23 Noyabr 2024 - 23
Aşuranın mühüm dərslərindən biri də həyadır. Aşura günü ən böyük həya dərsini verənlərdən biri həzrət Əbəlfəzldir. Aşura günü o an ki gəldi körpələr artıq susuz qaldılar. Əba Əbdullah həzrət Əbəlfəzli su gətirməyə göndərir. Həzrət də gedir suyu götürür. Adi vaxtda belə halda insanlar özü də su içər ki, suyu da daha rahat aparıb çatdırsın. Amma həzrət Əbəlfəzl özü su içmir. Bu məsələyə çox şərhlər və təhlillər var ki, niyə həmin an özü su içmədi? Ən nurani təhlillərdən biri budur ki, həzrət Əbəlfəz deyir: "Mən necə o suyu içim ki, Kərbəlada körpələr susuz qalıb." Həzrətin məntiqi həya məntiqidir. O, həya edir su içməyə. Aşuranın bizə öyrətdiyi ən böyük məsələ həyadır.
Həya o şeydir ki, bu gün 21-ci əsrdə tam surətdə onu aradan aparmaq istəyirlər. Bağça bu haqda danışmır, məktəb bu haqda danışmır, universitet bu haqda danışmır. Kütləvi informasiya vasitələri nəinki danışmır, tam bunun əksinə cürbəcür "şou-mou" əhlini verirlər. Sanki bəyanları budur ki, dırnaqarası incəsənət adına hər nə edirsən o olar və həya bura aid deyil. Nəticə! Nəticə çox sadədir. Toplumun aldığı bütün mesajlar həyanın əksinədir.
İlqar İbrahimoğlu