21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

İmam Hüseyn (ə) məktəbində vasitəçilik
14.03.2018

Şəhidlərin sərvərinin dostlarının və sevənlərinin çoxu böyük məhəbbət, şövq və səmimiyyətlə Həzrət İmam Hüseynin (ə) təziyəsində, sübhə qədər sinə vurmağa və ya onun şərəfinə cəlallı məclislər təşkil etməyə hazırdırlar. Əlbəttə, bu, elə belə də olmalıdır, çünki, bu hərəkət çox yaxşı, rəğbətlə qarşılanan dini ənənələrdəndir və ondan daha cəlallılarını da təşkil etmək olar.

Ancaq çox təəssüflə, bu səmimi adamların bir çoxu ehtiyaclıların çətinliklərini aradan qaldırmaq, onların şəri istəklərini və ehtiyaclarını və ya bir düyünlərini açmaq, istəklərini yerinə yetrirmək üçün bir iş görməyə, adım atmağa hazır deyillər. Bəlkə bu qəbil adamlardan elələri də tapılır ki, ehtiyac içində olanların və biçarələrin onlara müraciət etmələrini də bir növ zəhmət və narahatlıq hesab edirlər.

Amma şəhidlərin sərvərinin və azadlıqsevənlərin rəhbərinin əxlaqi və insani məktəbində bu qəbil müraciətlər nəinki qayğı və zəhmət hesab olunmamış, əksinə, ilahi rəhmət, nemət və fəzilət kimi təqdim edilmişdir ki, buna şükr etmək və şad olmaq lazımdır.

O Həzrətdən edilən rəvayətdə belə bəyan olunmuşdur:

"Həqiqətən insanların sizə olan ehtiyacı Pərvərdigarın nemətlərindəndir ki, sizə göndərilmişdir. Bu nemətlərdən bezməyin və nigaran olmayın ki, intiqam kimi üstünüzə qayıda bilər."

Şəhidlərin sərvərinin bu yolla gedən həqiqi davamçıları axtarırlar ki, çətinliyə düşmüş bir şəxs tapsınlar, onun qayğılarını aradan qaldırsınlar və ya bir möhtacın ehtiyacını ödəsinlər və beləliklə, təzə bir nemət əldə eləsinlər və ya bir möminin ürəyini şad etməklə Allaha minnətdarlıq etsinlər.

Fəzilət yolunun cəsurlarının rəhbəri, həqiqət aşiqlərinin sarvanı, azadlıq sevənlərin seyyidi və sərvəri İmam Hüseyn ibni Əli (ə) buyurmuşdur: "Namazı çıxmaq şərtilə əməllərin ən üstünü-günah sayılmayan bir şeylə bir möminin gönlünü şad etməkdir"-deyən babamın buyurduğunun düzgünlüyü mənə sübut oldu, çünki bir gün bir qulam gördüm ki, çörək yeyirdi və yanında dayanmış bir itə də o qədər yemək verirdi.

Heç vaxt biçarələrin, yoxsulların yanından biganə keçməyən İmam Hüseyn (ə) bu işlə maraqlandı və əhvalatı belə aydınlaşdırdı:

Hüseyn (ə): Ey qulam, sənin bu heyvana bu qədər diqqət və yaxşılığının səbəbi nədir?

Qulam: Ey Peyğəmbər övladı, mən qəm-qüssəyə giriftar olmuş bir adamam. Bu heyvanı şad etmək və sevindirməklə öz şadlığımı əldə etmək istəyirəm. (Sonra əlavə etdi:) Mənim sahibim bir yəhudidir, onun əlindən azad olmaq istəyirəm.

Biçarələrin və yoxsulların ən mehriban pənahı olan və həmişə onların rifahına xüsusi diqqət yetirən Hüseyn (ə) dərhal iki yüz dinar qızıl götürdü, qulamın müsəlman olmayan sahibinin yanına yola düşdü, ondan qulamı almaq istədiyini bildirdi.

Yəhudi kişi şəhidlərin sərvərini görən zaman o Həzrətin rəftarına və söhbətinə vuruldu. Ərz etdi: Ya Hüseyn, mən bu qulamı sənə bağışladım, bu bağı da ona verdim. Pulu da sizin özünüzə qaytarıram.

İmam Hüseyn (ə) pulu qəbul etməkdən imtina etdi. Buyurdu: Mən onu sənə bağışladım və hədiyyə etdim.

Yəhudi dinarları qəbul etdi və sonra onları qulama bağışladı.

İslam qanununa əsasən qulam və onun bütün malları İmam Hüseynə (ə) çatandan sonra, o Həzrət əvvəlcə o qulamı Allah yolunda azad etdi, sonra bütün malları da ona bağışladı.

Yəhudinin İmam Hüseynin (ə) bu böyüklüyünü görən və ərinin fədakarlığını müşahidə edən arvadı ərinin alicənablığını təqdir elədi, özünün nəzərə çarpacaq qədər çox olan mehriyyəsini ona bağışladı və islam dinini qəbul etdi.

İmamın bərəkətli qədəmləri səbəbilə bu gözlənilməz dəyişiklikləri görən yəhudi kişi o həzrəti tanıdı, onun yüksək məqamını dərk etdi və islam dinin qəbul etdi. Ondan əvvəl İslam həqiqətinə aşiq olmuş xanımını sevgilərə və ənamlara qərq etdi.


Əhməd Sabiri Həmədani