21 Noyabr 2024 - 21
Kərbəla hadisəsində ən çox danışılan mövzulardan biri də Həzrət Qasim (ə) haqqındadır.
Əvvəla qeyd edim ki, Həzrət Qasim (ə) Kərbəla şəhidlərindən biridir, İmam Həsənin oğludur. İmam Həsən (ə) şəhadətə çatanda onun 1, yaxud 3-4 yaşı olub. Tarix bu barədə biraz fərqli nəzərlər irəli sürür. Atasının şəhadətindən sonra o, İmam Hüseynin (ə) tərbiyəsi və himayəsi altında böyüdü. Kərbəla hadisəsi baş verəndə o da əmisi ilə birlikdə Kərbəla karvanına qoşulur. Tarixdə bəziləri yazır ki, məsələn Təbərinin yazdığına əsasən onun 10 yaşı var idi. Əbu Mixnəf kimi digər tarixçilər isə onun 13-14 yaşı olduğunu qeyd ediblər. Hər halda bütün tarixçilər deyirlər ki, Kərbəla faciəsi zamanı o, hələ həddi-buluğa çatmamışdı.
Onun yaşının az olmasına baxmayaraq mübarizliyi, şəhadət eşqi, dinşünaslığı bütün böyük insanlar üçün, tarixin böyük şəxsiyyətləri üçün böyük bir nümunə oldu. Kərbəlada hər kəsin şəhid olduğunu görəndə meydana getmək üçün gəlib İmam Hüseyndən (ə) icazə istəyirdi . İmam ona bir sual verir, buyurur ki, sənin nəzərində şəhadət (ölüm) nədir? Onun cavabı, həqiqətən də, nə qədər dinşünas və şəhadət eşqi ilə yaşadığını göstərir. Cavabında buyurur ki, "mənim üçün ölüm baldan şirindir". Əslində, bu cavab böyük bir mənəviyyata yetişmiş şəxsiyyətin cavabıdır ki, Qasim hələ həddi-buluğa çatmamış o zirvədə idi. Və o da gedir meydana, Kərbəlada şəhid olur. İmam Hüseyn (ə) onun nəşinin yanına gəlir, başını dizinə alır. Və İmamın qucağında canını Allaha tapşırır.
Təbii ki, onun yaşının azlığı və digər məsələlər, bəzən tarixdə təhriflərə uğrayıb. Bizim məhərrəmlik əzalarımızda, rövzə kitablarımızda məşhurdur ki, guya Qasim İmam Hüseynin (ə) Fatimə adlı qızı ilə evlənib, toy qurulub və s. Bu cür hadisələrin Kərbəlada baş verdiyini yazırlar. Amma, əslində, bu məlumatların heç bir tarixi sənədi yoxdur. Tarixdə var ki, İmam Həsənin (ə) Həsən adlı oğlu ilə Fatimənin izdivacı olub. Böyük tarixçilərdən biri Şeyx Abbas Qumi həm "Müntəhəl–Amal" kitabında, həm də "Nəfəsul-Məhmum" kitabında buyurur ki, Qasimin Fatimə ilə evlənməsini iddia edənlər Həsən ilə Qasimi qarışdırıblar. Belə ki, İmam Hüseyn tərəfindən İmam Həsənin (ə) Həsən adlı övladı ilə Fatimə evləndirilib, Qasim deyil. Şeyx Abbas Qumi qəti şəkildə buna qarşı çıxır. Mürtəza Mütəhhəri də bu hadisəni araşdırır və buyurur ki, bu hadisəni Hacı Nuri - Mühəddis Nuri də inkar edir və deyir ki, bunu ilk dəfə Şeyx Tureyhi "Muntəxəbül-Mərasi" kitabında və həmçinin Molla Hüseyn Kaşifi "Rövzətüş-şühəda" kitabında yazıb. Amma sadalanan məlumatların heç bir sənədi yoxdur, heç bir tarixi faktı yoxdur. Ona görə də Kərbəlada Qasimin toy məclisi, və ya Qasimin evlənməsi hadisəsi baş verməyib. Bu, sadəcə əsli mənbəsi olmayan bir iddiadır. Bütün rövzəxanlar və İmam Hüseynin (ə) məclislərində çıxış edənlər bu məsələni diqqətdə saxlamalıdırlar. Bunun heç bir tarixi əsası yoxdur.
Samir Ağayev