21 Noyabr 2024 - 21
1. Özünüz və peşəniz barədə məlumat verin.
Fotoqraf Orxan Əzim. 5 ildən çoxdur fotoqrafiya ilə məşğul oluram. Çalışıram ki, nələrisə çəkib ictimaiyyətə çatdırım. Çəkə bilmədiyim hər bir hadisə üçün təəssüflənirəm.
2. Necə oldu ərbəinə getmək qərarı aldınız?
Fotojurnalistikaya gələndən ölkədə baş verən dini bayramlar, bayram namazı, aşura günü və s. kimi hadisələri silsilə şəklində çəkirdim. Ərbəin ziyarəti isə bu hadisələrdən sonra fikrimdə idi. İstəyirdim ki, bunu layihə formasında edim və son olaraq Ərbəin ziyarətini çəkim. Fikrimi dostlarla bölüşəndə, sağ olsunlar dəstəklədilər və səfəri hər bir şey daxil ehsan etdilər. Getmişkən ziyarət də edim fikrinə əsaslanıb həm çəkdim, həm də ziyarət etdim.
3. Bildiyimiz qədər siz bu səfərdə namaza başladınız? Bu barədə mümkünsə bir az danışardınız.
- Aha, səfər zamanı Nəcəf şəhərindən Kərbəla şəhərinə yola düşəndə sübh namazını qılıb yola çıxdıq. Əslində fikirləşmişdim ki, Kərbəlada qılaram amma dostların əsaslı izahı ilə anladım ki, burda qılıb yürüşə başlamaq daha yaxşıdır.
4. Səfər zamanı sizi ən çox özünə cəlb edən nə oldu? Başqa sözlə sizi heyrətləndirən hadisə oldumu?
- Bunu nə qədər izah etsən də o yürüşü yaşamamısansa tam anlamaq çətin olar. Adından bəllidir. Eşq səfəri. Orada hamı sevgiylə xidmət edir. Kimsə az xidmət edəndə özünü narahat hiss edir. Bəlkə də o yolun səmasında sevgi var deyə bu sevgi, adamların ruhuna hopur. Bəlkə də adamlar sevgi ilə yürüş edir deyə səmaya qədər qalxır içindəki sevgiləri. Hamı təmənnasız, heç nə güdmədən, bir birinə xidmət etməyə can atır. İnsanların nəyə gücləri çatırsa onu ehsan olaraq paylaşmağa çalışırlar. Təsəvvür edin, yol boyu film izləmə məntəqələri, dərzi, diş həkimi, cərrah, çörək bişirən və s. Bütün ehtiyacların hamısı insanlar tərəfindən qarşılanır. Yol boyu nəyəsə ehtiyacın olarsa, onun yolda olmaması qeyri mümkündü. Orada elə insanlar var idi ki, telefon danışıqları təşkil edirdilər. Dünyanın istənilən yerinə yığ, danış. Ödənişsiz. Bu möhtəşəmdi. Təsəvvür edin oradan evə yığırsız və deyirsiz ki, "narahat olmayın, hər şey yaxşıdı". Bu 1 cümlə qarşı tərəfə rahatlıq verirsə bunu təşkil edən adama necə olur onu təsəvvür edin.
5. İnsanların İmam Hüseyn barədə təsəvvürləri və gördüklərinizdə fərq varmı?
- Getməmişdən öncə tam olaraq anlamırdım. Gedib görəndən sonra fikirlərim dəyişdi. Səni kimsə məcbur etmir o yürüşə. Kimsə demir ki, bunu belə et, belə sev, bu belə olmalıdır. İnsanların içindən necə gəlirsə elə paylaşırlar eşqlərini. Bəzən kənardan deyirlər ki, "filan şey oldu orda, bəhmən şey oldu" guya bu kimi şeylər etmək olmazmış. Amma mən orada anladım ki, insanların içində o qədər sevgi var ki, İmam Hüseynə hərə bir cür ifadə edir. Sevginin ifadə tərzi hərədə bir cürdü. Ona görə də bunlar normaldı.
6. Kərbəla və Ərbəini 1 cümlə ilə izah et desələr. Bu hansı cümlə olar.
- Eşq səfəri!
Orxan Əzim