21 Noyabr 2024 - 21
Tarixdə nəql edilənlərə əsasən, imam Hüseynin (ə) şəhadətindən sonra din rəhbərləri və imamların sünnəsi həzrətin müsibətində əzadarlıq məclisləri təşkil edərək göz yaşı tökmək olub.
Nəticədə, müsəlmanlar məskunlaşan məntəqələrdə belə məclis və mərasimlərin keçirilməsi yenicə meydana çıxan, yadellilər tərəfindən uydurulan və quraşdırılan, yaxud da digər məzhəblərə təqlid edilən bir məsələ deyil. Əksinə, əzadarlıq mərasimləri imamların həyatda olduqları zamanlarda əsasını qoymuş olduğu və təşkil etdiyi, eyni zamanda, bu məsələlərə təkid etdiyi bir mərasimdir.
Onlar öz ifadə və sözlərində də bu ilahi nişanənin yaşadılaraq dirçəldilməsi və imam Hüseynin (ə) şəhadətinin ildönümündə əzadarlıq mərasimlərinin keçirilməsinə diqqət yetirilməsini bildirib və belə məclislərdə axıdılan göz yaşlarına böyük mükafat və savabların verilməsini vəd edib.
Adı dillərdə əzbər olan Kərbəla şəhidi imam Hüseyn (ə) buyurub: "Kim bizim əzadarlıq məclisimiz və müsibətimizdə bir damla göz yaşı axıtsa, Allah ona cənnəti nəsib edəcək." ("Zəxairul-uqba", səh. 19; "Yənabiul-məvəddəh", c.2, səh. 117)
Əhli-sünnə alimləri arasında elə şəxsləri görmək olar ki, onlar da imam Hüseynin (ə) əzadarlıq mərasimini təşkil edib.
Hacı Əhliman Rüstəmov