21 Noyabr 2024 - 21
Son bir neçə on illikdə İmam Hüseynin (ə) qiyamının araşdırılması ilə bağlı nəşr olunan və xalqın məlumatının artmasına səbəb olan dəyərli əsərlər arasında görkəmli ustad şəhid Mürtəza Mütəhhərinin dəyərli və şücaətli işi təqdirəlayiqdir. Hətta bu gün Aşura təhrifləri ilə mübarizə haqqında ciddi və dərin iş görmək istəsək, bir cəsarətli ustad Mütəhhəriyə ehtiyac var.
"Hüseynin (ə) qəhrəmanlığı" kitabının 1-ci cildində çap olunan "Aşura təhrifləri" məqaləsi bir çox tənqidçilərin yolunu açdı. Ondan öncə çox az adam Kərbəla hadisəsi sahəsində keçmiş əsərləri tənqid etməyə cəsarət edirdi. Mərhum Mütəhhərinin şücaətli addımı başqalarının da "Məqtəlül-Hüseyn", "Rövzətüş-şühəda" (Kaşifi) və ya "Əsraruş-şəhadə" (Fazil Dərbəndi) kimi əsərləri tənqid edə bilməsinə səbəb oldu.
Tarix boyu bir çox əhli-sünnə müəllifləri Kərbəla qiyamının dəyərini bilmiş, Bəni-Üməyyənin cinayətlərini şərh edən dəyərli əsərlər nəşr etmişlər. Amma təəssüflər olsun ki, sələfilər və ya vəhhabilər hələ də cinayətkar Yezidi təmizə çıxarmağa çalışırlar.
Aşura hadisəsinin təhrif olunması o tarixi gündən bir neçə gün sonra Əməvi hökuməti tərəfindən başlandı və uzun illər davam etdi. Əməvilərin məqsədi o idi ki, İmam Hüseynin (ə) qiyamını məqsədsiz iğtişaş kimi göstərsinlər, hətta şiələri bədnam etsinlər. Əməvi tərəfdarı olan tarixçilər imamı (ə) təcavüzkar və radikal biri kimi təqdim etməyə çalışırdılar.
Əhli-sünnədən Əbu Osman Əmr ibn Bəhr Cahiz (h. q. 158-255) qısa bir kitabçada Müaviyənin cinayətlərini sayır və Yezid haqqında yazır: "Müaviyədən sonra oğlu Yezid tərəfindən bir çox cinayətlər törədildi. Məkkə şəhərinə hücum, Kəbənin dağıdılması, Mədinənin hörmətinin pozulması, Hüseynin (ə) öldürülməsi bu cinayətlərdəndir". Tarix boyu İbn Teymiyyəyə qarşı olan bir çox əhli-sünnə alimi onun təhrifləri və uydurmaları haqqında çox sayda məqalələr yazmışlar.
İmama (ə) rəğbəti olanlar tərəfindən baş verən təhriflər mərhum Mütəhhərinin qeyd etdiyi kimi daha çox əfsanələşdirməyi sevən adamların meylindən mənşə almışdır. Bəzi rəğbətlilər çalışırdılar ki, İmam Hüseyndən (ə) qeyri-adi bir şəxsiyyət formalaşdırsınlar. Bir halda ki biz imamlardan (ə) fövqəladə bir insan obrazı yaratsaq, onların bizə örnək olduqlarını deyə bilmərik. Allah Quranda Peyğəmbəri (s) digər insanlar kimi adi insan olaraq göstərməyə çalışır. Onun yeganə fərqi ona vəhy gəlməsi və vəhyi xalqa çatdırmaqda əmanətdar olmasıdır. Bu təkidin səbəbi o həzrətin əfsanəvi biri olması görüntüsünün qarşısının alınmasıdır. Amma təəssüf, İmam Hüseyn (ə) və Aşura hadisəsi haqqında əfsanələşdirmə o yerə çatdı ki, düşmən ordusunun sayını beş yüz minə qədər qaldırdılar. Bu təhriflər "Rövzətüş-şühəda" kitabının müəllifi Molla Hüseyn Kaşifi kimi şəxslər tərəfindən elə yayıldı ki, hicri 10-cu əsrdən başlayaraq, əzadarları daha çox ağlatmaq üçün mümkün qədər çox əfsanələr uydurmaq adiləşdi.
Yanlış əzadarlıq o əzadarlıqdır ki, bizim əməllərimiz İslamın zəifləməsinə və şiə düşmənlərinin sevinməsinə səbəb olsun. Qəmə vurmaq (baş yarmaq), bədənə xəsarət vurmaq və ya Peyğəmbərin (s), Əli ibn Əbu Talibin (ə) və övladlarının məqsədlərinə zidd şüarlar səsləndirmək ziyanlı əməllərdir.
Aşura hərəkatını araşdırarkən görürük ki, əgər yer üzündə ilahi izzətin təcəllasını və təzahürünü görmək istəsək, onu İmam Hüseynin (ə) və fədailərinin Aşura günü söylədiyi sözlərdə axtarmalıyıq. İmam (ə) o qədər irəli gedir ki, həqiqi izzəti qazanmaq uğrunda ölməyi zillət altında yaşamaqdan və zalımlara beyət etməkdən üstün tutur və buyurur: "İzzətli ölüm zillətli həyatdan daha yaxşıdır".
Ömər ibn Sədin sərkərdələrindən biri bir daha ondan Yezidə beyət etməsini istədikdə İmam (ə) buyurur: "Xeyr, Allaha and olsun ki, mən sizə zəliltək əl vermərəm".
Aşura günü İmam Hüseyndən (ə) və fədailərindən bu növ həyabəxş və izzətli cümlələr, sözlər çox eşidilmişdir. Amma təəssüflər olsun ki, bəzi məddahların İmamın (ə) dilindən dedikləri və əzadarlardan təkrarlamalarını istədikləri şeirlər zillət iyi verir. Bu şeirlərin və növhələrin çoxu Səfəvi və Qacar mirasıdır. Nemətullah Səfəri "Hökumət" jurnalında dərc olunan "İmam Hüseyn (ə) hərəkatında izzətsevərlik" adlı dəyərli məqaləsində göstərir ki, əzadarlıq mərasimində söylənilən məntiqsiz bir şüar və ya şeir İmam Hüseyn (ə) hərəkatına şübhə yarada bilər. Məddahlar və növhəxanlar Aşura mədəniyyətini düzgün anlayaraq İmam Hüseynin (ə), fədailərinin və ailəsinin zillətini göstərəcək şeirlərin təkrarından çəkinməyə çalışmalıdırlar. Unutmayaq ki, izzət ünsürü İmamın (ə) qiyamının bütün mərhələlərində mövcuddur. Tarixçilərin bu hərəkat haqqında verdiyi məlumatları bu meyarla ölçmək və zərrəcə zillət rəngi olan məlumatı rədd etmək olar.
Tarix boyu bəzi hökumətlər əzadarlıq mərasimlərindən öz xeyirlərinə istifadə etməyə çalışmışlar. Şah Abbas Səfəvi dönəmində əzadarlıq mərasiminə tamaşa etmək, sonra sinə vuran dəstələri bir-birinin canına salmaq şahın və saray əyanlarının əyləncə vasitəsinə çevrilmişdi.
Şah Abbasın hakimiyyəti dönəmində İranda yaşayan və padşahla yaxın ünsiyyətdə olan italyan səyyah Pietro Della Valle məşhur səfərnaməsində o zamanın əzadarlıq məraismləri haqqında həqiqətən təəssüf doğuran məlumatlar verir. O, xatirələrinin bir hissəsində İsfahan meydanında əzadarlıq dəstələri haqqında müşahidələrindən söhbət açır və şahın bəzən camaatın bir-birinin canına düşməsinə şərait yaradılmasına əmr verməsini yazır:
"Dəstələr adətən İsfahan meydanını fırlanırdılar. Şahın sarayı və onun evi qarşısında olan böyük məscidin önündə bir az dayanırdılar. Əzadarlıq və dua sona yetəndən sonra dağılışırdılar. İsfahanın vəziri və şahın xəzinədarı bir qrup süvari ilə keşikdə dururdular ki, küçələrin girəcəyində müxtəlif dəstələr arsında dava-dalaş düşməsin. Dəfələrlə baş verdiyi kimi, günahsız xalq öldürülməsin, yaralanmasın".
Bu səhnələrdən tarixdə çoxdur. Belə ki, insanlar ya öz sinə və başlarına vururdular, ya da qardaşlarının üz-gözünə vururdular. Amma zalımlar əleyhinə bir kəlmə də demirdilər. Yumruqlarını onların üzünə düyünləmirdilər və ya ümumiyyətlə öz dövrlərinin zalımlarını tanımırdılar. Yaxud, daha pis, bu haqda heç bir həssaslıqları yox idi. Qacar dönəmində, xüsusilə Nasirəddin şahın dövründə onun pozğun sarayının əzadarlıq məclisləri zarafat məclislərinə çevrilmişdi.
Aşura qəhrəmanları haqda bir çox dəyərli əsərin müəllifi olan iranlı yazıçı Mahmud Həkiminin müsahibəsindən seçmələr.