21 Noyabr 2024 - 21

21 Noyabr 2024 - 21

Əzadarlıqda mühüm məqamlar
24.04.2018

Bismilahir rəhmanir rəhim

Birinci məqam:

Bu məqamda əzadar öz kədərini bildirmədən, yalnız qəlbində İmam Hüseynə (ə) yas saxlayır. Bu əzadarlığın ən aşağı dərəcəsidir. Bundan aşağı dərəcə isə o həzrətin düşmənlərinin dərəcəsidir. Yəni insan İmam Hüseynin (ə) başına gələn müsibətləri eşidir, amma narahat olmur və bununla razılaşır. Bu dəstə haqqında "ziyarəti-varisdə" belə oxuyuruq:"Ləənəllahu ummətən qətələtkə və ləənəllahu ummətən səmiət bizalikə fərəziyət bihi" (Allah lənət etsin o ümmətə ki, səni qətlə yetirdi və sənə zülm etdi. Allah lənət etsin o ümmətə ki, belə bir cinayəti eşitdi və bununla razılaşdı)

Dinindən və məzhəbindən asılı olmayaraq İmam Hüseynə (ə) görə öz qəlbində qəmgin olan belə bir şəxs əqidəsinə görə savab və mükafat alır. Əhli-beytin (ə) məqamı o qədər böyükdür ki, onlar üçün görülən kiçik bir iş belə, böyük savablarla ödənilir. Hətta əgər bir kafir belə onlara xidmət göstərərsə və ya onlar qarşısında ədəbə riayət edərsə – axirətdə kafirlər nicat əhli olmadıqlarına görə – onun mükafatı elə bu dünyada ona verilər. Bundan əlavə, əgər həmin şəxsin az da olsa mənəvi ləyaqəti və hazırlığı olarsa, çox ehtimal ki, Əhli-beytin (ə) mükafatı onun hidayətinə səbəb olar.

İkinci məqam:

Bu məqamda əzadar öz etiraz və kədərini ağlamaq, qəhərlənmək, qara geyinmək, sinəyə, başa vurmaqla və sairə bu kimi müxtəlif formalarla izhar edir. Əzadar bu mərhələdə o həzrətlə bir növ ünsiyyət və ülfət qurur, ona ehtiyacı olduğunu duyur. Elə bu hisslər və yaxınlıq onu vadar edir ki, o həzrətin əzadarlığında iştirak edib bu böyük müsibətə ağlasın. İmam Hüseynə (ə) ağlayan və yas saxlayan yəhudi, məsihi və sair məzhəblərin ardıcıllarının bu münasibəti ondan xəbər verir ki, İmam Hüseyn (ə) onlar üçün bir "uzaq tanış"dır. Adətən, bu " uzaq tanış"ın əzadarın qəlbinə göstərdiyi təsir, yaratdığı məhəbbət get-gedə onu əzadarlığın sonrakı məqamına çəkib aparır.


Üçüncü məqam:

Bu məqamda əhli-beytsevərlər daha çoxluq təşkil edirlər. Əzadar İmam Hüseyn (ə) və səhabələrinin, ümumiyyətlə, Əhli-beytin (ə) haqqında zülm və cinayətlərə əl atmış zalımlara öz nifrət və etirazını bildirir və onlara lənət yağdırır. Əzadarın ikinci məqamdan üçüncü məqama qalxmasının səbəbi İmam Hüseynə (ə) olan mərifəti (onu tanıması) , o həzrətin məqamına dərin etiqadı və Aşura haqda olan anlayışıdır. Get-gedə İmam Hüseynə (ə) məhəbbətin artması əzadarı daha da duyğulandırır. Bu halda əzadar öz daxilində bir tərəfdən o həzrətin inayətinə, digər tərəfdən isə Kərbəla müsibətinə kövrəlib ağlamağa və İmamın (ə) qatillərinə sonsuz nifrətini bildirməyə ehtiyac duyur. Bu məqamda əzadarlıq savab əldə etmək niyyəti, hacətlərin rəva görülməsi və ədəb göstərmək kimi formalaşır. Üçüncü məqamda İmam Hüseyn (ə), ailəsi və səhabələrinin əzəməti ilə tanışlıq müxtəlif formalarla əzadarın gözündə təcəlla edir. Ona görə də əzadar hiss edir ki, təkcə matəm saxlamaq ona kifayət etmir. O üzdən hiss edir ki, Mühəmməd və Ali Mühəmmədin (s) , xüsusilə Seyyidüşşühədanın (ə) əzəmətini dərk etməyə daha çox ehtiyacı vardır. Özləri də bu məqamda olan bəzi rövzəxan, natiq və yazıçıların bəyanı artıq onun ac ruhunu qane etmir. Çünki hər kəs öz fəhmi qədər Əhli-beytin (ə) məqamını dərk edir. Ona görə də onların dərk etdiyi məsələlər ona kifayət etmir. Çünki o yaxşı başa düşür ki, əslində, həqiqət onların dediyindən çox-çox yüksəkdir.


Dördüncü məqam:

Demək olar ki, üçüncü məqam müsəlman və qeyri-müsəlmanlar arasında "müştərək" bir məqam, mərhələdir. Əzadarı bu məqamdan yuxarı aparan və onu Əhli-beytin (ə) həqiqi ardıcıl və əzadarları sırasına daxil edən ən əsas şey onun batini saflığı, Əhli-beytə (əleyhissəlam) olan məhəbbəti və həqiqətləri nə dərəcədə dərk etməsidir. Axı Əhli-beytin (ə) əzəmətli məqamı haqqında həqiqətləri olduğu kimi danışıb çatdırmağa kimin ləyaqəti vardır?! Əzəmətli və Uca Allahdan başqa heç kim məsumların (ə) pak vücudunu layiqli surətdə vəsf edib tanıtdıra bilməz. Beləliklə, üçüncü məqama keçəndən, zehnində bir sıra qaranlıq suallar yaranandan sonra Mühəmməd və Ali Mühəmmədin (s) xaliqi olan Allah-Taalaya üz tutur. Eyni zamanda onlara da iltimas edir ki, onu yeni bir mərifətə (bilgiyə) çatdırıb ruhunun bu mərifət susuzluğunu dəf etsinlər. O, uzun müddət gərgin araşdırmalardan və həmçinin elm və savad əhli, xüsusilə özləri dördüncü və beşinci məqamları keçmiş, Allahı, dini və Əhli-beyti (ə) insanlar arasında hamıdan artıq tanıyan ruhani və din alimləri ilə məsləhət və məşvərətdən sonra çox mühüm həqiqətlər əldə edir və mərifətə (bilgiyə) yiyələnir.

Əhli-beyti (ə) tanımaqdan ötrü ən əsas mənbələr: "Qurani-Kərim", "Ziyarəti- aşura", "Cameeyi-kəbirə", "ziyarəti-nahiyeyi-müqəddəsə"
Bu məqamdakı əzadarlıqdan məqsəd Əhli-beytin (ə) uğrunda şəhadətə yetişdiyi müqəddəs dəyərlərin dirçəldilməsi və qorunub saxlanmasıdır. Bu mərasimlər yalan, haram, təhrif və ixtilaf kimi pozucu amillərdən uzaqdır. İnsanlar bu məclislərdə iştirak etməklə hər şeydən əvvəl öz din və dini vəzifələri ilə tanış olurlar. Eyni zamanda bu məqamda olan əzadarlıq "mərifət və intiqam ruhunun yaranması" üçün bir şəraitdir. Belə məclislər Seyyidüş-şühədanın (ə) rəngini və ətrini özünə alır. Seyyidüş-şühədanın (ə) ruhu və həqiqəti belə məclislərə hakimdir. Bu növ mərasimlər bir tərəfdən xalqı İmam Hüseynin (ə) məqamı və həqiqəti ilə tanış edir, digər tərəfdən də şəhidlərin Kərbəlada gördükləri işi həyata keçirir. Yəni o həzrətin vücudunun (xalqı cəhalətdən xilas etmək, azğınlıqdan, qaranlıqdan qurtarmaq, din böyüklərinin ən əsas tövsiyələrindən olan İmam Hüseyn (ə) əzasını bərpa etmək kimi) təsirlərini intiqal edib xalqla İmam (ə) arasında bir oxşarlıq yaradır.
Bu məqamda ağlamaq əzadar üçün sırf hissi bir əməl deyildir. Əksinə, belə bir ağlamaq Kərbəla həqiqətlərini bugünkü nəslə çatdırmaq, xalqın Əhli-beyt (ə) ilə tanışlıq və bağlılığını daha da artırmaq, Həzrəti-Zəhranın (ə) (siyasi və məqsədyönlü) ağlamağını davam etdirmək, xilafət qəsbkarlarını və Əmirəlmömininin (ə) düşmənlərini təhdid etmək və onlara etiraz səsini ucaltmaqdır.

Qırılmış zəncirlər, açılmış qollar,
Zalıma, qardaşım, bir etirazdır.
Yağışlar göz yaşı, şimşəklər zəncir,
Çırpılsa yerlərə, yenə də azdır.

Ucalsın göylərə "Ya Hüseyn" səsi,
Titrətsin yerləri zəncir zərbəsi,
"Ya Zəhra!" nidası, "Əli!" nərəsi,
Haqqın dərgahında sanki namazdır.

Əhli-beytin (ə) müsibətində daim gözləri ağlar olan Mərhum Şəhid Mütəhhərinin təbiri ilə desək, "şəhidə ağlamaq onun göstərdiyi qəhrəmanlıqda onunla şərik olmaqdır."


Beşınci məqam:

Əzadar dördüncü məqamın kamil forması olan bu məqamda batini saflıqdan üstün dərin mərifətə malik bir məqama yiyələnir. Əhli-beytin (ə) dostluğuna və onların düşmənlərinə qarşı düşmənçiliyə yetişib ən çox "əmələ" üz tutur. Bu məqamda əzadar Kərbəlada baş verən müsibətə görə təkcə yas saxlamaqla kifayətlənmir. Əksinə, İslamın və Əhli-beytin (ə) insanlıq kamalı üçün buyurduğu proqramı öz həyatında reallaşdırır. Sanki öz imamı ilə bir yerdə Aşura günü Kərbəlada zülmün, fəsadın və zəmanənin cəhalətinin qarşısında dayanır.

İmam Hüseynin (ə) amalının diri qalması üçün üç əsas mərhələ:

1)Sözdə lənət: İnsanların Allah-Taala və Əhli-beyt (ə) ilə əlaqəsini kəsmək və zəiflətmək yer üzündə ən böyük xəyanət və cinayətdir. Tarix boyu bu cinayətdə əli olanlar Allah, mələklər və peyğəmbərlər tərəfindən lənətlənmişlər. Lənət aşağıdakı mənaları özündə ehtiva edir:

– Allahın rəhmət və hidayətindən uzaq düşüb səadət yolundan azmaq
– Belə bir zülmü rəva görənlərə qarğış edib əzab istəmək

"Ziyarəti-aşura"da lənətlənən zalım tayfa üç dəstədən ibarətdir:

a) Xilafəti öz həqiqi məcrasından çıxarıb qəsb etməklə Kərbəla faciəsi kimi cinayətlərin əsasını qoyan zalımlar

b) İmam Hüseyn (ə) və səhabələrini qətlə yetirən və ya bu cinayətin müqəddiməsiniöz sükutu və düşmən qoşunu ilə həmkarlıq etməklə hazırlayan zalımlar

v) Aşura günündən sonra Qiyamətə kimi yaranacaq zalımlar

2) Əməldə lənət: Təcavüzdən, İslam düşmənlərinin mədəni təcavüzündən uzaq durmaq , onların əxlaq və əqidəsindən çəkinmək. İmam Sadiq (ə) buyurur: "Bizimlə dost olduğunu iddia edib, amma bizim düşmənlərimizdən uzaqlaşmayan kəs yalançıdır."

3) İslam və Əhli-beytin (ə) düşmənləri ilə cihad etmək, tam surətdə məhv olub aradan gedənə qədər ən azından onların qüdrətini məhdudlaşdırmaq. İnsanların fitri haqlarının (tövhid) müdafiəsi lazım, küfr və şirk amilləri ilə mübarizə aparmaq zəruridir. Quran ayələrində də ilahi nuru söndürmək istəyənlərə qarşı mübarizə diqqət önünə çəkilmişdir.( Tövbə-32, Ənam-26 və s.)

Bu məqamda əzadar əbədi və doğru olan bir baxışla bir tərəfdən insana, digər tərəfdən isə din və məsum din rəhbərlərinə (ə) baxır və öz zəmanəsini dəqiq tanımaqla insani dəyərlərin düşmənlərini və həqiqi inkişafın və xoşbəxtliyin qarşısını alan maneələri tanıyır. Beləliklə, insanlara olan əbədi bir məhəbbətə söykənən ilahi və insani həyata mane olan amilləri aradan qaldırmaq üçün ayağa qalxır.

Həqiqi əzadarın İmam Hüseynin (ə) qisasçısı ilə əlaqəsi

Bu məqamda əzadarın vücudunda şiddətlə yaranan duyğu və mərifət amili onu daim İmam Zamanın (ə) müqəddəs vücuduna tərəf çəkir. Çünki İmam Hüseynin (ə) intiqamı əsl qisasçının zühuru baş vermədən mümkün deyildir. Beləliklə, əzadar bir insanın yetişməsi mümkün olan ən mühüm və ən uca məqama – intizar məqamına nail olur. Məhz buradan da əzadar üçün "hər gün Aşura və hər yer Kərbəla" məfhumu məna kəsb edir. Bu mənada ki, hər bir zaman və hər yerdə günahdan, zülmdən və s. bu kimi əməllərdən uzaqlaşır. Zalım və fəsad törədənlə mübarizə aparır. Sübh tezdən gün batanadək bəşəriyyəti düşünür və azadəliyi öz həyatının sərlövhəsi kimi müəyyən edir.


Ceyhun Cəfərov