03 Dekabr 2024 - 3
Kərbəla hadisəsini təsdiq, ya təkzib edənlər yekcins deyil. Təsdiq edənlər arasında biganələr, təkzibçilər arasında tərəddüd yaşayanlar var. Bu hadisədən danışanların az bir hissəsi zamanın, şəraitin, masasının təsiri altında deyil. Həyatını Kərbəlasız təsəvvür etməyən tərəfdar, Kərbəlasız xoşbəxt görən müxalif çox azdır. Necə ki, həqiqi həkim, həqiqi müəllim, həqiqi döyüşçüləri barmaqla saymaq olar. Əksəriyyət həzz, lyuks həyat, problemsizlik və bir parça çörək ardıncadır...
Riyakarlıq, ikiüzlülük, sədaqətsizlik, yarımçıqlıq, qorxaqlıq həm dindar, həm dinsiz, həm anti-din üçün mənfi xarakteristikalardır. Dünyanın ən masştablı hadisələrindən olan 2-ci Dünya Savaşında nə üçün vuruşduğunu hamı bilirdimi? Nə üçün əsir düşənlərin böyük bir hissəsi sadəcə yaşamaq xatirinə düşmən mundiri geyir, səyyar mətbəxlər üçün odun, su daşıyırdı? Haqq vermək olar? Neçə il faşistlərlə vuruşub əsir düşən, əsir düşdüyü günün səhəri öz həmvətənlərinə atəş açana haqq vermək?
Kərbəlada İmam Hüseynin (ə) ətrafında və İmam Hüseynə (ə) qarşı qorxaq və dəyişkən adamların olub-olmamasını araşdırıb müəyyənləşdirmək faydasız deyil. Hamı bilir ki, İmamla (ə) döyüşə gəlmiş Hürr yanlış yol tutduğunu anlayıb, cəbhəsini dəyişdi. Hürr əmin idi ki, atdığı addım dünya həyatına son qoyan nöqtədir, ölümdür. Amma bu addımı atdı. Hürr yalnız əqidə və düşüncənin hökmü ilə yolunu dəyişən istisna insanlardan idi. Hürr hürr idi, azad idi. Hürr zamanın, şəraitin, masanın, vəzifənin yox, vicdanının qulu idi.
Kərbəla hadisəsi 2-ci Dünya Müharibəsi ilə müqayisədə zahirən çox kiçik hadisə idi. Kərbəla hadisəsi ilə 2-ci Dünya Müharibəsi arasında 13 əsr (7-20-ci əsrlər) fasilə var. Amma zaman keçdikcə Kərbəla böyüyür, dünya müharibəsi kiçilir. Bu hələ zahirdir. Ayətullah Rəşad İmam Hüseyn (ə), Kərbəla hadisəsi, Aşuranın əslində bu dünyanın batini, mahiyyəti olduğunu yada salır və bu xatırlatmasında istinadları var. Söhbəti çətinə salmayaq...
Dünya xəstədir. Dünyanın həm qəlbi, həm heykəli QİÇS-dən ağır virusa yoluxub. Fiziki və mənəvi böhran səbəbindən intiharların sayı artır. Məcazi və həqiqi fəzamız orqanik bağlı olduğundan sağlam qalmaq mümkünsüzdür. Virtual aləmə daxil olan kimi heykələ hakim olan həyəcan onu dağıdır. Bütün bunları qəbul edən insan soruşur ki, nə olsun, bunun Kərbəla hadisəsinə nə dəxli var? Sual verilsə bu hadisəyə münasibətin necədir, ya deyəcək ki, qəbul edirəm, ya rədd edəcək, ya biganə qalacaq. Ətrafda baş verən hadisəyə biganə qalmaqsa xətadır. Seyid ibn Tavus İmama (ə) bir gündə 600 məktub çatdırıldığını yazır. İmama 12-18 min şəxsin beyət etdiyi deyilir. Yezidin qoşununa qarşı Kufədə 100 minlik qoşunun toplandığı xəbər verilir. Yezidin İmam Hüseynlə (ə) döyüşə göndərdiyi Ömər Sədin qoşununda 22 min nəfər döyüşçü olduğu deyilir. Amma İmam (ə) Kərbəlada kiçik bir qrupla mühasirədə qaldı. Həm onu qiyama çağıran, həm bu qiyamı yatırmaq üçün toplanan on minlər biganəlik bəlasına yoluxmuşdu. Bir qismi kimi tək qoyduğuna, bir qismi kimə qılınc sıyırdığına!
Bu gün də biganəlik var. Bugünkü biganələrin ağrı-acısı ozamankıların ağrı-acısından az olmayacaq. Dünyanın ən ucqar nöqtəsində min illər öncə baş vermiş hadisə bu gün durduğumuz məkanda təsirsiz deyil. Nüvə silahı nümunəsində bunu müşahidə edə bilərik. 2-ci Dünya Müharibəsində Yaponiyaya atılan nüvə bombası bütün planetin ekoloji durumuna təsir etməkdədir. İstiləşmə qlobaldır, bir ölkə, bir kəndə aid deyil. Dünyanın ən ucqar nöqtəsində lentə alınan pornofilmin evlərimizə yol tapması üçün sadəcə bir düymə basılmalıdır.
Bizdən 13 əsr aralı Kərbəla hadisəsi hər saat böyüyür. Bu hadisənin tərəfdarları və müxalifləri artır. İlk sual budur ki, baş başa gələn iki ordu azaddırdmı? Ordu azad olmur deyən tapılar. Fərd necə, bu ordulardakı fərdlər azaddırmı? Onlar azad seçim aparıbmı? Bir hadisəni tanımadan aparılan seçim azad sayıla bilərmi?
Aşurada əzadarlıq mərasimi keçirən dindarlarla asayiş keşikçiləri arasında qarşıdurma olub – tutaq ki! Aşura dindarlarındırmı? Aşura dindarların ehtiyacıdırmı? Allah Kərbəla hadisəsi ilə təkcə dindarları məhəkə çəkirmi? Kərbəla vaqeəsi, bu gün Aşura, Ərbəin hərəkatına qarşı dayanan son nəticədə Allahın özünə qarşı dayanmayıbmı?
Dünya xəstədir. Aşurasız cəmiyyətlərdə nəinki ailə institutu dağıldı, hətta eyni cinsdən olanların nikahı qeydiyyata götürülür! Aşurasız cəmiyyətlər içdən soyqırıma məhkum olub. Din yox, Aşura deməyimizin səbəbi dinlərin, dini ayinlərin təhrif olunmasıdır. Bəşər tarixində, dinlər tarixində Kərbəla hadisəsi zirvəsinə çatan hadisə yoxdur. Baxın necə genişlənə-genişlənə gəlir. Kərbəla hadisəsi düyamızın mahiyyətidir, nə üçünüdür! Dünyanın, insanın nə üçün yaranmasına biganə qalmaqla ruhi və fiziki xəstəliklərdən qurtuluş mümkünsüzdür.
Bu barədə azad düşünməyə ehtiyaclıyıq. Sən kim olursan-ol, fərq etməz. Qəlbin və heykəlin ətrafında dağıdıcı xəstəliklər hərlənir. Aşura vaksininə ehtiyacın var... Qorxursan, çünki içində yaşamaq, özü də rahat yaşamaq eşqi var. Düşündünmü ki, dünya həyatından sonra əbədi həyat olacaqsa, əslində uduzan tərəfsən? Ey əzadarlar arasında da nəfsinin dizi altda çabalayan dindar! Əzadarlığın düşmənləri qədər zərərdəsən, azad ol!
Əgər dünya azad olsa, əgər dindar da, dinsiz də təsirlərdən, əsarətlərdən qurtula bilsə, Kərbəla hadisəsi tanınacaq. Yəni dünyamızın mahiyyəti tanınacaq! Şəhid Mütəhhəri buyurur ki, Kərbəlanın bir sirri də onun tam İslamın təcəssümü olmasıdır. Bəlkə İŞİD-dir İslam?! Yoxsa Harun Yəhya?! Məhəmməd ibn Salman necə, Neom illüziyası ilə yaşayan iki müqəddəs məkanın xadimi, bəlkə odur əsil İslam?! Azğın nəfsə əsirlərin İslamı, yoxsa azadələrin?!
Arzu Eyvazov (Aran)
qelemchi@gmail.com