21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

"Bunlar rövzəxanlar tərəfindən uydurulmuş sözlərdi"
17.03.2018

Bir neçə söz var ki İmam Hüseynə (ə) aid edilir. Bunların heç bir əsası və sənədi yoxdur. Birincisi məşhur olan "həyat həqiqətən əqidə və onun uğrunda döyüşmək, cihad etməkdən ibarətdir" cümləsidir. Bu cümlə imama nisbət verilir, amma bu tarixdə heç bir mənbələrdə qeyd olunmayıb. Bəzi mənbələrdə bu cümlənin misir şairələrindən birinə aid olması iddia olunub.

İkinci hədis "əgər cəddim peyğəmbərin dini mənimlə qanımla qalacaqsa, aradan getməyəcəksə, elə isə ey qılınclar doğrayın məni" bunun da heç bir tarixi sənədi yoxdur. Əksinə bunun hansısa şairin birinin nəzmə çəkdiyi, ədəbi cümlə olduğu deyilib.

Digər bir qəlb yandıran cümlə var ki, "bir qədər mənə su verin". Guya imam düşməndən su istəyib. Bu imamın dərəcəsini, izzətini, məqamını kiçildən sözdür. İmamı məzlum kimi göstərmək, camaatı daha çox ağlatmaq istəyənlər bu sözü çıxarıb. Düzdür Şəhid Mürtəza Mütəhhəri bu sözü bir qədər fərqli məna edir ki, mənbələrdə keçən mənalardan, cümlələrdən "mənə su verin" yox İmam Hüseyn meydana girdiyi zaman "su tələbində oldu" mənasında oldu ki, bu da problemli məsələ deyil. Düşmənin üzərinə hücum çəkdiyi zaman onu aradan aparıb, əli suya çatsın deyə su tələbində olur. Bu su istəmə deyil suyun dalıyca getmək mənasını daşıyır. Amma "mənə su verin" cümləsi imamın məqamından uzaq məsələdir.

Dördüncü hədis də məşhur hədisdir. "Bir kəs yoxdurmu mənə yardım etsin". Bu sözdə də məqsəd İmam Hüseynin məzlumiyyətini insanlara çatdırmaq, bir az daha çox insanları ağlada bilmək üçün çıxardılmış sözdür ki, bunun da heç bir mənbədə yeri yoxdur. Bunlar İmam Hüseynə (ə) aid edilmiş sözlərə (təhriflərə) misal idi.

Bir də bəzən qeyd edirlər ki, məsələn Həzrət Zeynəb (ə) Əli-əkbərin mübarək cəsədinin üzərinə imam gəlməmiş özünü atdı. Çünki imam onu görsəydi bədənindən ruhu çıxardı. Yəni İmam Hüseyn öz oğlunun şəhid olduğunu görsəydi ruhu bədənindən çıxardı. Ona görə də Xanım imamı qabaqladı və attı özünü cəsədin üstünə. Halbuki belə bir şey qətiyyən yoxdur. Yaxud Əli-əsğərin vurulmasında 3 başlı oxun olması var ki, bu da camaatı bir qədər ağlatmaq, bir qədər daha çox qüssələndirməkdən ötəri idi. Amma tarixdə heç bir əsası yoxdur.

İmam Hüseynin şəhadətindən sonra Əli-əsğərin qəbirdən çıxardılıb başının kəsilməsi haqqında iddialar olub. Amma görünən budur ki, bunlar hamısı insanları ağlatmaqdan ötəri bəlkə də, rövzəxanlar tərəfindən tarixə salınıb. Amma dəqiq haradan gəlib bilinmir.

İmam Hüseynin ömrünün son dəqiqələrində qətlgahda Xanım Zeynəbə "mənim yanıma gəlmə, Xeymələrə qayıt" deməsi bu sözünün də tarixi mənbəsi yoxdur.

Belə bir şey qeyd ediblər ki, Aşura gecəsində Həbib ibn Məzahir səhabələrlə əhd kəsir ki, "sabah Bəni-Haşimdən heç kim bizdən qabaq meydana getməsin". Bunun da heç bir tarixi əsası yoxdur.

Başqa bir təhrif var ki, İmam Səccad (ə) Aşura hadisəsindən İmam Hüseyn xəbər verənə kimi yataqda uzanmışdı və məlumatsız idi. Ta İmam Hüseyn o yerdə gəldi xəbər verdi ki, hamı gedib bir sən qalmısan bir də mən. Bunun da tarixi mənbələrdə heç bir əsası görünməyib.

Həmçinin başqa yerdə deyirlər guya İmam Səccad çox ağlamaqdan bir gündə iki dəfə bihuş olmuşdu və Əbu Həmzə Sumali gəlib onu təsəlli etmişdi, ona nəsihət etmişdi. Belə bir şey də yoxdur. Bunlar hamısı məzlumiyyəti artırmaq insanları ağlatmaqdan ötəri uydurulub.

Həzrət Əbəlfəzin uşaqlıqda İmam Hüseynə su gətirməsi ki, məşhur əhvalatdır. Şəhid Mütəhhəri də, Mühəddis Nuri də şiddətli tənqid ediblər. Bunlar hamısı da təhrif olaraq imamın və əshabının şəninə ləkə gətirən həqiqətlərdir. Nəinki onları məzlum göstərib, camaatı aldadıb eşq yaradan bir faktlardır.

Və ya İmam Səccadın ayaqlarının dəvənin qarnının altına bağlanmasını qeyd edirlər ki, əsirləri aparanda imama belə zülm olunmuşdu. Bunun da heç bir tarixi əsası yoxdur.

İmamın bəzi yoldaşlarının Aşura gecəsi pərakəndə olaraq çıxıb getməsi, Kufə camaatının Əhli-beytə sədəqə verməsi - bunların da tarixi əsası yoxdur.

Və həmçinin də avam camaatın Ömər Sədə Kərbəlanın ağsaqqalı deməsi var. Halbuki Ömər Səd Kərbəla hadisəsi zamanı 25 yaşlarında olub.

"Hər su içəndə məni yad edin, yaxud hər qərib və şəhid gördükdə məni zikr edin" kimi sözləri də Şeyx Abbas Qumi İmam Hüseyndən nəql olunmuş hesab etmir. Yazır İmam belə sözlər deməyib və bu rövzəxanların özlərinin artırdığı, insanları ağlatmaq üçün istifadə etdikləri sözlərdir.

Sonda bir faktı qeyd edək. Təhriflərin tənqidi yönümündə gəlmiş kitablara baxanda görürük ki, son iki əsrdə yazılıb. Son iki əsrdə yazılması da onu göstərir ki, bu təhriflərin də tarixi çox qədim deyil. Tətqiqatçılar qeyd edirlər ki, təhriflər şiə camiəsinə Səfəvi və Qacar hakimiyyəti dövründə, məşrutə illərinə qədər baş verib, daxil olub. Və bu müdətdə də təhriflərin tənqidi yönümündə kitablar yazılıb. Ondan sonra belə bir şey yoxdur.

Odur ki, bu alimlər təhriflərlə mübarizə yönündə kitablar yazıblar. Öz növbəmizdə camaatı təbliğat etməklə, ayıltmaqla bu mövzulardan xəbərdar edək və yaddan çıxartmayaq ki, əsl əzadarlıq, əsl yas saxlamaq və əsl Əhli-beyti əziz tutmaq onların başına gələnləri olduğu kimi nəql etməkdədir. Təsirli çıxsın deyə üstünə bir az da qoyub artırmaqla deyil. Əksinə bu Əhli-beytin yoluna və şəninə ləkə gətirmədkir.

Rza Əliyev