir şey deyil Hüseyn (ə) təcrübəsi.


3. Hüseyn təcrübəsində çoxsaylı insani mesajlar var. Bu gün Hüseyndən danışanlar məhz bu mesajları insanlara transfer etməlidirlər. Ona görə ki, bu kimi mesajlar zamanın və məkanın fövqündə dururlar. Elə bu təcrübəni əsrlər boyu yaşadan da məhz həmin mesajlardır. Əfsus, bu gün Hüseyn adına qurulan yığıncaqlarda bu kimi insani mesajlar daha az müzakirə olunur.


4. Zənnimcə, Hüseynin (ə) və onun silahdaşlarının başından keçənlərə, Kərbəladakı olaylara "ağlamaq" təkcə ritual əməl deyil, əksinə, əslində, siyasi anlam ifadə edən bir əməldir.

Ağlamaq - bu kontekstdə baş verən olaylara etiraz deməkdir, həmin hadisənin fonunda oxşar hadisələrin yenidən baş verməsinə qarşı olduğunu bildirmək deməkdir. Ağlamaq bu mənada daim səhnədə aktiv qala bilmək üçün enerji toplamaq deməkdir.


5. Hüseyn (ə) 14 əsr öncə Kərbəla adlı səhrada bir ağac əkdi. Bu ağac sonradan çoxsaylı, rəngarəng meyvələr verdi, verəcək və verməkdədir. Bu gün həmin ağacdan dərib istifadə edə biləcəyimiz meyvələr aşağıdakılardır:

-İnsanlıq meyvəsi;
-Əxlaq meyvəsi;
-Şücaət meyvəsi;
-Səbr meyvəsi;
-Mərdlik meyvəsi;
-Qeyrət meyvəsi;
-Mehribanlıq meyvəsi;
-Əzmkarlıq meyvəsi;
-İzzət meyvəsi;
-Ləyaqət meyvəsi;
-Sədaqət meyvəsi;
-Ədalət meyvəsi;
-İnsaf meyvəsi;
-Fədakarlıq meyvəsi və s.


6. İslam tarixində bir çox olaylar baş versə də, "Aşura" kimi təsirə, effektə, bərəkətə sahib olan hadisə azdır. Bu olay, baş verdiyi gündən etibarən, tarix boyu həmişə bir qrupun lehinə, digər qrupunsa əleyhinə işləmişdir. Birinci qrupu ümumi xalq kütləsi, ikinci qrupu isə qeyri-səmimi siyasi qüdrətlər təmsil edir. Tarixin səhifələrini hər bir əsrdə, habelə günümüzdə vərəqləyərkən bunun şahidi oluruq.


7. Hüseyn təcrübəsini "gediş" və "qayıdış" olmaqla iki cür nəzərdən keçirmək olar. Gediş - indiki zamandan keçmişə doğru səfər etmək deməkdir. İnsan bu səfərdə Hüseyn təcrübəsini bir tarixi olay kimi nəzərdən keçirib, onu nəticə və hədəf müstəvisində təhlil edir. Ancaq qayıdışda insan keçmişdən indiki zamana səfər etməyə başlayır. Bu zaman artıq Hüseyn təcrübəsi sadəcə olaraq bir tarixi olaya deyil, əksinə, dəyərlər, prinsiplər, ruh, anlayışlar, meyarlar, həyat döyüntüsü və s. bu kimi ali nəsnələrə çevrilir. Əfsus, bir çoxları Hüseyn tərcübəsinə gediş gözü ilə baxıb, elə oradaca ilişib qalırlar. Bunun əksinə olaraq, elələri də vardır ki, onlar həmin təcrübəni qayıdış gözü ilə oxuyurlar. Bu iki yanaşma arasındakı fərq ondan ibarətdir ki, birinci yanaşmada insanın indiki zamanı gələcək zamana, ikinci yanaşmada isə onun indiki zamanı keçmiş zamanına çevrilir.


8. Bu gün modern dünyada yaşayan hər bir müsəlman öz dini və milli kimliyini qoruya bilməsi üçün bir sıra anlayışlara ehtiyac duyur ki, onun fərdi və ictimai davranışlarını tənzimləyə və kontrol edə bilsin. Hüseyn tərcrübəsində bu hədəfi həyata keçirə biləcək fundamental anlayışlar mövcuddur:

1. Ailə, cəmiyyət, ölkə və dünya müstəvisində zülm, haqsızlıq və qanunsuzluğa qarşı olmaq;
2. Din və vətən kimi həyati dəyərlər uğrunda şəhadət və candan keçmək;
3. Qadının səhnədə siyasi-ictimai aktivliyi;
4. Fərd və toplumda məğlubiyyətə qarşı əzmkar və iradəli olmaq şücaəti;
5. İnanca mənsubiyyət sadiqliyi;
6. Hədəfə nail olma istiqamətində səbrli olmaq və nəticələləri tezləşdirməmək;
7. İctimai və fərdi müstəvidə islahat və reform;
8. Din və mübarizənin insani olması və hiylə məntiqindən uzaq olmaq;
9. Yararlı və səlahiyyətli rəhbərlik;
10. Prinsipial ağıl.


9. Hüseyn təcrübəsi göstərdi ki, insani münasibətləri sekulyar əxlaq konteksində də tənzimləmək mümkündür. Bu isə o deməkdir ki, bu gün modern dünyada cəmiyyətdəki insanların ideoloji fərqliliklərini göz önünə aldıqda, ortaq dəyərlərdən istifadə qaçılmazdır. Bu isə təkcə sekulyar əxlaq kontekstində həyata keçə bilər. Bu əsasla, sekulyar əxlaqın tapdanılması toplum içərisində təkcə xaos yarada bilər. Hüseyn təcrübəsində tarixin əbədi yaddaşına keçən "Əgər dininiz yoxdursa və axirət günündən qorxmursunuzsa, onda dünyanızda azad olun!"- deyimi deyilənləri bir daha təsdiqləyir.

10. Əxlaq fəlsəfəsində "Həyat yaşamağa dəyərmi?" sualına tarix boyu uç fərqli cavab verilib. Bəziləri həyatı hər nəyin bahasına olursa-olsun yaşamağa dəyərli hesab edirlər, bəziləri isə deyilənin əksinə olaraq, onu heç bir şəkildə yaşamağa dəyər hesab etmirlər. Üçüncü yanaşma isə fərqli yanaşaraq qeyd edir ki, həyat nə mütləq şəkildə yaşamağa dəyər, nə də mütləq şəkildə yaşamamağa dəyər. Əksinə, bəzi hallarda həyat yaşamağa dəyər, bəzi hallarda isə dəyməz. Hüseyn təcrübəsi üçüncü yanaşmanı müdafiə edir. Odur ki, İmam buyururdu:

-"Ölüm alçaqlıqdan daha yaxşıdır",
-"Mən ölümü yalnız səadət, zalımlarla yaşamağı isə alçaqlıq hesab edirəm", -"Görmürsüz ki, haqqa əməl edilmir, batildənsə çəkinilmir. Elə isə mömin doğurdan da Allahın görüşünə tələsməlidir",
-"Zillət bizdən uzaqdır!".


11. Kərbəla hadisəsi bizə iki fərqli təsvir aşılamaqdadır: ağ təsvir və qara təsvir. Bu hadisənin qara təsvirində zülm, haqsızlıq, ədalətsizlik, təcavüz, zorakılıq, hiylə, kələk və s. bu kimi qeyri-insani və qeyri-əxlaqi keyfiyyətlər özünü əks etdirir. Burada mütləq zülm var gücü ilə mütləq ədalətə qarşı çıxaraq, onu aradan aparmağa çalışır. Odur ki, batinində olan bütün qeyri-insani, qeyri-əxlaqi keyfiyyətləri təzahür etdirir. Hədəf və vasitə – hər ikisi də şərrdir. Yəni həm nail olmağa çalışdığı hədəf şərrdir- kamil insanın qətli, həm də bu hədəfə çatmaq üçün istifadə etdiyi vasitələr şərrdir. Bu hadisənin ağ təsvirinə gəldikdə isə, onda ədalət, səmimiyyət, ciddilik, həqiqət, paklıq, sədaqət, doğruluq və s. bu kimi insani və əxlaqi dəyərlərin, keyfiyyətlərin şahidi oluruq. Mütləq ədalətin təzahürü olan Hüseyn (ə) öz mübarizəsində yalnız "xeyir"lə dolu davranışlardan çıxış edərək addımlamağa çalışır. Demək, həm hədəf, həm də vasitə- hər ikisi xeyir təməli üzərində inşa edilib. Hz. Zeynəbin "Kərbəlada gözəllikdən başqa heç bir şey görmədim"- deyimini məhz ağ təsvir fonunda anlamaq olar. Çünki bu hadisənin ağ təsvirində yalnız "gözəllik", qara təsvirində isə yalnız "çirkinlik" əks oluna bilərdi.

Kərbəlanı oxuyarkən, hər iki təsviri birgə oxumağı unutmamalıyıq.


12. Hüseyn təcrübəsi bir daha təsdiqlədi ki, insan dünya çətinlikləri qarşısında "Allahmərkəzli" olmayanacan dözüm nümayiş etdirə bilməz. Hər fiziki və ya metafizik ağrı-acı yalnız Ona sığınmaqla aradan qaldırıla bilər. Elə buna görə, Hüseyn mübarizə meydanında hey "İlahi, sənin razılığına razıyam, əmrinə təsliməm, qəzavü-qədərinə səbr edirəm. Ey mənim Rəbbim, Səndən savayı məbudum yoxdur, ey pənahsızların pənahı!". – deyimini təkrarlayırdı.


13. Hüseyn təcrübəsində bütün ideologiya daşıyıcıları üçün dəyərli "dərs"lər var. Hamı ondan nəsə öyrənə bilər. Demək, Hüseyn təkcə bizə deyil, hamıya mənsubdur. Hətta bir ateist, aqnostik, deist belə bu təcrübədən müsbət nələrsə öyrənə bilər.

14. Hüseyn təcrübəsinin açar sözlərindən biri belədir: "Qanın Qılınca Qələbəsi".


15. Düzdür, insanlıq tarixində "Kərbala" hadisəsi kimi və hətta ondan da daha faicəli olaylar baş verib. Bu, əslində, məsələyə fiziki tərəfdən yanaşmaqdır. Ancaq unutmamalıyıq ki, hər bir olayın iki tərəfi olur: fiziki və metafizik. Kərbəla hadisəsini digər faciəvi tarixi olaylardan fərqləndirən onun məhz metafizik tərəfləridir. Hüseyn (ə) adi bir şəxsiyyət deyildi. O, Allahın yer üzərində bəşəriyyətə təyin olunmuş Xəlifəsi idi. Bu isə onun bəşəriyyətlə Allah arasındakı bilik və feyz vasitəçisi olduğu anlamına gəlməkdədir. Belə olan halda, Kərbala hadisəsini bu ilahi paradiqmada adi faciəvi hadisə kimi qələmə vermək nə qədər məntiqli olardı? Odur ki, bu hadisəni adiləşdirənlər, əslində, məsələnin metafizik tərəfini görməzdən gəlib, onun mahiyyətini təkcə fiziki yöndə məhdudlaşdırmağa çalışırlar. Bu isə ilahi paradiqmada məqbul hesab oluna bilməz.

Emin İmanlı