21 Noyabr 2024 - 21
Kərbəla bəşəriyyət üçün, dünya üçün çox zəngin və dərin bir məktəbdir. Kərbəla məktəbini yaşayaraq bu günə gəlib çatmasında İmam Hüseynin (ə) əzadarlıq formaları əsas yer tutan məsələlərdəndir. Tarixdə bu əzadarlığa olan ya məhəbbətdən ya da əzadarların avamlığından, ya bəzi məlumatların olmamasından əzadarlığın içinə bəzi xurafatlar qarışıb və illər boyu da bu proses paralel şəkildə inkişaf edib. Əzadarlıq məclislərində həm həqiqət deyilib, həm də xurafatlar. Amma zaman keçdikcə alimlər, məsələn Ayətullah Şəhid Mürtəza Mütəhhəri kimi alimlər bu məsələlərin, həmin xurafatın əzadarlığın və Kərbəla məktəbinin arasından çıxmasında böyük rolları olub ki, həqiqət ilə qeyri-həqiqət bir-birindən ayrılsın. Bu xurafatlar bəzən əzadarlığın formalarında olub, bəzən deyimlərdə, sözlərdə. Hətta bəzi hadisələri hədis kimi, rəvayət kimi gətirib daxil ediblər. Xurafatı məsələlərin içərisində rəsmiləşdiriblər. Və sonrakı insanların da, inanclıların da bir növ əqidəsinə çevrilib. Məsələn cənab Qasimə toy etmək kimi, yaxud İmam Hüsyenin (ə) döyüşəndə bir dəfəyə minlərlə adam öldürməsi kimi məsələlər.
Təbii ki, biz bunları iddia etmirik. Zərurəti yox idi İmam Hüseyn (ə) orada Qasimə toy etsin. Hətta bəzən deyirlər ki, Həzrət Qasimin toyu İmam Həsən (ə) ilə İmam Hüseynin (ə) arasında olan bir əhd-peymana əsasən idi ki, Həzrət İmam Hüseyndən (ə) vədə almışdı ki mənim oğluma toy edərsən. Bunun heç bir nə məntiqi, nə elmi əsası, mənbəəsi yoxdur. Bir adam yəqinən bilir ki, şəhid olacaq, çünki bunu Həzrət Peyğəmbər də (s), Həzrət Əli də (ə), İmam Həsən də (ə) demişdi və İmam Hüseyn də (ə) həmin günün axşamı elan etmişdi sabah hamı burada şəhid olacaq və onlara bir-bir müjdəsini də vermişdi. Hətta bəzi mənbələrə görə behiştdəki məqamlarını da göstərmişdi. İndi buna əsasən bir nəfər ki, bir saatdan sonra şəhid olacağını bilir, təcili evlənməsinin nə şərən zərurəti yoxdu, nə də ağılla uyğun gəlmir.
Və ya İmam Hüseynin bir dəfəyə bir hərəkətlə neçə min insanı öldürməsi. Biz əgər imamətin vilayəti-ilahisinə inanmış olsaq, məsələn Həzrət Əli (ə) deyir mən Xeybərin qapısını rəhmani qüvvə ilə qaldırdım, cismani qüvvə ilə deyil. Bunu həmin yerdə iddi etsək mümkündür bu şeyləri bir miqdar qəbul edək. Amma biz yəqin bilirik ki, İmam Hüseyn (ə) orada adi qüvvə ilə, cismani qüvvə ilə döyüşürdü. Mənbələrdə varımızdır başqa məxluqatlardan, mələklərdən ya cinlərdən İmam Hüseynə (ə) köməklik təklif etdilər, amma İmam onları qəbul etmədi. İmam istəyirdi ki, elə adi formada düşmənlə mübarizə aparsın. Hətta o deyilən şayiələr ki, deyirlər İmam bir hərəkət ilə neçə min adam öldürüb bu əsasla da sübut olmur. Mötəbər mənbələr hamısı İmam Hüseynin (ə) adi qaydada cihad etməsini sübut edirlər.
Kərbəla barəsində bunlardan başqa formalarda da bəzi xurafi məsələlər də yaranıb ki, inşallah onlar da tədricən yığışılar. Kərbəlanın dünya tarixində rolu, dinin yaşamasında rolu göz qabağındadır və peyğəmbərin təsis etdiyi din İmam Hüseynin (ə) yaşatdığı dindir. Sabirin bir sözü var, deyir:
İslamımızı etməliyik böyləmi ehya
İmanımızı qılmalıyıq böyləmi ifa
İslam o deyilmi ki, cigər quşeyi Zəhra
Baş verdi yolunda susuz alqan arasında
Bəzən istəyirlər İslamla İmam Hüseyni (ə) bir-birindən ayırsınlar, amma İslam elə həmən beytə əsasən İmam Hüseyndir (ə). İmam Hüseyn də (ə) İslamdır. Buna dəlilimiz təkcə Mirzə Ələkbərin şeiri deyil, həzrət Peyğəmbərin (s) "Haqq Əli (ə) ilə, Əli də (ə) haqq ilədir" və ya "Quran Əhli-beytimdən heç vaxt ayrılmayacaq" hədisləri buna dəlildir. Yəni Səqəleyn bəhsində ki buyurur, mən iki əmanət qoyuram. Bunlar bir-birindən ayrılmayacaq. Mənası budur ki, din elə bunların ikisindən ibarətdir. Yəni Kərbəla - İslam, İslam - Kərbəla deməkdir. Nə vaxt bunlar bir-birindən ayrılsa deməli bunu ayıran və yaxud bunun birinə etiqad edən, əslində dəqiq İslama etiqad etməyib.
Əhliman Rüstəmov