03 Dekabr 2024 - 3

03 Dekabr 2024 - 3

Əza məclislərinin əsl hədəfi
27.03.2018

İmam Hüseyn (ə) üçün təşkil edilən əza məclislərinin mühüm hədəfi odur ki, Quran və Əhli-beytin (ə) xatirəsini canlandırsın. İmam Sadiq (ə) Fuzil adlı bir nəfərə belə sual verir: "Bir yerdə əyləşib söhbət edirsinizmi?". O, müsbət cavab verən zaman İmam Sadiq (ə) buyurur: "Mən bu cür məclisləri sevirəm. Ona görə də ey Fuzil! Mənim işimi canlandırın. Allah rəhmət edər o kəsə ki, bizim işimizi dirçəldər. Hər kim bizi yada salar və ya onun yanında bizi yad edər və gözlərindən milçəyin qanadı qədər yaş gələrsə, Allah onun günahlarını - hətta əgər dənizlərin dibi qədər olsa belə - bağışlayar".

İmam Hüseynə (ə) ilk mərsiyə oxuyan və növhə deyən İmam Səccad (ə), Həzrət Zeynəb (s.ə), İmamın (ə) qızları və həyat yoldaşı Rübab olmuşdu. Onlar Kufə, Şam yolunu mərsiyə deyərək gedirdilər. Bu əza hədəfli bir əza idilər. Onlar öz mərsiyələri ilə zülmə qarşı çıxır və insanları qəflətdən ayıltmağa çalışırdılar. Ona görə bizə də lazımdır ki, Əhli-beyt (ə) müsibətinə əza saxlayaq, zamanımızın Şimrlərini (lən) tanıyaq və həmçinin İslam bayrağının kimin əlində olduğuna diqqət edək və ona yardım edək ki, bu ələm bir daha yerə düşməsin.

Əza məclislərin üç hədəfi olmalıdır: Allahı tanımaq, Aşura hadisəsi haqqında düzgün məlumat vermək, Əhli-beytə (ə) sevgini gücləndirmək.

Məsumlar (ə) bizi həmişə İmam Hüseyn (ə) üçün əza saxlamağa dəvət etmiş və bu işin fəzilətlərini bəyan etmişdilər. Belə ki, İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki, sizin Hüseyn (ə) üçün göz yaşı tökməyiniz və onun başına gələnləri danışmaq, qəbrini ziyarət etmək - sizin dünyadakı qələbənizdir. Sizə müjdə olsun ki, onunla bir yerdə Peyğəmbərin (s) yanında olacaqsınız".

İmam Sadiq (ə) buyurur: "Ey Mismə! İmam Hüseynin (ə) qəbrinə getmirsən?". Deyir: "Yox. Mən Bəsrə camaatı arasında tanınmış insanam və bizim ətrafımızda xəlifənin tərəfdarı olanlar vardır. Bu Nasibi qəbiləsində bizim düşmənlər çoxdur. Mən amanda deyiləm ki, vəziyyətimdən Süleymanın oğluna xəbər versinlər. Məni ölümə aparsınlar". Buyurur: "İmam Hüseynin (ə) başına gələnləri yada salmırsan?". Deyir: "Niyə, salıram". Buyurur: "Taqətsizlik edirsənmi?". Deyir: "Bəli, Allaha and olsun ki, göz yaşı da tökürəm. Ailəm onun təsirini məndə görür. Yemək yeməkdən çəkinirəm, o yerə qədər ki, üzümdən məlum olur". Buyurdu: Allah göz yaşlarına (görə) rəhm etsin. Bil ki, sən bizə görə taqətsizlik edənlərdənsən".

İmam Hüseyn (ə) buyurur: "Heç kəs bir damcı göz yaşını bizim üçün tökməz, məgər Allah onu behiştdə bəhrələndirər".

Həzrət İmam Rza (ə) buyurur: "Məhərrəm o aydır ki, cahiliyət dövründə insanlar o zaman müharibə etməyi haram etmişdilər. Ancaq bizim qanımızı tökməyi rəva bildilər və övladlarımızı, xanımlarını əsir tutdular, xeymələrimizə atəş vurdular. Hər nəyimiz vardırsa, qarət etdilər. Peyğəmbərin (s) hörmətini bizim haqqımızda riayət etmədilər".

Ona görə də deyə bilərik ki, əza məclislərini təşkil edən zaman ən mühüm hədəf - İmamın (ə) hədəfini tanımaq olmalıdır ki, bu hədəf əza məclislərində təbliğ edilməldir.

Bəs əza məclislərində gərək nələrdən çəkinək?
İmam Rza (ə) buyurur: "Bizim müxaliflərimiz bizim fəzilətimiz haqqımızda üç növ hədisi cəəl ediblər: mübaliğə etmək, bizim haqqımızda səhlənkarlıq etmək, bizim düşmənimizin pisliklərini bəyan etmək və onlara söyüş söymək. İnsanlar o zaman ki, mübaliğə olan hədisləri eşidirlər, bizim davamçılarımıza təkfir edirlər, bizim rübubiyyətimizə inandıqlarını onlara nisbət verərlər. O zaman ki, bizim haqqımızdakı səhlənkarlıqları eşidərlər, ona inanarlar. O zaman ki, düşmənin pisliklərini və söyüş söyülməsini eşidərlər, bizi təhqir edərlər".

Ona görə də əza məclislərində çalışmaq lazımdır ki, Əhli-beyt (ə) Allahın yerinə qoyulmasın. İnsanlar Allaha və Əhli-beytə (ə) sevgiyə dəvət olunmaq yerinə, İmamların (ə) ilahiləşdirilməsinə dəvət olunmasınlar. O kəslər ki, bu deyilənlərə riayət etməz və onun əksinə hərəkət edər, istər-istəməz düşmənlərin hədəfi yolunda hərəkət etmiş olar. İmam Hüseyn (ə) özü də bu düşmənlərdən bezar idi.

/Deyerler.org/